date saat
Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2019-cu il 03 aprel tarixli “Ali və orta ixtisas təhsili müəssisələrində ixtisasların müvafiq təşkilatlara hamiliyə verilməsinə dair əlavə tədbirlər və innovasiyaların dəstəklənməsi haqqında” Sərəncamının icrasıyla əlaqədar Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyində Naxçıvan Dövlət Universitetinin Sosial idarəetmə və hüquq fakültəsinin hüquqşünaslıq ixtisasının II kurs tələbələri ilə “Ədliyyə könüllüləri” istiqamətverici layihəsi üzrə növbəti görüş Penitensiar Xidmətdə, İcra və probasiya şöbəsində, Qeydiyyat və notariat şöbəsində olmuşdur.
Penitensiar Xidmətdə olarkən xidmətin əsas fəaliyyət istiqamətləri barədə məlumat verilmişdir. Qeyd olunmuşdur ki, xidmətin vəzifələri müəyyən müddətdə azadlıqdan məhrum etmə cəzasını icra etmək, məhkumların islah edilməsini təşkil etmək, onların mühafizə və müşayiətinə, reabilitasiyasına və sosial adaptasiyasına köməklik göstərmək, habelə hüquqi maarifləndirmə göstərməkdən ibarətdir. Xidmətin cəzaçəkmə müəssisələrinin fəaliyyət istiqamətləri barədə geniş izah verilmiş, ayrı-ayrı rejim növləri barədə tələbələrə ətraflı məlumat verilmişdir.
Tələbələr probasiya üzrə müasir elektron nəzarət sistemi ilə tanış olmuşlar. Burada onlara elektron nəzarət sisteminin istifadə qaydaları izah edilmiş, məhkumlar üzərində tətbiq olunan elektron nəzarət vasitəsi ilə tanış edilərək sistemin işlənilmə qaydasını müşahidə etmişlər.
Qeydiyyat və notariat şöbəsində tələbələr burada yerləşən qeydiyyat və notariat arxivləri ilə tanış olmuşlar. Onlara arxiv işinin təşkili və tənzimlənməsi, saxlanılan sənədlərin mühafizə edilməsi barədə geniş məlumat verilmiş, əməkdaşlarla birilikdə sənədlərin arxivləşdirilməsi prosesində iştirak etmişlər.
Hər bir sahə ilə tanışlıq zamanı onları maraqlandıran suallar cavablandırılmış və təəssüratları öyrənilmişdir. Bu istiqamətdə həyata keçirilən tədbirlər gələcəkdə yeni innovativ ideya və təkliflərin yaranmasına mühüm köməklik göstərəcəkdir.
Naxçıvan Muxtar Respublikası
Ədliyyə Nazirliyinin mətbuat xidməti