date saat
İyunun 24-də Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin təşkilatçılığı ilə Babək rayonunda “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatının və notariat hərəkətlərinin aparılmasında qanunvericiliyin tələbləri” mövzusunda növbəti maarifləndirici seminar təşkil edilib. Rayon üzrə fəaliyyət göstərən inzibati ərazi dairələri üzrə nümayəndələrin iştirakı ilə keçirilən seminarı giriş sözü ilə Babək Rayon İcra Hakimiyyəti aparatının əməkdaşı Müşfiq Məmmədsoy açaraq seminarın mövzusunu elan etmişdir.
Seminarda nazirliyin Notariat bölməsinin rəisi Zülfü İsmayılovun “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatının aparılmasında qanunvericiliyin tələbləri”, Hüquqi şəxslər və vətəndaşlıq vəziyyəti bölməsinin rəisi Həbibə Əliyevanın “Doğumun, ölümün və nikahın qeydə alınması zamanı yol verilən nöqsanlar”, baş məsləhətçilər Reyhan Sadiqovanın “Ailədə uşaqların hüquqları, ad hüququ, adın, soyadın və ata adının verilməsi və dəyişdirilməsi qaydası” və Nərminə Əlizadənin “İnzibati ərazi dairəsi üzrə nümayəndəliklərdə notariat hərəkətlərinin aparılmasında qanunvericiliyin tələbləri” mövzusunda çıxışları dinlənilib.
Diqqətə çatdırılıb ki, vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı sahəsində aparılan əməliyyatlar zamanı qanunvericiliyin tələblərinə riayət edilməsi, əhaliyə göstərilən xidmət səviyyəsinin yüksəldilməsi, nöqsanlara yol verilməməsi, aparılan əməliyyatlar zamanı kargüzarlıq qaydaları ilə bağlı qanunvericiliyin tələblərinin gözlənilməsi qarşıya qoyulan əsas vəzifələrdəndir. Yerli icra nümayəndəliklərinin vəzifəli şəxsləri doğumun, ölümün, nikahın qeydiyyatı zamanı qanunvericiliyin tələblərinə əməl etməli, kargüzarlıq qaydaları qorunmalıdır. İlk növbədə Azərbaycan Respublikasının Ailə Məcəlləsinin tələbləri nəzərə alınmaqla nikahın bağlanması üçün nikaha daxil olan şəxslərin yazılı razılığı olmalı, onların nikah yaşına çatmaları və tibbi müayinədən keçmələri müəyyən edilməlidir.
Vurğulanıb ki, Ailə Məcəlləsinə əsasən uşağa ad valideynlərin razılığı ilə verilir. Uşağlara yeni adların verilməsi şəxs adlarını daha da zənginləşdirir. İcra nümayəndələri adların düzgün yazılışına da diqqət yetirməli, gülünc adların qoyulmasına imkan yaratmamalı, xüsusəndə yazılan adlar Azərbaycan ədəbi dilinin yazı qaydalarına uyğun olmalıdır. Notariat hərəkətlərinin aparılması zamanı da nöqsanlara yol verilməməli, aparılan əməliyyatlar zamanı kargüzarlıq qaydaları ilə bağlı qanunvericiliyin tələbləri gözlənilməlidir.
Çıxış edənlər hər iki sahədə qanunvericiliyin tələblərindən ətraflı bəhs etmiş, tələblərə riayət edilməsinin vacibliyini vurğulamışlar. Seminarda iştirakçılara nazirlik tərəfindən hazırlanmış “İcra nümayəndələri tərəfindən aparılan notariat hərəkətlərinin əsas məqamları”ndan bəhs edən broşurlar paylanılmış, onların maraqlandıqları sahələr üzrə suallara aydınlıq gətirilmişdir.
Naxçıvan Muxtar Respublikası
Ədliyyə Nazirliyinin mətbuat xidməti