date saat

İyunun 23-də Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin tərəfindən Naxçıvan Şəhər Məhkəməsinin inzibati binasında muxtar respublikanın birinci instansiya məhkəmələrinin aparatlarında çalışan və  məhkəmə statistikasının aparılmasına məsul olan işçilər üçün seminar təşkil edilmişdir.

Seminarda nazirliyin əməkdaşları məlumat veriblər ki, ölkəmizdə, eləcə də muxtar respublikamızda “Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikası Qanunu ilə müəyyən olunmuş qaydada hər yarımildə bir dəfədən az olmayaraq məhkəmələr tərəfindən statistik hesabatlar tərtib edilir. Həmin hesabatlar hazırlanaraq təsdiq olunduqdan sonra Ədliyyə Nazirliyinə təqdim edilir. Nazirlikdə öz növbəsində bu sahədə olan yenilikləri və bilikləri təkmilləşdirmək məqsədilə hər hesabat dövründə seminarlar təşkil edir. Vurğulanıb ki, məhkəmə statistikasının aparılması hesabat dövrü ərzində məhkəmələrin icraatında olan işlərin ümumiləşdirilməsinin aparılması, təhlil edilməsi və onların təsnifatının müəyyənləşdirilməsi nəzərdə tutulur.

Eyni zamanda məhkəmə fəaliyyətinə dair statistik hesabat formalarının işlənilməsi diqqətdə saxlanılır, bununla bağlı tədbirlər görülür və yeniliklər qanunvericiliyin tələblərinə uyğunlaşdırılır. Seminarda nazirliyin əməkdaşları tərəfindən məhkəmə işçilərinə statistik hesabatların işlənməsi qaydaları geniş şəkildə izah edilmiş, kargüzarlıq sahəsində qanunvericiliyin  tələbləri ilə bağlı lazımi tövsiyələr verilmişdir. Bildirilmişdir ki, statistik hesabat formaları düzgün və səlis tərtib olunmalıdır .

Seminarda mövzu ilə bağlı geniş müzakirələr aparılmış, iştirakçıları maraqlandıran suallar aydınlıq gətirilmiş və onlara yarımilin sonu ilə əlaqədar istifadə edilməsi üçün statistik hesabat formaları təqdim edilmişdir.

 

     Naxçıvan Muxtar Respublikası

Ədliyyə Nazirliyinin mətbuat xidməti