date saat
Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyi məhkəmə və digər orqanların qərarlarının düzgün və vaxtında icra olunmasına xüsusi diqqət yetirir, əhaliyə göstərilən hüquqi xidmətin yaxşılaşdırılması istiqamətində təsirli tədbirlər həyata keçirir. Bu istiqamətdə profilaktika və hüquqi maarifləndirmə işi də mütəmadi olaraq davam etdirilir. Bu sahədə növbəti profilaktiki tədbir iyunun 22-də Culfa rayonunun Əbrəqunus Kənd Mərkəzində keçirilib. Tədbirdə Culfa rayon İcra və Probasiya Bölməsinin icraatında olan icra işləri üzrə borclu şəxslər iştirak ediblər.
Tədbirdə çıxış edən nazirliyin İcra və probasiya şöbəsinin rəisi baş ədliyyə müşaviri Emin Kazımov məhkəmə və digər orqanların qərarlarının vaxtında icra edilməsi, icradan qərəzli olaraq boyun qaçıran, ödəmələrini vaxtında yerinə yetirməyən, ödəmələrdən yayınan və qərarların icrasına laqeyd yanaşan borcluların icraya cəlb edilməsi, fiziki və hüquqi şəxlərin hüquqlarının və qanuni mənafelərinin qorunması sahəsində həyata keçirilən profilaktik tədbirlərin əhəmiyyəti barədə danışıb.
İcra və probasiya şöbəsinin aparıcı məsləhətçisi I dərəcəli ədliyyə qulluqçusu Rahib Səfərov çıxış edərək bildirib ki, məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun tələbləri ölkə ərazisində bütün orqanlar, hüquqi şəxslər, onların vəzifəli şəxsləri və fiziki şəxslər üçün məcburidir. Qərarların icrası ədalət mühakiməsinin yüksək keyfiyyətinə, vətəndaşların hüquq və azadlıqlarının qorunmasına xidmət edir.
Nazirliyin İstintaq bölməsinin rəisi, ədliyyə müşaviri Zamin Nəbiyev məhkəmə qərarlarının icra etməyənlər barəsində görülən tədbirlərdən danışıb. Bildirib ki, məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun tələblərini yerinə yetirməyən, onlara həvalə edilmiş vəzifələrin icrasına mane olan, məhkəmə və digər orqanların qərarları üzrə üzərlərinə düşən öhdəlikləri vaxtında icra etməyən və ya ödənişləri gecikdirən borclular Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyırlar. İlkin olaraq icra məmurunun tələblərininin yetrilməməsinə görə təqsirkar şəxslər inzibati məsuliyyətə, eləcə də icra sənədi qərəzli olaraq icra edilmədikdə, məhkəmə qərarını icra etməyə borclu olan şəxslər qanunvericiliklə nəzərdə tutulmuş qaydada cinayət məsuliyyətinə cəlb olunurlar.
Tədbirdə mövzu ilə əlaqədar borclularla geniş müzakirələr aparılıb, icra sənədi üzrə nəzərdə tutulan ödəmələrin vaxtında ödənilməsinin vacibliyi qeyd edilib.
Naxçıvan Muxtar Respublikası
Ədliyyə Nazirliyinin mətbuat xidməti