date saat

Müasir dövrdə əsas təsir obyekti olaraq resurslar arasında informasiya mübadiləsinin, milli resursların məxfiliyinin qorunub saxlanılması tələb olunur. Bu mənada ölkəmizdə, o cümlədən muxtar respublikada informasiya təhlükəsizliyinə xüsusi diqqət yetirilir. Artıq bu məqsədlə dövlət qurumlarında informasiya təhlükəsizliyinin təmin olunması üçün hüquqi-normativ aktlar hazırlanıb və müəyyən addımlar atılıb. Belə ki,  Naxçıvan Muxtar Respublikası Nazirlər Kabinetinin 2022-ci il 6 aprel tarixli, 93 nömrəli Qərarı ilə “Naxçıvan Muxtar Respublikasının dövlət qurumlarında informasiya təhlükəsizliyinin təminatı üzrə Nümunəvi Təlimat” təsdiq edilib. Təlimatda dövlət qurumlarında informasiya təhlükəsizliyinin təşkili və təmini qaydaları, habelə struktur bölmələr və əməkdaşlar üçün informasiya təhlükəsizliyi sahəsində məcburi tələblər müəyyənləşdirilib.

 

Yeni texnologiyalardan, internet resurslarından istifadə edilməsi zamanı müəyyən problemlər meydana çıxır ki, bu da informasya təhlükəsizliyinin təmin olunması və informasiya-kommunkasiya texnologiyalarından düzgün və təhlükəsiz istifadəni təmin etmənin zəruriliyini ortaya qoyur, informasiya daşıyıcılarından düzgün istifadəni gündəlik fəaliyyətin əsas məsələlərindən birinə çevirir. Ədliyyə orqanlarında informasiya təhlükəsizliyinin təmin edilməsi məqsədilə müvafiq tədbirlər görülür, bu istiqamətdə görülən işlərə xüsusi diqqət göstərilir. Qeyd edək ki, Nümunəvi Təlimata uyğun olaraq Ədliyyə Nazirliyinin fəaliyyət istiqamətləri nəzərə alınaraq informasiya təhlükəsizliyinin təminatı üzrə “Naxçıvan Muxtar Respublikasının ədliyyə orqanlarında informasiya təhlükəsizliyinin təminatı üzrə Təlimat” təsdiq edilmişdir.

İyunun 17-də ədliyyə orqanlarında çalışan işçilərin bu istiqamətdə maarifləndirilməsi məqsədilə tədbir təşkil edilmişdir. Nazirliyin aparatının və Məhkəmə Ekspertizası Mərkəzinin əməkdaşlarının iştirak etdiyi tədbirdə vurğulanıb ki, hər bir əməkdaş təhkim olunmuş rabitə vasitələrindən, informasiya daşıyıcılarından, kompüterdən, daxili şəbəkə və internetdən yalnız xidməti məqsədlər üçün istifadə etməlidir. Ədliyyə qulluqçusu tərəfindən şəxsi məlumatları təhkim olunmuş kompüterə köçürmək, şəxsi istifadədə olan rabitə xətlərini icazəsiz başqa qurğulara birləşdirmək, əlavə telefon aparatı qoşmaq, mobil telefonu, USB avadanlıqlarını təhkim olunmuş kompüterə hər hansı məqsəd üçün qoşmaq, habelə qanuna zidd və zərərli proqram təminatlarından istifadə yol verilməzdir. Qeyd edilib ki, elektron poçt ünvanlarından istifadə edən zaman diqqətli olmalı, xidməti istifadə üçün dövlət qurumlarında tətbiqinə icazə verilmiş və təhlükəsizliyi müəyyən edilmiş elektron poçt ünvanından istifadə olunmalıdır.

Tədbirdə təlimatda qeyd edilən bütün zəruri tələblər əməkdaşların diqqətinə çatdırılıb, onları maraqlandıran suallar cavablandırılıb.

 

     Naxçıvan Muxtar Respublikası

Ədliyyə Nazirliyinin mətbuat xidməti