date saat
İyunun 16-da Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyi və Dövlət Vergi Xidmətinin birgə təşkilatçılığı ilə Şərur rayonunda bələdiyyə sədrləri və qulluqçularının iştirakı ilə “Yerli vergilərin və ödənişlərin ödənilməsini tənzimləyən qanunvericilikdən irəli gələn vəzifələr və məsuliyyət” mövzusunda maarifləndirici seminar keçirilib.
Seminarı giriş sözü ilə Şərur rayon İcra Hakimiyyəti aparatının Ərazi idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsinin müdiri Sahib Qurbanov açaraq keçirilən maarifləndirici tədbirin əhəmiyyətini qeyd edib.
Seminarda Ədliyyə Nazirliyinin Bələdiyyələrlə iş mərkəzinin rəisi, kiçik ədliyyə müşaviri Xəyal Eyvazov “Yerli vergilərin yığılmasında bələdiyyələrin hüquq və vəzifələri” və Qanunvercilik bölməsinin rəisi ədliyyə müşaviri Ayaz Məhərrəmov “Pul tələblərinə dair inzibati aktların qəbulu ilə bağlı qanunvericiliyin tələbləri”, Dövlət Vergi Xidmətinin böyük dövlət vergi müfəttişi Famil Həsənov “Bələdiyyə vergilərinin hesablanması və vergi borcunun ödənilmə qaydası” mövzularında çıxış ediblər.
Vurğulanıb ki, muxtar respublikada həyatın bütün sahələrində tərəqqinin təmin olunduğu dövrdə bələdiyyə orqanlarının fəaliyyətində inkişaf zərurətə çevrilmişdir. Bələdiyyə orqanlarının fəaliyyətinin səmərəliliyi onların maliyyə təminatı ilə bağlıdır. Bələdiyyələrin maliyyə imkanlarının artması bu orqanların qarşısında duran yerli əhəmiyyətli məsələlərin həllində əsas amildir. Bu gün yerli vergi və ödənişlərin yerli büdcələrə ödənilməsinin təmin olunması istiqamətində bələdiyyələrə zəruri köməyin göstərilməsi məqsədilə ilə müvafiq tədbirlər görülür. Çıxış edənlər yerli vergilərin və ödənişlərin hesablanması və ödənilməsi ilə bağlı bələdiyyələrin hüquq və vəzifələri, eyni zamanda bələdiyyə mülkiyyətində olan torpaqların mülkiyyət və icarə hüququ ilə hüquqi və fiziki şəxslərə verilməsi barədə qanunvericiliyin tələblərini diqqətə çatdırıblar. İştirakçılar torpaq vergisinin dərəcələri, hesablanma tarixi, məbləği və ödənilmə müddəti barədə qanunvericilikdə nəzərdə tutulan qaydalar haqqında məlumatlandırılıb.
Seminar iştirakçılarına “Metodik sənədlər toplusu” və “Dövlət büdcəsindən yerli büdcələrə maliyyə vəsaitinin (dotasiya və subvensiyanın) ayrılmasına və istifadəsinə dair” metodiki vəsaiti təqdim edilib. Mövzu ətrafında müzakirələr aparılıb və iştirakçıları maraqlandıran suallara aydınlıq gətirilib.
Naxçıvan Muxtar Respublikası
Ədliyyə Nazirliyinin mətbuat xidməti