date saat

Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 25 iyun 2021-ci il tarixli “Ali və orta ixtisas təhsili müəssisələrində ixtisasların müvafiq təşkilatlara hamiliyə verilməsinə dair əlavə tədbirlər haqqında” Sərəncamının icrası istiqamətində işlər davam etdirilir. Naxçıvan Dövlət Universitetinin Beynəlxalq münasibətlər və hüquq fakültəsinin hüquqşünaslıq ixtisası üzrə qiyabi təhsil alan I kurs tələbələrinin Ədliyyə Nazirliyi tərəfindən qeydiyyat, notariat və icra sahəsində görülən  işlərlə  əyani tanışlığı təmin edilmişdir.

Gündəlik iş prosesində iştirak edən tələbələrə əvvəlcə Naxçıvan Şəhər 1 saylı Nikah Evində qeydiyyat sahəsində görülən işlər barədə ətraflı məlumat verilib. Onlara vətəndaşların müraciətlərinə baxılmasına dair qanunvericiliyin tələbləri barədə ətraflı məlumat verilmiş, nikaha daxil olmaq üçün ərizə ilə müraciət edən şəxslərin nikah qeydiyyatı aparılması proseduru izah edilmişdir. Tələbələr nikah əməliyyatlarının aparılması zamanı tələb olunan sənədlərlə və bu sahədə kargüzarlığın aparılması qaydaları ilə əyani şəkildə tanış olublar.

Naxçıvan Şəhər 2 saylı Notariat Ofisində olan tələbələrə notariat hərəkətləri, notariat hərəkətləri aparılmasının əsas qaydaları, notariat hərəkətləri aparılan zaman dövlət rüsumunun ödənilməsi qaydaları və notariat hərəkətlərinə dair qanunvericiliyin əsas müddəaları haqqında məlumat verilmişdir. Ofisdə olan tələbələr iş prinsipi ilə praktiki olaraq tanış olmuş, onları maraqlandıran suallara aydınlıq gətirilmişdir.

Daha sonra tələbələr Naxçıvan Şəhər İcra və Probasiya Şöbəsində olaraq qurumun iş fəaliyyəti ilə yaxından tanış olaraq icra işlərinin aparılmasında yaxından iştirak etmişlər. İcra sahəsində aparılan kargüzarlıq işi, icra məmurlarının qəbul etdiyi qərarlar, tərəflərin icra işi üzrə məsuliyyəti barədə tələbələrə geniş məlumat verilmişdir.

Təcrübə müddətində tələbələrin maraqlandıqları sahələr barədə suallar cavablandırılmış, keçirilən  tədbirin əhəmiyyətindın danışılmışdır.

 

     Naxçıvan Muxtar Respublikası

Ədliyyə Nazirliyinin mətbuat xidməti