date saat

Ədliyyə Nazirliyinin təşkilatçılığı ilə “Məhkəmə ekspertizasının aktual məsələləri” mövzusunda Məhkəmə Ekspertizası Mərkəzində Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyi, Naxçıvan Muxtar Respublikası Prokurorluğu və Naxçıvan Muxtar Respublikası Hərbi Prokurorluğunun bir qrup əməkdaşlarının iştirakı ilə praktiki seminar keçirilmişdir.

Seminarı Məhkəmə Ekspertizası Mərkəzinin rəisi, ədliyyə müşaviri Rafiq Cəfərov giriş sözü ilə açaraq, iştirakçılara Məhkəmə Ekspertizası Mərkəzində həyata keçirilən ekspertizalar haqqında məlumat verərək bildirmişdir ki, daxil olan ekspertiza işlərinin sayı ilbəil artır. 2018-ci ildə daxil olan ümumi işlərin sayı 245 ekspertiza işinə çatmışdır. Daxil olan hər bir iş dəqiq təhqiq olunur, nəticəsindən asılı olaraq rəy və arayışlar tərtib olunur.

Ekspertlərin ixtisasının artırılması diqqət mərkəzində saxlanılır.Hər il mərkəzin ekspertlərinin Bakı şəhərində ixtisasartırma kurslarına göndərilməsi, bütün ekspertiza sahələri üzrə qabaqcıl ölkələrin təcrübəsinin öyrənilməsi təşkil edilir.

Sonra seminar iştirakçılarına böyük ekspert, I dərəcəli ədliyyə qulluqçusu Səməd Şaxtaxtinskinin iştirakı ilə Məhkəmə Ekspertizası Mərkəzinin atəş zalında məhkəmə-ballistik ekspertizası sahəsi üzrə mərkəzdə olan müasir avadanlıqlarla və onların iş prinsipi ilə bağlı məlumat verilmişdir.  Ballistik-trasoloji laboratoriyada daktiloskopiya sahəsi üzrə tətbiq edilən yeni metodik üsullar və kimyəvi tozlarla işləmə metodu, müxtəlif tipli obyektlər üzərindən izlərin götürülməsi ilə bağlı ekspert, I dərəcəli ədliyyə qulluqçusu Samir Məmmədov, narkotik vasitələrin və psixotrop maddələrin ekspertizasının aparılması zamanı istifadə olunan müasir avadanlıqlar və bütün ekspertiza sahələri üzrə maddi sübutların düzgün qablaşdırılması qaydaları haqqında isə böyük ekspert, I dərəcəli ədliyyə qulluqçusu Bayram İsmayılov məlumat vermişdir.

Sonda seminar iştirakçılarının sualları cavablandırılmışdır.

  

     Naxçıvan Muxtar Respublikası

Ədliyyə Nazirliyinin mətbuat xidməti