date saat

Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2021-ci il 25 iyun tarixli “Ali və orta ixtisas təhsili müəssisələrində ixtisasların müvafiq təşkilatlara hamiliyə verilməsinə dair əlavə tədbirlə haqqında” Sərəncamından irəli gələn vəzifələrin icrası istiqamətində görülən tədbirlər davam etdirilir. Ötən iki gün ərzində Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin və Gənclər Fondunun birgə təşkilatçılığı ilə  “İcra simulyasiyası” layihəsi həyata keçirilmişdir. Layihədə Naxçıvan Dövlət Universitetinin Beynəlxalq münasibətlər və hüquq fakültəsinin hüquqşunaslıq ixtisası üzrə təhsil alan I kurs tələbələri iştirak etmişdir.

İlk gün tələbələrə icra prosesi ilə əlaqədar kargüzarlığın aparılması qaydaları izah olunmuş, elektron nəzarət vasitələri ilə əyani tanış edilmiş, tətbiqi xüsusiyyətləri ilə bağlı qanunvericiliyini tələbləri haqqında məlumat verilmişdir. Həmin gün tələbələr qruplar halında məhkəmə və digər orqanların qərarlarının icrası prosesinin canlandırılmasını həyata keçirmiş, icra işi üzrə icraat üzrə tələbkar, borclu və icra məmuru qismində öz bacarıqlarını nümayiş etdirmişlər.

Növbəti gün isə Gənclər Fondunda tələbələrin iştirakı ilə simulyasiyanın yekunu ilə əlaqədar tədbir keçirilmişdir. Tədbirdə Gənclər Fondunun əməkdaşı Xanım İbrahimova keçirilən simulyasiyaların əhəmiyyətindən danışmış, keçirilən bu cür tədbirlərin tələbələrin bilik və bacarıqlarının daha da artırılmasına xidmət etdiyini qeyd etmişdir.

 

Nazirliyin İcra və probasiya şöbəsinin rəis müavini I dərəcəli ədliyyə qulluqçusu Rəşad Allahverdiyev isə bildirib ki, bu layihənin keçirilməsində məqsəd hüquqşunaslıq ixtisası üzrə təhsil alan tələbələrin icra sahəsində bilik və bacarıqlara yiyələnməsinə, bu sahədə nəzəri biliklərinin ortaya çıxarılmasına və gələcək üçün daha potensiallı kadrların yetişdirilməsinə yönəlmişdir.

Həyata keçirilmiş layihə tələbələr tərəfindən maraqla qarşılanmış, onların praktiki biliklərə yiyələnmələrinə və bu sahə üzrə peşə bacarıqlarının əldə olunmasına müsbət təsir etmişdir. Tədbirin sonunda tələbələri maraqlandıran suallar cavablandırılmış, layihədə fəal iştirak edən tələbələrə təşkilatçılar tərəfindən diplomlar təqdim edilmişdir.

 

    Naxçıvan Muxtar Respublikası

Ədliyyə Nazirliyinin mətbuat xidməti