date saat
Ölkəmiz tərəfindən də qəbul edilən BMT-nin Uşaq Hüquqları Konvensiyasında göstərilir ki, 18 yaşınadək olan hər kəs uşaq sayılır. Uşaq əməyinin istismarı 18 yaşından az olan şəxslərin fiziki, mənəvi, əxlaqi baxımdan onlara zərər verən və onları təhsildən yayındıran, istismara məruz qoyan işlətmə formasıdır. Beynəlxalq konvensiyaya görə 15-yaşdan aşağı işləyənlər uşaq işçi, 15-18 yaşarası işləyənlər isə gənc işçi kimi qəbul edilir.
Uşaq əməyinin istismarı məsələsi ilk dəfə olaraq beynəlxalq səviyyədə 1989-cu ildə BMT-tərəfindən Uşaq Hüquqları Konvensiyasının qəbul edilməsiylə dünyanın gündəminə gəlib. Həmin dövrdən etibarən beynəlxalq səviyyədə uşaq əməyinin istismarıyla əlaqədar mübarizə tədbirləri həyata keçirilir. Görülən işlər nəticəsində problemin həlli istiqamətində xeyli irəliləyişlər müşahidə olunsa da bu neqativ halın tamamilə aradan qaldırlması mümkün olmamışdır.
Uşaq əməyinin istismarına dünyanın bütün regionlarında, xüsusilə də inkişaf etməmiş və az inkişaf etmiş ölkələrdə rast gəlinməkdədir. Araşdırmalara görə regional bölgü üzrə uşaq əməyindən Afrika, Cənub Şərqi Asiya, Kanar adaları, Latın Amerikasında daha çox istifadə olunur. Statistikaya görə, dünya üzrə 150 milyondan çox uşaq əməyə cəlb edilib ki, onların da təxminən 17%- ə qədəri təhlükəli işlərdə çalışırlar.
Uşaq əməyinin istismarının səbəbləri müxtəlifdir. Yoxsulluq, təhsil səviyyəsinin aşağı olması, işəgötürənlərin ucuz işçi qüvvəsi kimi uşaq əməyindən istifadədə maraqlı olmaları əsas səbəblərdəndir. Uşaq istismarına şərait yaradan səbəblər içərisində yaşadıqları ölkənin, cəmiyyətin təsiri ilə yanaşı valideynlərin də müəyyən rolu vardır. Belə ki, bəzi regionlarda uşaqların əməyindən ailə təsərrüfatında geniş istifadə edilir. Torpaqla məşğulçuluq, heyvandarlıq sahələrində daha az yaşından uşaqlar pulsuz işləməyə başlayırlar. Dünyada geniş yayılmış ənənələrdən olan uşaqların erkən nikaha cəlb edilməsi(daha çox qızların)nəticəsində ev və ailə işləri ilə məşğul olmaları da onların əməyinin istismarının bir növüdür. Uşaqların işləməsi dünya miqyasında mövcud reallıqdır və bu hal uşaqların sağlamlıqlarına mənəvi və fiziki cəhətdən mənfi təsir edir. Uşaqların böyüklərlə eyni yüklə işlədilməsi onların fiziki cəhətdən zəifləmələri və immunitetlərinin aşağı düşməsinə səbəb olur. İşləyən, qazanc əldə edən uşaqlar erkən yaşda maddi məsuliyyətlə yüklənməklə yanaşı, həm də valideynlərinə qarşı itaətsiz olurlar. Belə uşaqlar yeniyetməlik mərhələlərini çətin keçirir, bəzi hallarda zərərli vərdişlərə aludə olurlar. Ən böyük mənəvi təsirlərdən biri də uşaq yaşda işləyən insanların təhsil ala bilməməsidir. Təhsilsiz fərd isə özünü inkişaf etdirə bilmir və həyatının geri qalanını məhdud bir çevrənin əhatəsində yaşamaq məcburiyyətində qalır. Uşaqların erkən yaşda işə cəlb edilməsi həmdə onların sosiallaşmasına və cəmiyyətə inteqrasiyasına və eyni zamanda yaşadıqları ölkələrin inkişafına da mənfi təsir edir.
Uşaq əməyinin istismarı qloballaşma dövründə bütün dünya ölkələrini narahat edən problemə çevrildiyindən uşaq əməyininin istismarının qarşısının alınması və aradan qaldırılması üçün zəruri addımların atılmasının vacibliyini tələb edir. Uşaq əməyinin ən pis formalarında uşaq məşğulluğuna son verilməsi, eləcə də onların fiziki və psixi zədələnmələrindən sonra qarşılaşdıqları çətinliklərin aradan qaldırılması və cəmiyyətə inteqrasiyası üçün müvafiq tədbirlərin görülməsi məqsədilə Beynəlxalq Əmək təşkilatı tərəfindən “Uşaq əməyinin ən pis formaları” haqqında Konvensiya qəbul edilmişdir. Həmin Konvensiyaya əsasən hər növ köləlik, məsələn, uşaqların satılması və ticarəti, borc köləliyi və təhkimçilik, habelə silahlı münaqişələrdə istifadə üçün qaçqın və kökçün uşaqların məcburi əməyə, qeyri-əxlaqi işlərə cəlb olunması, xüsusilə də narkotiklərin istehsalı və satışı üçün qanunsuz fəaliyyət göstərmək üçün uşaqların istifadəsi, işə götürülməsi, təbiətinə və ya yerinə yetirilmə şərtlərinə görə uşaqların sağlamlığına və təhlükəsizliyinə zərər verə biləcəyi işlər qadağandır. Ümumiyyətlə uşaqlar barəsində görülən bütün tədbirlərdə ilk öncə uşaqların ən ümdə maraqları nəzərə alınmalıdır. Bu fikir “Uşaq Hüquqları Konvensiyası”nın 3-cü maddəsində öz əksini tapmışdır.
Dünya ölkələri ilə müqayisədə ölkəmizdə uşaq əməyinin istismarı xeyli aşağı səviyyədə olsa da statistikada bu cür hallara təəssüfki rast gəlinir. Ölkəmiz dövlət müstəqilliyini əldə etdikdən sonra qeyd olunan problemlərin aradan qaldırılması istiqamətdə xeyli işlər görülmüşdür. Belə ki, 1992-ci il 21 iyul tarixində BMT-nin“Uşaq hüquqlarına dair Konvensiyası”na, həmçinin sonradan həmin Konvensiyanın müvafiq protokollarına qoşulmuş, dövlət hüquq sisteminin əsasını təşkil edən Konstitusiya və qanunlarla uşaq hüquqlarına etibarlı təminat mexanizmləri yaradılmış, uşaqların məşğulluğu ilə əlaqədar əsas məqamlar əmək qanunvericiliyində öz əksini tapmışdır. Ölkəmizdə aparılan mübarizə tədbirləri və maarifləndirmə işləri nəticəsində uşaq əməyinin istismarı halları xeyli azalmış, muxtar respublikamızda isə tamamilə aradan qaldırılmışdır.
Uşaqların mənəvi psixoloji inkişafına təsir edəcək işlərə cəlb edilməməsinə dövlət-hüquq nəzarəti ilə yanaşı həm də cəmiyyət və valideynlər də məsuliyyət daşımalıdırlar. Cəmiyyətin ən həssas kateqoriyası olan uşaqlara daim diqqətlə yanaşılmalı, onların sağlamlığına, hərtərəfli şəxsiyyət və layiqli vətəndaş kimi formalaşmasına mənfi təsir edəcək işlərə cəlb edilməmələdirlər. Bugunun uşaqları gələcəyin valideyni, yaradıcısı, qurucusu, idarəedicisidir. Unudulmamalıdır ki, uşaqların ən böyük hüququ uşaqlıqlarını yaşamalarıdır. Qeyri-qanuni işlərə cəlb edilmələrinə mane olmaq, onların bu hüquqlarına hörmət etmək cəmiyyətin hər bir üzvünün borcudur.
Nuranə Kərimova
Ədliyyə Nazirliyinin əməkdaşı
01 iyun 2022-ci ildə "Naxcivanxeberleri.com" saytında dərc edilmişdir