date saat
Muxtar respublikamızda uğurla həyata keçirilən dövlət gənclər siyasətinə uyğun olaraq yeni nəsil kadrların ədliyyə orqanlarına şəffaf müsabiqə yolu ilə qulluğa qəbulu, layiqli vətəndaş və ədliyyə qulluqçusu kimi formalaşdırılması, onların bilik, bacarıq və potensialından səmərəli istifadə olunması istiqamətində məqsədyönlü işlər görülür. Dövlət gənclər siyasətinə uyğun olaraq Ədliyyə Nazirliyinin kadr korpusunun yeni nəsil gənc mütəxəssislərlə möhkəmləndirilməsi istiqamətində ardıcıl tədbirlər görülür, aşkarlıq şəraitində açıq müsabiqələr keçirilir.
Bu tədbirlərin davamı olaraq nazirliyin yerli icra və probasiya qurumlarında vakant icra məmuru vəzifələrinin tutulması üçün 01 fevral 2022-ci il tarixdə müsabiqə elan edilmiş, vakansiyaya sənəd qəbulu 01 aprel 2022-ci il tarixdə başa çatmışdır. Aprel ayında müsabiqənin test mərhələsi keçirilmiş, 6 namizəd keçid balını toplayaraq növbəti mərhələdə iştirak etmək hüququ qazanmışdır.
İyunun 1-də müsabiqənin müsahibə mərhələsi keçirilmişdir. Müsahibə zamanı namizədlərə ixtisasına, iddia etdiyi vəzifənin qulluq funksiyasına, peşə hazırlığına və dünya görüşünə uyğun suallar verilmişdir. Müsabiqənin test mərhələsində uğur qazanmış namizədlər, eləcə də nazirliyin Məhkəmə Ekspertizası Mərkəzində vakant ekspert vəzifəsi üzrə 1 namizəd müsahibə mərhələsində iştirak etmişdir.
Qanunvericiliyə uyğun olaraq keçid balını toplamış namizədlər “Ədliyyə orqanlarında qulluq keçmə haqqında” Azərbaycan Respublikası Qanununa uyğun olaraq Ədliyyə Akademiyasının təşkil etdiyi icbari təlimə cəlb olunacaqlar.
Naxçıvan Muxtar Respublikası
Ədliyyə nazirliyinin mətbuat xidməti