date saat
Bu gün dünyanın müxtəlif ölkələrində cərəyan edən hadisələrə nəzər saldıqda görürük ki, uşaqlar müharibə dəhşətləri yaşayır, bir çoxu savaşın qurbanı olur, ya da döyüşlərdə valideynlərini itirərək təhsil və tərbiyədən uzaq düşürlər. Sevindirici haldır ki, bu gün ölkəmizdə və muxtar respublikamızda uşaqlar sağlam mühitdə, dövlətin və valideynlərinin himayəsi və qayğısı ilə böyüyürlər.
Bu gün dünyada uşaq hüquqlarının müdafiəsini təmin etmək üçün beynəlxalq və milli mexanizmlər mövcuddur. Uşaq hüquqlarının təminatı ilkin olaraq ali hüquqi qüvvəyə malik olan Konstitusiyamızda öz əksini tapır. Orada qeyd olunduğu kimi, cəmiyyətin əsas özəyi olan ailə dövlətin xüsusi himayəsindədir. Uşaqların qayğısına qalmaq, onları müdafiə etmək isə ailənin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir. Uşaq ailənin davamçısı olduğu kimi, dövlətin də gələcəyidir.Uşaq hüquqlarının təmin olunması valideynlərlə yanaşı, dövlətin də qarşısında duran əsas məqsədlər sırasındadır. Çalışmalıyıq ki, dövlətimizin gələcəyi olan uşaqlar sağlam mühitdə layiqli vətəndaş kimi böyüsün. Çünki yalnız təhsilli, savadlı, intellektual səviyyəli və ictimai həyatda fəal uşaqlar sabahın layiqli gəncliyi kimi dövlətə və xalqa xidmət göstərə bilər. Təsadüfi deyil ki, ölkədə gələcəyin vətənpərvər, intellektual gəncliyi olan bugünkü uşaqların firavan həyat səviyyəsinin, təlimtərbiyəsinin, fizikimənəvi sağlamlığının təmini istiqamətində sistemli və ardıcıl siyasət həyata keçirilir.
Bu siyasətin tərkib hissəsi olaraq, Naxçıvan Muxtar Respublikasında da uşaqlara hərtərəfli qayğı göstərilir, onların təhsili, sağlamlıqlarının qorunması, istedadlarının üzə çıxarılması, intellektual və mənəvi inkişafı, asudə vaxtının və tərbiyəsinin düzgün təşkili və cəmiyyətin ictimaimədəni həyatındakı iştiraklarının təmin edilməsi diqqətdə saxlanılır. Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2012-ci il 24 may tarixli Fərmanı ilə “Naxçıvan Muxtar Respublikasında uşaq hüquqlarının həyata keçirilməsinə dövlət nəzarəti Qaydası” təsdiq edilib, uşaq hüquqlarının müdafiəsi üçün dövlət qurumları arasında koordinasiya və nəzarət sistemi təkmilləşdirilib, monitorinq qrupları yaradılıb.
Muxtar respublikada uşaqların təhsili də daim diqqət mərkəzində saxlanılan sahələrdəndir. İstifadəyə verilən müasir madditexniki bazaya malik təhsil ocaqları təhsilin keyfiyyətinin yüksəldilməsinə, yüksəkixtisaslı kadr potensialının artırılmasına şərait yaradır. Uşaqların təhsili ilə yanaşı, sağlamlığının qorunması da bu siyasətin tərkib hissəsi olaraq mühüm əhəmiyyət kəsb edir. Belə ki, uşaqlara tibbi yardım göstərən tibb müəssisələrinin madditexniki bazasının yaxşılaşdırılması, onların müasir tibbi texnika və avadanlıqlarla təchiz edilməsi, yeni tibbi texnologiyaların tətbiqi istiqamətlərində mühüm addımlar atılıb. Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2018ci il 9 oktyabr tarixli Sərəncamı ilə təsdiq olunmuş “Naxçıvan Muxtar Respublikasında uşaqların icbari dispanserizasiyadan keçirilməsinə dair 2018-2022-ci illər üçün Dövlət Proqramı”nın qəbul olunması bu sahədə atılan mühüm addımlardan biridir. Әlavə olaraq, sağlamlıq imkanları məhdud uşaqların sosial müdafiəsi, cəmiyyətə fəal inteqrasiyası məqsədilə “2021-2025-ci illərdə Naxçıvan Muxtar Respublikasında sağlamlıq imkanları məhdud uşaqların təhsili və reabilitasiyası üzrə Dövlət Proqramı” qəbul edilib, hazırda bu proqramın icrası ilə bağlı müvafiq tədbirlər görülür. Qanunvericiliyimizə əsasən, bütün uşaqlar bərabər hüquqlara malikdirlər. Uşaqların, onların valideynlərinin və ya onları əvəz edən şəxslərin sosial və əmlak vəziyyətindən, sağlamlığından, irqi və milli mənsubiyyətindən, dilindən, təhsilindən, dinindən, siyasi baxışlarından, yaşayış yerindən asılı olmayaraq, uşaqlar ayrıseçkiliyə məruz qala bilməzlər. Uşaqlar valideynlərinin və ya onları əvəz edən digər şəxslərin hərəkətlərinə görə məsuliyyət daşımır və valideynləri ilə bağlı səbəblərə görə onların hüquqlarının məhdudlaşdırılmasına yol verilmir. Hər bir uşağın yaşamaq, normal şəraitdə fiziki, əqli və mənəvi cəhətdən inkişaf etmək hüququ vardır. Dövlət bu şəraiti təmin edən iqtisadi, sosialhüquqi və digər tədbirlər görməyi öz öhdəsinə götürür. Uşaqların hüquqları və qanuni mənafeləri pozulduqda, o cümlədən valideynləri uşağın təhsili, tərbiyəsi üzrə vəzifələrini yerinə yetirmədikdə və ya valideynlik hüquqlarından suiistifadə etdikdə uşaq öz hüquqlarını qorumaq üçün müvafiq icra hakimiyyəti orqanlarına, 14 yaşına çatdıqda isə məhkəməyə müraciət etmək hüququna malikdir.
İstənilən fiziki və ya hüquqi şəxs uşaqlarla qəddar rəftar hallarını müşahidə etdikdə belə rəftarın qarşısının alınması üçün müvafiq orqanlara müraciət edə bilər. Valideynlərin və ya digər şəxslərin uşaqlarla qəddar rəftara yol verməsi, onlara qarşı psixi və fiziki zor tətbiq etməsi, uşaqların hüquqlarını pozması qanunvericiliklə müəyyən edilmiş qaydada valideynlik hüquqlarından məhrum edilməyə, habelə inzibati və ya cinayət məsuliyyətinə səbəb olur. Hər bir uşaq ailədə yaşamaq və tərbiyə almaq, öz valideynlərini tanımaq və onların qayğısından istifadə etmək, onlarla birgə yaşamaq hüququna malikdir. Valideynlərin uşağın tərbiyəsində bərabər hüquq və vəzifələri vardır. Onlar uşağı sağlam böyütməli, ümumbəşəri və milli dəyərlər əsasında tərbiyə etməli, müstəqil həyata hazırlamalıdırlar. Uşağın qabiliyyətinin inkişaf etdirilməsi, onun maddi və mənəvi tələbatlarının təmin edilməsi, hüquq və mənafelərinin mühafizəsi valideynlərin əsas vəzifələridir. Valideynlərin uşaqlar barəsində hüquq və vəzifələrinin həyata keçirilməsinə dövlət orqanlarının qarışmasına yalnız qanunla nəzərdə tutulmuş hallarda və uşağın maraqları naminə yol verilə bilər.
Bu gün dünyanın bir çox ölkələrində 1 iyun Uşaqları Beynəlxalq Müdafiə Günü qeyd olunur. Amma təəssüf hissi ilə qeyd etmək lazımdır ki, bütün cəmiyyətlərdə uşaqlar təhlükəsiz, sabit mühitdə böyümür, təhsil almır, valideyn və dövlət himayəsini hiss etmirlər. Әksinə, siyasi fikir ayrılıqları müharibəyə çevriləndə onlar döyüş meydanında qurbana çevrilirlər. Bütün bunları göz önünə gətirən zaman bir valideyn kimi, ölkəmizdə, eləcə də onun Naxçıvan Muxtar Respublikasında dövlət uşaq siyasəti ilə bağlı həyata keçirilən işlərlə qürur duyuruq. Yaxşı ki, övladlarımızın xoşbəxt gələcəyi dövlətimiz tərəfindən təmin olunur, onlar sağlam cəmiyyətdə – ən əsası müharibədən, odalovdan uzaq mühitdə böyüyürlər.
Xaliq NӘCӘFLİ
Naxçıvan Muxtar Respublikası Әdliyyə Nazirliyinin əməkdaşı
01 iyun 2022-ci ildə "Şərqin səhəri" qəzetində dərc edilib