date saat
Mayın 23-də Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin və Naxçıvan Dövlət Universitetinin birgə təşkilatçılığı ilə Naxçıvan Müəllimlər İnstitutunda tədbir keçirilib. “Gənc ailələrin sağlam olması gələcək nəsillərin sağlam olması deməkdir” mövzusuna həsr olunan tədbirdə institutun pedaqoji heyəti və tələbələr iştirak edib.
Naxçıvan Müəllimlər İnstitutunun Tədris və tərbiyə işləri üzrə prorektoru Çapay Quliyev tədbiri giriş sözü ilə açaraq iştirakçıları salamlamış, mövzunun əhəmiyyətindən və aktuallığından bəhs etmişdir.
“Ailə dəyərlərimiz milli dəyərlərimizin əsas fundamentidir” mövzusunda Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi Aparatının rəhbəri Eltun Həziyev maraqlı məqamlara toxunub, muxtar respublikada dövlət tərəfindən ailələrə, xüsusilə də gənc ailələrə göstərilən diqqət və qayğıdan bəhs edib. Bildirib ki, ailə dəyərlərinin qorunub saxlanılması, ailə institutunun gənclər arasında möhkəmləndirilməsi, onların hüquqi biliklərinin artırılması və sağlamlıqlarının qorunması dövlət siyasətinin prioritet istiqamətlərindəndir.
Ədliyyə Nazirliyinin hüquqi şəxslər və vətəndaşlıq vəziyyəti aktları bölməsinin rəisi Həbibə Əliyeva “Nikah və nikah müqaviləsi ailələrin qorunma vasitələrindən biridir” mövzusunda məlumat verib. Nikah müqaviləsinin bağlanmasının əhəmiyyəti, şərtləri, qaydaları, həmin müqavilənin etibarsız hesab olunduğu hallar barədə əsas məqamlar iştirakçıların diqqətinə çatdırılıb. Qeyd olunub ki, nikah müqaviləsinin bağlanması tərəfləri əmlak mübahisəsi mərhələsində yaranacaq mübahisələrdən sığortalayır. Ona görə də vətəndaşlar istər nikahdan öncə, istərsə də sonra qanunvericiliyin yaratdığı bu əlverişli imkandan faydalanmalıdırlar.
“Nikahdan öncə gənclərin tibbi müayinədən keçməsi ailələrin sağlam olmasının əsas şərtlərindəndir” mövzusunda Naxçıvan Dövlət Universitetinin Tibb fakültəsinin ümumi təbabət klinik fənlər kafedrasının müdiri, həkim ginekoloq, tibb elmləri üzrə fəlsəfə doktoru dosent Gültəkin Əliyeva çıxış edərək tərəflərin nikahdan əvvəl tibbi müayinədən keçmələrinin və ailə üzvlərinin, xüsusilə ana və uşaqların sağlamlığının mühafizəsinin vacibliyindən danışıb.
Tədbir qarşılıqlı diskusiya şəklində davam etmiş və iştirakçılara mövzuyla bağlı hazırlanmış broşürlər paylanılmışdır.
Naxçıvan Muxtar Respublikası
Ədliyyə Nazirliyinin mətbuat xidməti