date saat

Mayın 19-da Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyi ilə Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin birgə əməkdaşlığı çərçivəsində Orta İxtisas Polis Məktəbinin kursantları üçün “Cinayətkarlığa qarşı mübarizədə kriminalistik üsul və vasitələrin rolu, məhkəmə-ballistik ekspertizasının əhəmiyyəti” mövzusunda praktik seminar keçirilib.

Seminarda Daxili İşlər Nazirliyinin İstintaq və Təhqiqat Şöbəsinin Kriminalistik Tədqiqatlar Bölməsinin rəisi, polis mayoru Mirhəsən Seyidli Məhkəmə Ekspertizası Mərkəzi ilə Orta İxtisas Polis Məktəbi arasında edilən sıx əməkdaşlıqdan bəhs etmiş, təşkil edilən tədbirlərdə kursantların qazandıqları bilik və bacarıqların onların gələcək iş fəaliyyətlərinə müsbət təsiri olacağını qeyd etmiş, bugünkü keçirilən praktiki seminarın da kursantlar üçün olduqca əhəmiyyətli rol oynayacağını bildirmişdir.

Ballistik və trasoloji ekspertizalar bölməsinin rəisi əvəzi, kiçik ədliyyə müşaviri Səməd Şahtaxtinski “Cinayətkarlığa qarşı mübarizədə məhkəmə-ballistik ekspertizası” mövzusunda çıxış edib. Məhkəmə-ballistik ekspertizasının anlayışı, məhkəmə-ballistikasının bir elm kimi formalaşması mərhələləri, obyektləri, vəzifələri, predmeti və Məhkəmə Ekspertizası Mərkəzində məhkəmə-ballistik ekspertizası tərəfindən həll edilən məsələlər barədə ətraflı məlumat verib.

Məruzəçi odlu silahın anlayışı və təsnifatı barədə kursantlara slayd vasitəsilə geniş məruzə etmiş, odlu silah nümunəsinin iş prinsipi haqqında videoçarx nümayiş etdirmiş və kursantları maraqlandıran sualları ətraflı cavablandırmışdır.

Sonra Daxili İşlər Nazirliyinin İstintaq və Təhqiqat Şöbəsinin Kriminalistik Tədqiqatlar Bölməsinin kriminalist tədqiqatçısı, polis leytenantı Münəvvər Qurbanova isə əl-barmaq izlərinin götürülməsini praktik olaraq nümayiş etdirmişdir.

 

       Naxçıvan Muxtar Respublikası

    Ədliyyə Nazirliyinin mətbuat xidməti