date saat
Mayın 19-da Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin təşkilatçılığı ilə “Naxçıvan” Universitetində “Vərəsəlik hüququ və şərtləri” mövzusunda növbəti maarifləndirici seminar keçirilib. Seminarda universitetin pedeqoji heyəti və müvafiq ixtisaslar üzrə təhsil alan tələbələr iştirak edib.
Seminarı giriş sözü ilə “Naxçıvan” Universitetinin Pedaqoji fakültəsinin dekanı İsmət Həsənov açaraq mövzunun əhəmiyyətini diqqətə çatdırmış, keçirilən tədbirlərin tələbələrin biliklərinin artırılmasına müsbət təsirini qeyd etmişdir.
Sonra Ədliyyə Nazirliyinin Təşkilat-nəzarət şöbəsinin rəis müavini əvəzi, I dərəcəli ədliyyə qulluqçusu Ələkbər Hüseynov, Qeydiyyat və notariat şöbəsinin Hüquqi şəxslər və vətəndaşlıq vəziyyəti aktları bölməsinin rəisi, I dərəcəli ədliyyə qulluqçusu Həbibə Əliyeva, Qeydiyyat və notariat şöbəsinin Notariat bölməsinin baş məsləhətçisi, II dərəcəli ədliyyə qulluqçusu Nərminə Əlizadə və Naxçıvan Şəhər 1 saylı Notariat Ofisinin notariusu Cavid Eyvazov çıxış ediblər.
Məruzəçilər “Vərəsəlik nədir, kimlər vərəsə ola bilərlər”, “Vəsiyyətnamənin dəyişdirilməsi, ləğvi və vəsiyyət tapşırığı”, “Vəsiyyətnamənin forması və vərəsəlik şəhadətnaməsi” və “Mirasın qəbulu, qorunması və bölüşdürülməsi qaydaları” mövzularına dair qanunvericilikdə nəzərdə tutulmuş əsas məqamlar barədə məlumat veriblər. Qeyd olunub ki,vərəsəlik ölmüş şəxsin əmlakının başqa şəxslərə qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçməsidir. Vəsiyyət edən bir neçə vəsiyyətnamə tərtib edə bilər və onlar bir-birini tamamlayır və tam əvəz etmədikdə, bütün vəsiyyətnamələr qüvvədə qalır. Vəsiyyət edən əvvəlki vəsiyyətnaməni və ya onun yeni vəsiyyətnaməyə zidd hissəsini birbaşa ləğv etməklə, notariat orqanına ərizə verməklə, yeni vəsiyyətnamə tərtib etməklə vəsiyyətnaməni dəyişdirə və ya ləğv edə bilər. Əgər bir şəxs bir neçə vəsiyyətnamə tərtib etmişdirsə və onlardan yalnız biri notariat formasında tərtib edilmişdirsə, notariat formasında tərtib edilmiş vəsiyyətnaməyə üstünlük verilir.
Vurğulanıb ki, mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir və vəsiyyətdə bir miras qoyanın sərəncamı olmalıdır. Vəsiyyətin iki və ya daha çox şəxs tərəfindən birgə tərtibinə yol verilmir. Yalnız ərlə arvad qarşılıqlı vərəsəlik haqqında birgə vəsiyyətnamə tərtib edə bilərlər. Bu vəsiyyət ərin və ya arvadın tələbi ilə, lakin onların hər ikisinin sağlığında ləğv edilə bilər.
Semiar qarşılıqlı diskusiya şəklində davam etmiş, iştirakçıları maraqlandıran suallara aydınlıq gətirilmişdir.
Naxçıvan Muxtar Respublikası
Ədliyyə Nazirliyinin mətbuat xidməti