date saat
Mayın 18-də Ədliyyə Nazirliyinin əməkdaşları Babək rayonunun Cəhri Kənd Mərkəzində rayon icra və probasiya şöbəsinin icraatında olan icra işləri üzrə borclu şəxslərlə görüşüb.
Tədbirdə Ədliyyə Nazirliyinin İcra və probasiya şöbəsinin rəisi baş ədliyyə müşaviri Emin Kazımov nazirlik tərəfindən məhkəmə və digər orqanların qərarlarının təmin olunması, icradan qərəzli olaraq boyun qaçıran, ödəmələrin aparılmasından yayınan və qərarların icrasına laqeyd yanaşan borcluların icraya cəlb edilməsi, bu sahədə yaranan manelərin aradan qaldırılması, həmçinin vətəndaşların hüquqlarının və qanuni mənafelərinin qorunması sahəsində görülən işləri diqqətə çatdırıb.
Sonra nazirliyin İstintaq bölməsinin rəisi ədliyyə müşaviri Zamin Nəbiyev, İcra və probasiya şöbəsinin aparıcı məsləhətçisi I dərəcəli ədliyyə qulluqçusu Rahib Səfərov və Babək Rayon İcra və Probasiya Şöbəsinin böyük icra məmuru Anar Məmmədov çıxış ediblər.
Çıxışlarda məhkəmə qərarlarının icra edilməməsinin hüquqi nəticələri, borclu şəxslərin ölkədən getmək hüququnun məhdudlaşdırılması barədə məlumat verilmiş, məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun tələblərini yerinə yetirməyən, onlara həvalə edilmiş vəzifələrin icrasına mane olan, məhkəmə və digər orqanların qərarları üzrə üzərlərinə düşən öhdəlikləri icra etməyən və ya ödənişləri gecikdirən borclular barədə qanunvericilikdə nəzərdə tutulmuş məsuliyyət diqqətə çatdırılıb. Bildirilib ki, məhkəmə və digər orqanların qərarlarının məcburi icrası icra məmurları tərəfindən həyata keçirilir. Qərarların icrası ilə əlaqədar icra məmurunun tələbləri ölkə ərazisində bütün orqanlar, hüquqi şəxslər, onların vəzifəli şəxsləri və fiziki şəxslər üçün məcburidir. Qeyd olunub ki, icra məmurunun tələblərininin yerinə yetrilməməsinə görə təqsirkar şəxslər inzibati məsuliyyətə cəlb edilirlər. İcra sənədi qərəzli olaraq icra edilmədikdə, məhkəmə qərarını icra etməyə borclu olan şəxsin qanunvericiliklə nəzərdə tutulmuş qaydada cinayət məsuliyyətinə cəlb olunması nəzərdə tutulur.
Sonda mövzu ilə əlaqədar müzakirələr aparılmış, iştirakçıları maraqlandıran suallara aydınlıq gətirilmişdir.
Naxçıvan Muxtar Respublikası
Ədliyyə Nazirliyinin mətbuat xidməti