date saat
Mayın 16-da Ədliyyə Nazirliyinin təşkilatçılığı ilə Ordubad rayonunda “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatının və notariat hərəkətlərinin aparılmasında qanunvericiliyin tələbləri” mövzusunda maarifləndirici seminar təşkil edilib. Rayon üzrə fəaliyyət göstərən inzibati ərazi dairələri üzrə nümayəndələrin iştirakı ilə keçirilən seminarı giriş sözü ilə Ordubad Rayon İcra Hakimiyyəti aparatının əməkdaşı Elçin Hüseynov açaraq tədbirin mövzusu barədə məlumat verib.
Seminarda nazirliyin əməkdaşları Zülfü İsmayılovun “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatının aparılmasında qanunvericiliyin tələbləri”, Həbibə Əliyevanın “Doğumun, ölümün və nikahın qeydə alınması zamanı yol verilən nöqsanlar”, “Ailədə uşaqların hüquqları, ad hüququ, adın, soyadın və ata adının verilməsi və dəyişdirilməsi qaydası” və Nərminə Əlizadənin “İnzibati ərazi dairəsi üzrə nümayəndəliklərdə notariat hərəkətlərinin aparılmasında qanunvericiliyin tələbləri” mövzusunda çıxışları dinlənilib.
Məlmat verilib ki, icra nümayəndəliklərində müvafiq sahə üzrə onlara verilən səlahiyyətləri həyata keçirərkən Azərbaycan Respublikasının Konstitusiyasına, Ailə Məcəlləsinə, “Notariat haqqında” Azərbaycan Respublikasının Qanununa və Azərbaycan Respublikasının digər qanunvericilik aktlarına əsaslanmalıdırlar. Əhaliyə göstərilən xidmət səviyyəsinin yüksəldilməsi, nöqsanlara yol verilməməsi, aparılan əməliyyatlar zamanı kargüzarlıq qaydaları ilə bağlı qanunvericiliyin tələblərinin gözlənilməsi qarşıya qoyulan əsas vəzifələrdəndir. Çıxış edənlər mülki qanunvericiliyin tələblərindən də ətraflı bəhs etmiş, riayət edilməsinin vacibliyi vurğulanmışdır.
Qeyd edək ki, nazirliyin əməkdaşları tərəfindən mütəmadi olaraq icra nümayəndəliklərində aparılan qeydiyyat və notariat əməliyyatları ilə bağlı tərtib olunan sənədlərə və qeydiyyat kitablarına baxış keçirilir, onlara zəruri metodiki köməkliklər göstərilir. Seminarda iştirakçıların sualların cavablandırılmış, onlara nazirlik tərəfindən hazırlanmış “İcra nümayəndələri tərəfindən aparılan notariat hərəkətlərinin əsas məqamları” adlı broşurlar paylanılmışdır.
Naxçıvan Muxtar Respublikası
Ədliyyə Nazirliyinin mətbuat xidməti