date saat

Naxçıvan Muxtar Respublikasının Ədliyyə Nazirliyi, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi və Naxçıvan Dövlət Universitetinin birgə təşkilatçılığı ilə Naxçıvan  Tibb Kollecində “Gənc ailələrin sağlam olması gələcək nəsillərin sağlam olması deməkdir” mövzusunda tədbir keçirilib.

Tədbiri giriş sözü ilə açan Naxçıvan Tibb Kollecinin direktoru Sona Məmmədova  qonaqları salamlayıb, tədbirin mövzusu və mahiyyəti haqqında məlumat verib.

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi Aparatının rəhbəri Eltun Həziyev “Ailə dəyərlərimiz milli dəyərlərimizin əsasıdır” mövzusunda çıxış edərək ailələrə və xüsusilə də gənc ailələrə göstərilən dövlət qayğısından ətraflı bəhs edərək bildirib ki, ailələrə hərtərəfli qayğı göstərmək, gənc ailələrin milli-mənəvi dəyərlər üzərində inkşaf etməsini diqqət saxlamaq və onların sosial vəziyyətlərinin yaxşılaşdırılmasına xidmət etmək bütün cəmiyyətin və dövlətimizin ən prioritet sahələrindən biridir.

Ədliyyə Nazirliyinin Hüquqi şəxslər və vətəndaşlıq vəziyyəti bölməsinin rəisi Həbibə Əliyeva “Nikahın qeydə alınması” mövzusunda çıxış edərək nikahın bağlanması proseduru və qaydaları, qanunvericiliklə nəzərdə tutlan hallar barədə məlumat verib, mövzu ilə bağlı verilən sualları cavablandırıb.

Naxçıvan Dövlət Universitetinin kafedra müdiri, həkim-ginekoloq, dosent, Gültəkin Əliyeva “Nikahdan öncə gənclərin tibbi müayinələrdən keçməsi ailələrin sağlam olmasının əsas şərtlərindədir” mövzusunda çıxış edərək, gənc ailələrin və dünyaya gələcək körpələrin sağlamlıqları üçün preventiv tədbirlər haqqında ətraflı məlumat verib.

Tədbir qarşılıqlı diskussiya şəklində davam edib. Tədbirin sonunda mövzu ilə bağlı hazırlanmış broşürlər paylanılıb.

 

Naxçıvan Muxtar Respublikası

Ədliyyə Nazirliyinin mətbuat xidməti