date saat

Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 25 iyun 2021-ci il tarixli “Ali və orta ixtisas təhsili müəssisələrində ixtisasların müvafiq təşkilatlara hamiliyə verilməsinə dair əlavə tədbirlər haqqında” Sərəncamında nəzərdə tutulan vəzifələrin icrası diqqətdə saxlanılır. Bu məqsədilə Ədliyyə Nazirliyi və Naxçıvan Dövlət Universitetinin görüləcək işlərə dair birgə təsdiq etdikləri tədbirlər planına əsasən tələbələrin nazirlikdə və onun yerli qurumlarında iş prosesi ilə tanışlıqları təmin edilir. Oktyabrın 27-də universitetin Beynəlxalq münasibətlər və hüquq fakültəsinin hüquqşünaslıq ixtisası üzrə əyani təhsil alan I kurs tələbələri Naxçıvan Şəhər üzrə 2 saylı Nikah Evində, Naxçıvan Şəhər 1 saylı Notariat Ofisində və  Naxçıvan Şəhər İcra və Probasiya Şöbəsində olaraq görülən işlərlə tanış olub, qurumların fəaliyyəti və iş prinsipi barədə məlumat əldə ediblər.

Əvvəlcə onlar İcra və Probasiya Şöbəsində olaraq icra məmurları tərəfindən həyata keçirilən icra prosesində iştirak etmiş, icra işlərinin qeydiyyatının aparılması, həyata keçirilən məcburi icra tədbirləri və elektron-icra sisteminin xüsusiyyətləri, məhkəmə qərarlarının həyata keçirilməsinin qanunvericiliklə müəyyən olunmuş qaydada həyata keçirilməsi barədə geniş məlumat əldə ediblər.

Sonra 2 saylı Nikah Evində olan tələbələrə nikah əməliyyatlarının aparılması zamanı tələb olunan sənədlərlə və bu sahədə kargüzarlığın aparılması qaydaları, eləcə də vətəndaşların müraciətlərinə baxılmasına dair qanunvericiliyin tələbləri barədə ətraflı məlumatlar verilib. Tələbələr nikaha daxil olmaq üçün ərizə ilə müraciət edən şəxslərin nikah qeydiyyatı aparılması prosedurunda iştirak ediblər.

1 saylı Notariat Ofisində isə tələbələr notariat hərəkətləri, notariat hərəkətləri aparılmasının əsas qaydaları ilə praktiki olaraq tanış olublar. Bu proseslər zamanı dövlət rüsumunun ödənilməsi qaydaları və notariat hərəkətlərinə dair qanunvericiliyin əsas müddəaları haqqında məlumat verilib.

Ədliyyə orqanlarında həyata keçirilən işlərlə tanışlıq tələbələrdə böyük maraq doğurmuş, iştirak etdikləri sahələr üzrə onların maraqlandıqları suallara aydınlıq gətirilib. Gələcəyin hüquqşünasları öz ixtisaslarını dərindən öyrənmələri üçün yaradılan şəraitə görə minnətdarlığını bildiriblər. 

 

     Naxçıvan Muxtar Respublikası

Ədliyyə Nazirliyinin mətbuat xidməti