date saat

Azərbaycan Respublikasının Məhkəmə Ekspertizası Mərkəzinin və Naxçıvan Muxtar Respublikasının Məhkəmə Ekspertizası Mərkəzinin birgə təşkilatçılığı ilə oktyabr ayının 8-də məhkəmə ekspertizası fəaliyyətinə dair tədbir təşkil olunub. “Naxçıvan Muxtar Respublikasında məhkəmə ekspertizasinin səmərəli aparılmasının təmin edilməsi” mövzusunda keçirilən tədbirdə muxtar respublikada ekspertiza təyinetmə səlahiyyətlərinə malik olan bütün orqanların əməkdaşları və Ədliyyə Nazirliyinin hamiliyinə verilmiş Naxçıvan Dövlət Universitetinin hüquqşünaslıq ixtisası üzrə tələbələri iştirak edib.

Naxçıvan şəhərində keçirilən tədbirdə  Naxçıvan Muxtar Respublikasının ədliyyə naziri III dərəcəli dövlət ədliyyə müşaviri Daşqın Rəhimov əvvəlcə qonaqları və iştirakçıları salamlamış, təşkil edilən tədbirin mahiyyətini və əhəmiyyətini qeyd etmiş, muxtar respublikada məhkəmə ekspertizasının yaranması və inkişaf perspektivləri barədə məlumat vermişdir. Nazir qeyd edib ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin ədliyyə sahəsinə göstərdiyi diqqət və qayğı nəticəsində ədliyyə orqanlarının müasirləşdirilməsi və inkişafı ilə bağlı son illərdə müvafiq qərarlar qəbul olunmuş, nazirliyin fəaliyyət istiqamətləri üzrə xidməti sahələrinin inkişafına diqqət yetirilmişdir. Ədliyyə  orqanlarının fəaliyyət istiqamətlərindən biri də ekspertiza işinin təşkil edilməsidir. Muxtar respublikanın mövcud coğrafi şəraiti nəzərə alınaraq ekspertizaların dəqiq keçirilməsi, maddi sübutların Bakı şəhərinə göndərilmə çətinliyinin aradan qaldırılması, araşdırma operativliyinin təmin edilməsi məqsədilə Ali Məclis Sədrinin tapşırığı və qəbul etdiyi qərarlar əsasında Məhkəmə Ekspertiza Mərkəzi fəaliyyətə başlamışdır. Mərkəzin maddi-texniki təminatı yaradılmış, ekspertizaların keçirilməsi üçün Avropa Məhkəmə Ekspertizaları Birliyinin yüksək standartlarına cavab verən müasir kriminalistik-texniki avadanlıqlar alınmışdır. Mərkəzin müasir avadanlıqlarla təmin edilməsi  və  xüsusi biliyə malik ekspertlərlə komplektləşdirilməsi ekspertiza işlərinin yüksək səviyyədə aparılmasına, məhkəmə və hüquq-mühafizə orqanları tərəfindən təyin edilmiş ekspertiza işlərinin vaxtında və hərtərəfli araşdırılmasına mühüm köməklik göstərmişdir. Bu gün mərkəzdə ekspertizaların bir çoxunun icrası qanunvericiliklə müəyyən olunmuş müddətdən daha tez başa çatdırılır. Çünki istintaq və məhkəmə araşdırmasında xüsusi bilik tələb edən sahələrin araşdırılması ədalət mühakiməsinin səmərəliliyinə  mühüm təsir göstərir. Məhz bu günkü tədbirin də təşkil edilməsinin əsas məqsədi muxtar respublikada bütün digər sahələrdə olduğu kimi ekspertiza fəaliyyətinin də daha səmərəli həyata keçirilməsindən ibarətdir.

Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin rəisi vəzifəsini icra edən baş ədliyyə müşaviri Rahim Rəhimov ölkəmizdə məhkəmə ekspertizasının təşkili məsələləri barədə ətraflı məlumat vermiş, bu sahədə aparılan islahatlardan bəhs etmişdir. Bildirib ki, müasir dövrdə informasiya kommunikasiya texnologiyalarının sürətli inkişafı, eyni zamanda iqtisadi mübahisələrin artması nəticəsində ekspertizanın iş yükü çoxalmış, fəaliyyət sahəsi genişlənmişdir. Rahim Rəhimov Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzi ilə muxtar respublikanın müvafiq qurumunun mütəmadi olaraq əlaqə yaratdığını və qarşılıqlı şəkildə əməkdaşlığın həyata keçirildiyini bildirmişdir. Məlumat verilib ki, zəruri sahələr üzrə mütəxəssislərin hazırlanması məqsədilə muxtar respublikadan göndərilmiş ekspertlər Bakı şəhərində təkmilləşdirmə kursu keçir, eləcə də  əlavə imza hüququ almaq üçün təcrübə kurslarına, təlimlərə cəlb edilir və onlar orada ekspertiza sahələri üzrə qabaqcıl ölkələrin təcrübəsi ilə tanış olurlar. Yeni texniki vasitələrin tətbiqi və elmin inkişafı ilə bağlı yeniliklər, yeni və əlavə imza hüquqlarının alınması müsbət nəticələrin əldə olunmasına geniş imkan yaradır.  Məhkəmə Ekspertizası Mərkəzi olaraq bundan sonra da  muxtar respublikada məhkəmə eksperitizası fəaliyyətinin daha səmərəli həyata keçirilməsində yaxından iştirak edəcəklərini qeyd etmişdir. Ekspertiza təyin edən orqanlara metodiki köməkliklərin göstərilməsinin təkmilləşdirilməsi və beynəlxalq standartlara uyğunlaşdırılması sahəsində görülən işlər davam etdirilməlidir.

Tədbirin gedişatında Azərbaycan Respublikası  və Naxçıvan Muxtar Respublikasının Ədliyyə Nazirliklərinin Məhkəmə Ekspertizası Mərkəzlərinintəcrübəli ekspertlərininməhkəmə ballistik, trasoloji, daktiloskopik, narkotik vasitələr, yol-nəqliyyat hadisələri və psixoloji ekspertizaların aparılmasının xüsusiyyətləri barədə məruzələri dinlənilib.

Muxtar respublika ərazisində ekspertiza təyin etmə səlahiyyətlərinə malik orqanların əməkdaşlarının ekpertiza fəaliyyəti ilə bağlı təklifləri dinlənilmiş, müzakirələr aparılmış və iştirakçıları maraqlandıran suallar ekspertlər tərəfindən cavablandırılmışdır.

Tədbir iştirakçılarına ekspertiza fəaliyyətindən bəhs edən metodiki vəsaitlər toplusu paylanılmışdır.

 

          Naxçıvan Muxtar Respublikası

     Ədliyyə Nazirliyinin mətbuat xidməti