date saat

Sentyabrın 26-da Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin təşkilatçılığı ilə Kəngərli rayon Qıvraq qəsəbəsində rayon üzrə fəaliyyət göstərən inzibati ərazi dairələri üzrə nümayəndələrin iştirakı ilə “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatının və notariat hərəkətlərinin aparılmasında qanunvericiliyin tələbləri” mövzusunda maarifləndirmə xarakterli seminar keçirilib.

Kəngərli Rayon İcra Hakimiyyəti aparatının əməkdaşı Ağa Seyidov seminarı giriş sözü ilə açaraq mövzunun mahiyyəti barədə məlumat vermiş və təşkil edilən maarifləndirici seminarların əhəmiyyətini diqqətə çatdırmışdır.

Sonra nazirliyin Notariat bölməsinin rəisi Zülfü İsmayılovun “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatının aparılmasında qanunvericiliyin tələbləri”, Hüquqi şəxslər və vətəndaşlıq vəziyyəti bölməsinin rəisi Həbibə Əliyevanın “Doğumun, ölümün və nikahın qeydə alınması zamanı yol verilən nöqsanlar”, baş məsləhətçilər Reyhan Sadiqovanın “Ailədə uşaqların hüquqları, ad hüququ, adın, soyadın və ata adının verilməsi və dəyişdirilməsi qaydası” və Nərminə Əlizadənin “İnzibati ərazi dairəsi üzrə nümayəndəliklərdə notariat hərəkətlərinin aparılmasında qanunvericiliyin tələbləri” mövzusunda çıxışları dinlənilib. 

Çıxışlarda vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı və notariat sahəsində aparılan əməliyyatlar zamanı qanunvericiliyin tələblərinə riayət edilməsinin, əhaliyə göstərilən xidmət səviyyəsinin yüksəldilməsinin və  nöqsanlara yol verilməməsinin vacibliyi barədə məlumat verilib. Bildirilib ki, yerli icra nümayəndəliklərinin vəzifəli şəxsləri tərəfindən doğumun, ölümün, nikahın qeydiyyatı, eyni zamanda notariat hərəkətləri aparılarkən qanunvericiliyin tələblərinə əməl edilməli, kargüzarlıq qaydaları qorunmalıdır. Vurğulanıb ki, nikahın bağlanması zamanı Azərbaycan Respublikasının Ailə Məcəlləsinin tələbləri nəzərə alınmaqla nikaha daxil olan şəxslərin yazılı razılığı olmalı, onların nikah yaşına çatmaları və tibbi müayinədən keçmələri müəyyən edilməlidir.

Seminarda uşaqlara ad verilməsi məsələsinə toxunularaq qeyd olunub ki, Ailə Məcəlləsinə əsasən uşağa ad valideynlərin razılığı ilə verilir. İcra nümayəndəlikləri isə öz növbəsində adların düzgün yazılışına diqqət yetirməli, gülünc adların qoyulmasına imkan yaratmamalı və yazılan adların Azərbaycan ədəbi dilinin yazı qaydalarına uyğunluğunu təmin etməlidirlər.

Seminarın sonunda mövzu ilə əlaqədar müzakirələr aparılmış və iştirakçılara Ədliyyə Nazirliyi tərəfindən hazırlanmış “İcra nümayəndələri tərəfindən aparılan notariat hərəkətlərinin əsas məqamları”ndan bəhs edən broşurlar paylanılmışdır. 

 

    Naxçıvan Muxtar Respublikası

Ədliyyə Nazirliyinin mətbuat xidməti