date saat
Avqustun 29-da Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyi və İnsan Hüquqları üzrə Müvəkkilinin (Ombudsmanın) birgə təşkilatçılığı ilə “Məhkəmə qərarlarının icra olunmaması və məsuliyyət” mövzusunda seminar keçirilib. Nazirlikdə təşkil edilən seminarda nazirliyin İcra və probasiya şöbəsinin, İstintaq bölməsinin və İnsan Hüquqları üzrə Müvəkkilinin (Ombudsmanın) əməkdaşları ilə yanaşı hazırda yerli qurumların icraatında olan icra sənədləri üzrə borclu şəxslər iştirak edib.
Seminarda nazirliyin İcra və probasiya şöbəsinin rəisi Emin Kazimov çıxış edərək məhkəmə qərarlarının vaxtında və tam icra olunmasının vacibliyini diqqətə çatdırıb. Qeyd edib ki, bu gün icra sahəsində əhəmiyyətli və məsuliyyətli işi həyata keçirən Ədliyyə Nazirliyinin icra və probasiya qurumlarının əsas fəaliyyəti vətəndaşların hüquqlarının bərpa olunmasını, qərarların icrasının vaxtında və dürüst təmin edilməsidir.
Seminarda şöbənin əməkdaşları Rəşad Allahverdiyevin “Alimentin ödənilməsi ilə bağlı yaranan çətinliklər və onların həlli qaydası”, Sahil Həsənovun “Məhkəmə və digər orqanların qərarlarını icra etməyən borclular barəsində görülən icra tədbirləri və qanunvericilikdə nəzərdə tutulmuş məsuliyyət” və İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Aparatının İnsan hüquqlarının müdafiəsi şöbəsinin müdiri Asiman Abbasovun “Məhkəmə qərarlarının icrası” mövzusunda çıxışları dinlənilib.
Çıxış edənlər məlumat veriblər ki, məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icra edilməsi məcburidir. İştirakçıların diqqətinə çatdırılıb ki, bəzi hallarda borclu şəxslərə icra məmurları tərəfindən dəfələrlə xəbərdarlıqlar edilməsinə baxmayaraq ödəmələrdən yayınırlar. Nəzərə almaq lazımdır ki, borclu şəxslər tərəfindən icra sənədləri üzrə ödəmələrin vaxtında təmin edilməməsi Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada məsuliyyətə səbəb olur. Çıxışlar zamanı alimentin tutulmasının şərtləri, qaydaları barədə qanunvericiliyin tələbləri, alimentlə bağlı yaranan çətinliklər və onların aradan qaldırılması istiqamətində görülən işlərdən də bəhs edilibdir.
Sonda borclu şəxslərin sualları cavablandırılıb, onlara “Məhkəmə qərarlarının icrası” adlı bukletlər təqdim edilib.
Naxçıvan Muxtar Respublikası
Ədliyyə Nazirliyinin mətbuat xidməti
http://old.edliyye.nakhchivan.az/m%C9%99tbuat-xidm%C9%99ti/x%C9%99b%C9%99rl%C9%99r/1097-%E2%80%9Cm%C9%99hk%C9%99m%C9%99-q%C9%99rarlar%C4%B1n%C4%B1n-icra-olunmamas%C4%B1-v%C9%99-m%C9%99suliyy%C9%99t%E2%80%9D-bar%C9%99d%C9%99-seminar-ke%C3%A7irilib.html#sigProId1872c5a2a7