date saat
Avqustun 12-də Ədliyyə Nazirliyi və Kənd Təsərrüfatı Nazirliyinin birgə təşkilatçılığı ilə Şahbuz rayonunda “Bələdiyyə mülkiyyətində olan əkinə yararlı torpaqlardan səmərəli istifadə olunması” mövzusunda maarifləndirici tədbir təşkil edilib. Tədbirdə qeyd edilən orqanların və rayon icra hakimiyyətinin nümayəndələri ilə yanaşı rayon üzrə bələdiyyələrin sədrləri və qulluqçuları iştirak edib.
Şahbuz Rayon İcra Hakimiyyəti başçısı aparatının ərazi idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsinin müdiri Söhrab Kərimov tədbiri giriş sözü ilə açaraq muxtar respublikamızda torpaqlardan, o cümlədən bələdiyyə mülkiyyətində olan torpaqlardan səmərəli istifadə edilməsi üçün görülən işlərdən və onların əhəmiyyətindən bəhs etmiş, bu sahədə aparılan maarifləndirici tədbirlərin torpaq istifadəçilərinin fəaliyyətinə müsbət təsir etdiyini diqqətə çatdırmışdır.
“Bələdiyyə mülkiyyətində olan əkinə yararlı torpaqlardan səmərəli istifadə olunması ilə bağlı qarşıya qoyulan vəzifələr” mövzusunda Ədliyyə Nazirliyinin Bələdiyyələrlə iş mərkəzinin rəisi kiçik ədliyyə müşaviri Xəyal Eyvazov çıxış edib. Bildirib ki, 2022-ci ilin iyulun 7-də “Araz” Elm-İstehsalat Birliyinin təcrübə təsərrüfatında taxılçılığın inkişafı və qarşıda duran vəzifələrlə bağlı keçirilən müşavirədə Ali Məclisin Sədri cənab Vasif Talıbovun verdiyi tapşırıqlardan biri də muxtar respublikada strateji ərzaq məhsulu olan taxılçılığın inkişafının aidiyyəti qurumlar tərəfindən diqqətdə saxlanılması, məhsuldarlığın artırılması ilə bağlı olmuşdur. Yerli özünüidarə orqanları verilən tapşırıqları vaxtında yerinə yetirməli, bələdiyyə mülkiyyətinə aid olan torpaqlardan qanunvericiliyin tələblərinə uyğun istifadəyə nəzarəti gücləndirməli, torpaq sahələrinin, xüsusilə də kənd təsərrüfatı torpaqlarının məqsədli təyinatı üzrə istifadəsi, bu sahədə pozuntuların qarşısının alınması üçün davamlı tədbirlər görməlidirlər.
Kənd Təsərrüfatı Nazirliyinin Bitkiçilik məhsullarının istehsalı, toxumçuluq və aqrokimyəvi xidmət şöbəsinin baş məsləhətçisi Fəxrəddin Əliyev “Kənd təsərrüfatı təyinatlı torpaqlarda əkin aparılması qaydaları” barədə məlumat vermiş, məhsuldarlığın artırılması üçün göstərilən aqrotexniki tədbirlərin əhəmiyyətindən danışmışdır. Qeyd edilib ki, hər il müasir hidrotexniki qurğuların tikilərək istifadəyə verilməsi mütərəqqi əkin və suvarma üsullarının tətbiqi ilə torpaqların münbitlik göstəriciləri və su təminatı yaxşılaşdırılır, deqradasiyaya məruz qalan torpaq sahələrinin sahəsi azaldılır. Bu isə öz növbəsində məhsuldarlığın artırılmasına, yeni torpaq sahələrinin əkin dövriyyəsinə qatılmasına imkan yaradır.
“Torpaq qanunvericiliyinin tələblərinin pozulması ilə bağlı məsuliyyət” haqqında Ədliyyə Nazirliyinin Qanunvericilik bölməsinin rəisi ədliyyə müşaviri Ayaz Məhərrəmov məlumat verib. Torpaq sahəsindən təyinatına uyğun olmayan istifadəyə görə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində nəzərdə tutulan cərimə növləri və məbləğlərini diqqətə çatdırıb.
Sonra mövzu ilə əlaqədar suallar cavablandırılıb və tədbir iştirakçılarına metodiki vəsaitlər təqdim edilib.
Naxçıvan Muxtar Respublikası
Ədliyyə Nazirliyinin mətbuat xidməti