date saat
İyunun 30-da Naxçıvan Muxtar Respublikasının Ədliyyə Nazirliyinin, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin və Naxçıvan Dövlət Universitetinin birgə təşkilatçılığı ilə “Gənc ailələrin sağlam olması gələcək nəsillərin sağlam olması deməkdir” mövzusunda tədbir keçirilib. Naxçıvan Dövlət Universitetində keçirilən tədbiri giriş sözü ilə açan universitetin Tədris və tərbiyə işləri üzrə prorektoru Rafiq Rəhimov qonaqları salamlamış, tədbirin mövzusu və mahiyyəti haqqında məlumat vermişdir.
Tədbirdə Naxçıvan Muxtar Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi Aparatının rəhbəri Eltun Həziyev “Ailə dəyərlərimiz milli dəyərlərimizin əsasıdır” mövzusunda çıxış edərək muxtar respublikada ailələrə və xüsusilə də gənc ailələrə göstərilən dövlət qayğısından ətraflı bəhs edərək bildirmişdir ki, ailələrə hərtərəfli qayğı göstərmək, gənc ailələrin milli-mənəvi dəyərlər üzərində inkişaf etməsini diqqətdə saxlamaq və onların sosial vəziyyətlərinin yaxşılaşdırılmasına xidmət etmək bütün cəmiyyətin və dövlətimizin ən prioritet sahələrindən biridir. Bu gün muxtar respublikada da ailələrin sağlamlıqlarının qorunması qarşıda duran əsas vəzifələrdəndir. Gənclərin sağlamlıqlarının qorunması, dünyaya gələn yeni nəslin sağlam doğulması və böyüməsi, körpə və ana ölümünün minimuma endirilməsinin daim nəzarətdə saxlanılmasının nəticəsidir ki, muxtar respublikada bu sahədə müsbət nəticələr əldə olunmuşdur.
Ədliyyə Nazirliyinin Hüquqi şəxslər və vətəndaşlıq vəziyyəti bölməsinin rəisi Həbibə Əliyeva “Nikah və nikah müqaviləsi ailələrin qorunma vasitələrindən biridir” mövzusunda çıxış etmişdir. Qeyd edilmişdir ki, Azərbaycan Respublikasının Ailə Məcəlləsinə edilən dəyişiklik əsasında qızlar və oğlanlar üçün nikah yaşının 18-ə qaldırılması ailə üzvlərinin sağlamlığı, xüsusilə ana və uşaqların sağlamlığının mühafizəsi çox önəmli məsələlərdəndir. Tərəflərin nikahdan əvvəl məcburi tibbi müayinədən keçməsi ilə bağlı Azərbaycan Respublikasının Ailə Məcəlləsinə edilən dəyişiklik isə həm ailələrimizin, həm də gələcək nəsillərin sağlamlığına xidmət edən mühüm amildir.
Naxçıvan Dövlət Universitetinin Tibb fakultəsinin Ümumi təbabət klinik fənnlər kafedrasınınn müdiri, həkim-ginekoloq, dosent, tibb elmləri üzrə fəlsəfə doktoru Gültəkin Əliyeva “Nikahdan öncə gənclərin tibbi müayinələrdən keçməsi ailələrin sağlam olmasının əsas şərtlərindədir” mövzusunda çıxış etmiş, vizual vəsaitlərdən istifadə etməklə gənc ailələrin və dünyaya gələcək körpələrin sağlamlıqları üçün preventiv tədbirlər haqqında ətraflı məlumat vermişdir.
Tədbir qarşılıqlı diskussiya şəklində davam etmiş, müvafiq sahələrlə bağlı sualları cavablandımışdır.
Tədbirin sonunda iştirakçılara mövzu ilə bağlı hazırlanmış broşürlər paylanılmışdır.
Naxçıvan Muxtar Respublikası
Ədliyyə Nazirliyinin mətbuat xidməti