date saat

Dövlət müstəqilliyini əldə edən Azərbaycan Respublikası demokratik cəmiyyət quruculuğu sahəsində böyük inkişaf yolu keçib. Ötən illər ərzində aparılan mütərəqqi islahatlar nəticəsində ölkəmizdə demokratik və hüquqi dövlət quruculuğu yüksək səviyyədə həyata keçirilib, xalqımızın xoşbəxt gələcəyi üçün bütün təminatlar yaradılıb. Çünki ölkəmizdə insan hüquq və azadlıqlarının müdafiəsi ən ümdə məsələlərdən biri olub.

Ümummilli liderimiz Heydər Əliyev yenidən hakimiyyətə gəldikdən sonra ölkəmizdə digər sahələrdə olduğu kimi, insan hüquqları sahəsində də islahatlar həyata keçirilməyə başlanıb.  Müstəqil dövlətin yeni konstitusiya layihəsinin hazırlanmasının da təşəbbüskarı məhz ulu öndər Heydər Əliyev oldu. Onun təşəbbüskarlığı və sədrliyi ilə Azərbaycan Respublikasının yeni konstitusiya layihəsinin hazırlanması üçün komissiyanın yaradılması, beynəlxalq hüquq normalarının və insan hüquqlarının əsas prinsipləri əsasında, demokratik tərzdə və xalqın rəyi nəzərə alınaraq geniş müzakirə edilməsi, 12 noyabr 1995-ci ildə keçirilən ümumxalq səsverməsi yolu ilə ölkənin əsas qanununun qəbulu Azərbaycan Respublikasında hüquqi dövlət ideyasının formalaşmasında mühüm təkan oldu.

Ulu öndər Heydər Əliyevin müəllifi olduğu Azərbaycan Respublikası Konstitusiyasının referendum yolu ilə qəbul edilməsi müstəqil dövlətimizin həyatında böyük dönüş nöqtəsi olub. Dövlət quruculuğu tarixində ilk dəfə olaraq konstitusiyamızda insan və vətəndaş hüquq və azadlıqları dövlətin ali məqsədi kimi təsbit olunub. Konstitusiyanın bir fəsli bütünlüklə əsas insan və vətəndaş hüquq və azadlıqlarına həsr edilib. Konstitusiyamız demokratik hüquqi dövlətin bütün prinsipləri – qanunun aliliyi, insan hüquqlarının müdafiəsi, hakimiyyət bölgüsü, konstitusiya nəzarəti prinsipləri təsbit olunub. İnsan haqlarının təmini dövlətin ali məqsədi kimi bəyan edilib. Konstitusiyamızın üçdə bir hissəsi məhz bu məsələyə həsr edilib. Demokratik dəyərlərin üstünlüyünü qəbul edən, azadlığın, haqq və ədalətin bərqərar olunduğu dövlət qurmaq istəyən hər bir ölkə, hər bir xalq üçün konstitusiya birinci dərəcəli əhəmiyyət daşıyır. Siyasi, iqtisadi, hüquqi sistemin köklü şəkildə dəyişdiyi, cəmiyyətdə keçid dövrünün başlandığı bir vaxtda əsas qanunun rolu qat-qat artır. Bu bir həqiqətdir ki, müstəqil dövlətimizin ilk konstitusiyasının qəbul olunması ilə Azərbaycanın tarixi inkişafının yeni bir mərhələsi başlandı. Mühüm tarixi əhəmiyyətə malik olan bu sənəd ölkəmizdə insan və vətəndaş azadlıqlarına lazımi təminatlar yaratmaqla hüquqi dövlət və vətəndaş cəmiyyəti quruculuğunun möhkəm təməlini təşkil edir. Əminliklə demək olar ki, Azərbaycan Respublikasının Konstitusiyasında yüz illər boyu bəşəriyyətin əldə etdiyi mütərəqqi dəyərlər fundamental hüquq və azadlıqlar lazımi şəkildə öz əksini tapıb.

Hüquqi dövlətin yaradılması insan hüquq və azadlıqlarının maksimal təminatı, dövlətin vətəndaş qarşısında və vətəndaşın dövlət qarşısında məsuliyyəti ilə əlaqələndirilir. Azərbaycan dövləti özünün inkişaf strategiyasında hüquqi dövlət quruculuğuna xüsusi önəm verir. Müstəqillik əldə etdikdən sonra bu istiqamətdə atılan addımlar, əldə olunan uğurlar dövlətin bu sahəyə həssaslıqla yanaşmasının göstəricisidir.  Müstəqillik illərində ölkəmizin hüquq sistemi demokratik prinsiplər əsasında tamamilə yenidən quruldu. Azərbaycan Respublikasının yeni konstitusiyasının qəbul edilməsi ilə mütərəqqi məhkəmə-hüquq islahatlarının əsası qoyuldu. Ardıcıl şəkildə həyata keçirilən islahatlar başlıca olaraq bir məqsədə – insan və vətəndaşların hüquq və azadlıqlarının etibarlı qorunmasına, ədalət mühakiməsinin təmin edilməsinə və təkmilləşdirilməsinə yönəldi.

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin uğurlu siyasəti nəticəsində ölkəmizdə insan hüquqlarının davamlı inkişafı və təmin olunması istiqamətində müvafiq qanunvericilik aktları qəbul olunur, zəruri tədbirlər həyata keçirilir. Ölkəmiz günü-gündən inkişaf edir, beynəlxalq aləmdə uğurla irəliləyir. Həyata keçirilən tədbirlər və islahatlar, idarəetmənin təkmilləşməsi insanların öz hüquqlarını həyata keçirməsi üçün böyük imkanlar yaradır. Bu səbəbdən də ölkəmizə beynəlxalq aləmin marağı daha da artır və ölkəmizdə bir sıra beynəlxalq tədbirlər uğurla həyata keçirilir. Azərbaycan dövləti haqq və ədalət, tolerantlıq prinsipinə söykənərək ölkəmizdə insan hüquqlarının təmin olunması istiqamətində davamlı olaraq strateji sənədlər qəbul edir.  

Qeyd edilənlər ölkəmizin hüquqi dövlət quruculuğu yolunda inamla irəlilədiyini və demokratik prinsiplərə, əsas insan hüquqları dəyərlərinə böyük önəm verdiyini bir daha nümayiş etdirir. İnsan hüquqları gününün təsis edilməsi konstitusiyamızda təsbit edilmiş “İnsan və vətəndaş hüquqlarının və azadlıqlarının, Azərbaycan Respublikasının vətəndaşlarına layiqli həyat səviyyəsinin təmin edilməsi dövlətin ali məqsədidir” müddəasının həyatda uğurla reallaşdığını bir daha təsdiqləmişdir. Əhalinin müxtəlif qruplarının hüquqi maarifləndirilməsi, onların hüquqi düşüncə və mədəniyyətinin inkişaf etdirilməsi ilə yanaşı, pozulmuş hüquqların bərpası demokratik-hüquqi dövlətin və vətəndaş cəmiyyətinin qurulması prosesinə təkan verən təşəbbüslər, insan hüquqları sahəsində maarifləndirmə işinin təşkili məqsədilə mütərəqqi ideyaların axtarışı və əldə olunmuş ideyaların tətbiqi  çərçivəsində praktik yanaşma ilə real icra olunur və təsdiqini tapır. Azərbaycanın yeni-yeni uğurları, həyata keçirilən islahatlar, beynəlxalq nüfuzu davamlı inkişafa və insan hüquqlarının etibarlı təmin olunmasına xidmət edən məqsədyönlü fəaliyyətin nəticəsidir.

Hazırda ölkəmiz yeni inkişaf mərhələsinə qədəm qoyur. Bu mərhələnin əsas hədəfi insan hüquqlarının, o cümlədən qadın və uşaq hüquqlarının daha da səmərəli təmini, əhalinin rifahının layiqli, qabaqcıl beynəlxalq standartlara uyğun səviyyəyə çatdırılması, habelə elmin, mədəniyyətin inkişafında, ictimai həyatın bütün istiqamətlərində yeni nailiyyətlərin əldə olunmasıdır. Ona görə də ölkəmizdə insan hüquqlarının təmin olunması istiqamətində hamımız birgə çalışmalıyıq. Bu, hər birimizin vətəndaşlıq borcudur.

 

              Xaliq  NƏCƏFLİ    

              Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin əməkdaşı 

              21 sentyabr 2020-ci ildə "naxcivanxeberleri.com" internet səhifəsində dərc edilmişdir