date saat

Tarixi-mədəni irsi qorumaq, mühafizə və təbliğ etmək gələcəyimizə olan diqqətdir. Əgər elm müəssisələri tarixi öyrənir, tədqiq edərək üzə çıxarırlarsa, muzeylər də onu yaşadaraq gələcək nəsillərə çatdırır. Ümummilli liderimiz Heydər Əliyev bu amili əsas götürərək muzeyşünaslığın inkişafına böyük qayğı göstərmişdir. Muzey işinin vacibliyini önə çəkən Ulu Öndər deyirdi: “Milli ənənələrimizin, tarixi irsimizin nə qədər dəyərli olduğunu dünyaya gələn yeni nəsillərə çatdırmaq və onları bu əsasda tərbiyə etmək üçün muzeylər lazımdır”. Bu gün muxtar respublikada da muzeylərin yaradılması və inkişafı diqqətdə saxlanılır. Bütün dövlət idarə, müəssisə və təşkilatların əməkdaşlarının mütəmadi olaraq muzeylərə ziyarəti təmin edilir.

Sentyabrın 19-da Ədliyyə Nazirliyinin kollektivi Naxçıvan Dövlət Xalça Muzeyini ziyarət edib. Muzeyin bələdçisi tərəfindən əməkdaşlara muzeylə bağlı geniş məlumat verilib. Bildirilib ki, muzey 1998-ci ildə yaradılmışdır. Hazırda  Naxçıvan Dövlət Xalça Muzeyində nümayiş etdirilən nümunələrin sayı 320-ni keçib. Burada müasir qoruma standartlarına uyğun şərait yaradılıb. Xovsuz və xovlu xalça növləri,  habelə məfrəş, xurcun, torba kimi məmulatların ən gözəl nümunələri muzeyi bəzəyir. İndi bu mədəniyyət ocağında Naxçıvan qrupuna aid  120 xalça nümayiş etdirilir. Habelə "Azər-İlmə" tərəfindən dünyanın müxtəlif ölkələrindən, şəxsi kolleksiyalardan əldə olunan 29 xovlu və xovsuz xalça, xalça məmulatları - üç məfrəş, xurcun, duz torbası muzeyə hədiyyə olunub. Naxçıvan Dövlət Xalça Muzeyinin  daimi ekspozisiyası içərisində 264 xovlu və xovsuz xalçalar, müxtəlif əl işləri, tikmələr, toxuculuq alətləri, 60 ədəd mis və saxsı qab nümayiş etdirilir. Qeyd edək ki, toxucu tərəfindən dəzgahlarda xalça toxunması sənətinin əyani surətdə nümayiş etdirilməsi muzeyə gələn qonaqların xüsusi marağına səbəb olur.

Sonra sosial məsafə qaydaları gözlənilməklə nazirliyin kollektivi tərəfindən muzeyə baxış keçirilib. Əməkdaşlar Naxçıvan Dövlət Xalça Muzeyinin zəngin kolleksiyası ilə yaxından tanış olublar.

 

      Naxçıvan Muxtar Respublikası

  Ədliyyə Nazirliyinin mətbuat xidməti