date saat
Demokratik və dünyəvi bir cəmiyyətdə vətəndaşların sağlam hüquqi düşüncəyə və yüksək hüquq mədəniyyətinə malik olmaları böyük əhəmiyyət kəsb edir. Hüquq düşüncəsi insanların hüquqa, qanunçuluğa və ədalət mühakiməsinə münasibətinin, onların nəyin hüquqi və nəyin hüquqa zidd olması haqqındakı təsəvvürlərinin və ideyaların cəmini özündə birləşdirir. Cəmiyyətin hüquq mədəniyyətinə onun hüquq düşüncəsinin səviyyəsi, ictimаi şüurun hüquqа münаsibəti əhəmiyyətli dərəcədə təsir edir. Onu yüksəltmək üçün hüququn təbliği işi yüksək səviyyədə təşkil olunmalı, hüquqi dövlət quruculuğunun vacib elementi kimi qəbul olunmalıdır.
Əsas fəaliyyət istiqamətlərindən biri hüquqi maarifləndirmə olan Ədliyyə Nazirliyi bu məsələdə önəmli rola malik olmaqla, öz fəaliyyəti haqqında ictimai maraq kəsb edən məlumatları kütləvi informasiya vasitələrində yaymaq vəzifəsini əməkdaşlıq, şəffaflıq və qarşılıqlı məsuliyyət əsasında yerinə yetirir. Eyni zamanda, nazirlik tətəfindən mətbu nəşrlərin uçotu aparılır. Hazırda əhalinin hüquqi maarifləndirilməsi işində fəal iştirak edən nazirliyin rəsmi internet saytı, sosial şəbəkələri fəaliyyət göstərir, əməkdaşların yazıları muxtar respublikanın mətbuat orqanlarında dərc olunur.
Vətəndаşın hüquq mədəniyyəti оnun öz hüquqlаrını dürüst bilməsi, hаbеlə öz vəzifələrini layiqincə yеrinə yеtirməsindən asılıdır. Hüquq təbliğatın zəif оlmаsı, təzаdlı, düzgün оlmаyаn tərbiyə ilə cəmiyyətdə hüquq pozuntularının sayının artması arasında səbəbli əlaqə heç kimdə şübhə yaratmır. Bu səbəbdən hüquq tərbiyəsi, hüququn təbliği və qanunvericiliyin izahı cinаyətkarlığın qаrşısının аlınmаsındа ən mühüm vаsitə kimi nəzərdən keçirilməlidir. Dövlət orqanları ilə media arasında səmərəli münasibətlərin qurulması müasir dövrün yeni çağırışlarından və hüquqi dövlət quruculuğunun əsas elementlərindən biridir. Media azadlığı, mətbuatın açıqlığı hüquqi dövlətin mühüm atributu və həlledici demokratiya meyarı hesab olunduğundan, kütləvi informasiya vasitələri üçün ictimai xarakterli informasiyaya sərbəst və maneəsiz çıxış imkanlarının yaradılması hazırki dövrdə dövlət orqanlarının qanunvericilik qaydasında təsbit olunmuş vəzifələrini təşkil etməklə, həm də əksər dünya ölkələri ilə müqayisə oluna bilən, daim inkişafda olan bir proses kimi səciyyələndirilməlidir.
Fikir, söz və məlumat azadlığı, sərbəst düşüncə kütləvi informasiya vasitələrinin və bütövlükdə müasir informasiya cəmiyyətinin söykəndiyi əsas dəyər və məqsədlər olmaqla, eyni zamanda kütləvi informasiya vasitələri hakimiyyətin fəaliyyəti haqqında cəmiyyətin məlumatlandırılmasını və ictimai fikrin ifadə olunmasını təmin edən təsirli vasitə kimi dövlətin informasiya siyasətinin mühüm sosial institutlarından biridir. Hüquq-mühafizə, o cümlədən ədliyyə orqanlarının ictimaiyyətlə və kütləvi informasiya vasitələri ilə əlaqələrinin qurulması, ictimai münasibətlərinin daha da yaxınlaşdırılması və inkişafı spesifik hüquqi metodlara əsaslanır. Ədliyyə orqanları qarşısında qanunçuluğun təmin edilməsi, insan hüquqlarının müdafiəsi, cəza-icra siyasətinin humanistləşdirilməsi, ədalət mühakiməsinin səmərəliliyinin daha da artırılması, yeni informasiya texnologiyalarının tətbiqi, hüquqi maarifləndirmə kimi vəzifələr dayandığından bu sahənin ictimaiyyət ilə əlaqələri hazırda daha sıx və intensiv xarakter daşıyır.
Hüquqi maarifləndirmə işinin əhəmiyyətini qeyd edən Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri demişdir: “Hüquqi maarif işinin təşkil edildiyi bir cəmiyyətdə işləmək də, yaşamaq da rahatdır və belə cəmiyyət inkişaf edir. Ona görə də bizim əsas vəzifələrimiz hüquq maarifi işini gücləndirməkdən ibarət olmalıdır”. Demokratik dövlət quruculuğunda insanların sağlam hüquqi düşüncəyə və hüquq mədəniyyətinə malik olmaları əsas şərtlərdəndir. Hüquq maarifinin yüksək səviyyədə olmasını ədliyyə əməkdaşları özləri üçün əsas vəzifə hesab edərək bu istiqamətdə işlərini günün tələbləri səviyyəsində qurmağa çalışırlar. Rayonlarda da hüquqi maarifləndirmə işi yerli qurumların əməkdaşları tərəfindən davam etdirilir.
Nuranə Kərimova
Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin əməkdaşı
12 sentyabr 2020-ci il tarixdə "www.naxcivanxeberleri.com" saytında dərc edilmişdir.