date saat
Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən muxtar respublikada fəaliyyət göstərən məhkəmə, prokurorluq və polis orqanlarına metodiki köməklik göstərmək məqsədilə məhkəmə-psixoloji ekspertizası üzrə suallar toplusu hazırlanmış və həmin orqanlara göndərilmişdir. Topluda qeyd edilir ki, aparılan təhlil və ümumiləşdirmələr nəticəsində müəyyən edilmişdir ki, məhkəmə-psixoliji ekspertizası üzrə məhkəmə və hüquq mühafizə orqanlarının metodiki köməkliyin göstərilməsinə ehtiyac vardır. Artıq mərkəzdə məhkəmə-psixoloji ekspertizası sahəsində cinayət işləri ilə yanaşı, eyni zamanda mülki işlər üzrə də ekspertizalar təyin oluna bilər. Ona görə də işin hallarından asılı olaraq məhkəmə və hüquq-mühafizə orqanlarından təyin oluna biləcək məhkəmə-psixoloji ekspertizası üzrə işlərə metodiki köməkliyin göstərilməsi məqsədilə mərkəzin psixoloji ekspertləri tərəfindən tövsiyyələr və suallar toplusu hazırlanmışdır. Həmin tövsiyələrə əsasən qeyd edilən ekspertiza sahəsi üzrə həm cinayət, həm də mülki işlər üzrə təyin oluna bilən ekspertizaların növləri və işin hallarından asılı olaraq qarşıya qoyulacaq sualların əhatə dairəsini müəyyən edilir.
Toplunun göndərilməsində əsas məqsəd məhkəmə-psixoloji ekspertizasının təyin edilməsinə məhkəmə və hüquq-mühafizə orqanları əvvəlcədən hazırlaşmasına köməklik göstərməkdir. İlk növbədə, ekspert qarşısında qoyulacaq suallar və bununla bağlı, ekspertizanın növü müəyyən edilməlidir. Rəy verilməsi üçün zəruri olan materiallar toplanmalı, ekspertizanın növündən asılı olaraq müayinə ediləcək şəxs ekspertizaya təqdim edilməlidir. Ekspert rəyinin tam, hərtərəfli və obyektiv olması üçün ekspertizanın istintaqın hansı mərhələsində keçirilməsi dəqiqləşdirilməlidir. Məhkəmə-psixoloji ekspertizası cinayətin təhqiqatı ilə bağlı ortaya çıxan bəzi məsələlərin həlli üçün xüsusi psixoloji biliklər tələb edildiyi anda təxirə salınmadan təyin edilməlidir. Digər hallarda isə ekspert qarşısında qoyulmuş suallarla əlaqədar rəy verilməsi üçün zəruri materiallar toplanmış olduğu təqdirdə təyin olunur. Ekspert rəy vermək üçün məhkəmə prosesinə də dəvət oluna bilər. Məhkəmə-psixoloji ekspertizası psixi cəhətdən tam sağlam olan şəxsin psixi fəaliyyətinin onun davranışına göstərdiyi təsirin xarakterini müəyyən etdiyindən, psixoloji müayinədən keçəcək şəxsin psixi sağlamlığına tam əmin olduqdan sonra məhkəmə-psixoloji ekspertizası təyin edilə bilər.
Naxçıvan Muxtar Respublikası
Ədliyyə Nazirliyinin mətbuat xidməti