date saat
Naxçıvan Muxtar Respublikasında fəaliyyət göstərən dövlət və xüsusi notariat ofislərində 2020-ci ilin müvafiq dövründə görülmüş işlər və qarşıda duran vəzifələrə dair xidməti müşavirə keçirilmişdir.
Müşavirəni giriş sözü ilə Naxçıvan Muxtar Respublikasının Ədliyyə naziri baş ədliyyə müşaviri Daşqın Rəhimov açaraq bildirib ki, notariat fəaliyyətinin həyata keçirilməsi nazirliyin əsas fəaliyyət istqamətlərindəndir. Notariat fəaliyyəti həyata keçirilərkən qanunvericiliyə əsasən xidmət düzgün təşkil edilməlidir. Notarius tərəfindən ofislərə müraciət edən vətəndaşların qanuni mənafeləri qorunmalı, aparılan əməliyyatlar düzgün rəsmiləşdirilməlidir.
Vurğulanıb ki, notarius fiziki və hüquqi şəxslərə aparılan notariat hərəkətləri ilə bağlı onların hüquq və vəzifələrini izah etməli, bu hüquqların həyata keçirilməsi və qanuni mənafelərinin qorunması üçün köməklik göstərməlidir. Hüquqi məlumatsızlığın onlara vura biləcəyi ziyanın qarşısını almaq üçün notariat hərəkətlərinin aparılması nəticələri barədə onlara xəbərdarlıq etməlidir. Notarius Azərbaycan Respublikasının qanunvericilik aktlarına əməl etməli, peşə fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar ona məlum olan məlumatları gizli saxlamalıdır.
Sonra Qeydiyyat və notariat şöbəsinin Notariat bölməsinin rəisi əvəzi ədliyyə müşaviri Zülfü İsmayılov, dövlət və xüsusi notariat ofislərinin notariusları fəaliyyətləri bağlı məruzə etmişlər.
Sonda nazir müşavirəyə yekun vuraraq bildirdi ki verilən tapşırıqlar və qarşıda duran vəzifələr yerinə yetirilməli, nazirlik tərəfindən xüsusi notariusların fəaliyyəti ilə bağlı təşkilati məsələlər daim diqqətdə saxlanılmalıdır. Notariuslar öz növbəsində notariat hərəkətlərinin rəsmiləşdirilməsi zamanı qanunun tələblərinə ciddi əməl etməli, “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununa müvafiq olaraq nəzərdə tutulan rüsum vaxtında dövlət büdcəsinə köçürülməlidir. Rəsmiləşdirilən notariat əməliyyatları ilə bağlı məlumatlar elektron notariat informasiya sisteminə düzgün yerləşdirilməli, tərəflərin iştirakı zəruri olan notariat hərəkətləri zamanı hər iki tərəfin iştirakı təmin edilməlidir. Daşınmaz əmlakın özgəninkiləşdirilməsi ilə bağlı əqdlər təsdiq edilərkən əmlakın qiymətinin real bazar qiymətinə uyğunluğu yoxlanılmalıdır. Notariuslar nizam-intizamlı olmalı və notariat hərəkətlərinin aparılması üçün müraciət etmiş şəxslərlə nəzakətli davranmalıdırlar. Fəaliyyətləri ilə bağlı nazirliyin apardığı hüquqi maarifləndirmə tədbirlərində yaxından iştirak etməlidirlər.
Naxçıvan Muxtar Respublikası
Ədliyyə Nazirliyinin mətbuat xidməti