date saat
Nazirlik tərəfindən əsas fəaliyyət istiqamətlərindən olan məhkəmə qərarlarının vaxtında tam icra olunmasına nəzarət edilir, icrası uzun müddət davam edən aliment, pul tələbi işlərinin icrasında yaxından iştirak edilir. Nazirliyin İcra və probasiya şöbəsinin və İstintaq bölməsinin əməkdaşları birlikdə icra sənədi üzrə icradan yayınan borclular barədə profilaktik tədbirlər görmək məqsədilə yerli icra və probasiya qurumlarında tədbirlər keçirirlər. Növbəti tədbir sentyabrın 11-də Kəngərli Rayon İcra və Probasiya bölməsində təşkil edilmişdir.
Tədbirdə bölmənin icraatında olan aliment və pul tələbinə dair icra sənədləri üzrə icradan yayınan borclularla profilaktiki söhbətlər aparılmış, onlara icra sənədi üzrə tələblərin vaxtında yerinə yetirilməməsinə görə hansı məsuliyyətə cəlb oluna biləcəkləri barədə qanunvericiliyin tələbləri izah edilmişdir.
İcradan yayınan borclu şəxslərə məlumat verilmişdir ki, icra qanunvericiliyinin tələblərinə əsasən məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar olaraq icra məmurunun tələblərinin yerinə yetirilməməsinə görə təqsirkar şəxslər Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsi ilə inzibati məsuliyyətə cəlb olunurlar. İnzibati məsuliyyətə cəlb edildikdən sonra qanunsuz hərəkətlərini davam etdirdikləri təqdirdə isə onlar Azərbaycan Respublikasının Cinayət Məcəlləsi ilə cinayət məsuliyyətinə cəlb edilirlər.
Sonra icra işləri üzrə borclular dinlənilmiş və yaranmış çətinliklərin aradan qaldırılması istiqamətində müzakirələr aparılmışdır. Bu sahədə profilaktik tədbirlərin görülməsi istiqamətində işlər davam etdirilir.
Naxçıvan Muxtar Respublikasının
Ədliyyə Nazirliyinin mətbuat xidməti