date saat

Bələdiyyələrin kənd təsərrüfatı təyinatlı torpaqlarının icarəyə verilməsi zamanı qanunvericiliyin tələblərinin gözlənilməsi nəzarətdə saxlanılır. Bu məqsədlə Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin, Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidmətinin əməkdaşlarından ibarət yaradılmış işçi qrup, Şərur Rayon İcra Hakimiyyətinin nümayəndələrinin də iştirakı ilə  rayon ərazisində fəaliyyət göstərən yerli özünüidarəetmə orqanlarının mülkiyyətində olan kənd təsərrüfatı təyinatlı torpaqların qanunvericiliyə uyğun icarəyə verilməsinin monitorinqini aparmışlar. İşçi qrup  bələdiyyə sədrləri ilə görüşmüş və icarəyə veriləcək torpaq sahələrinə baxış keçirmişdir. Monitorinq zamanı qeyd olunmuşdur ki, muxtar respublikamızda aqrar sahədə həyata keçirilən islahatlar kənd təsərrüfatının inkişafına, kəndlinin həyat şəraitinin yaxşılaşmasına səbəb olmuşdur. Ölkəmizdə bələdiyyə qanunvericiliyinin təkmilləşdirilməsi nəticəsində  bələdiyyə torpaqlarının fiziki və hüquqi şəxslərə icarəyə verilməsi və istifadə imkanları genişləndirilmişdir.

Vurğulanıb ki, torpağın icarəyə verilməsi ilə bağlı məsələlərin qanunvericiliklə tənzimlənməsi torpağın icarəyə verilməsi hüququnun həyata keçirilməsinə geniş imkanlar yaradır. Torpaq sahəsi üzrə bağlanan  icarə müqaviləsində tərəflərin hüquqları və vəzifələri Azərbaycan Respublikasının Torpaq Məcəlləsi, “Torpaq icarəsi haqqında” və “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” qanunlarının normalarında təsbit edilmişdir. Bələdiyyə mülkiyyətində olan torpaqların icarəyə verilməsi yalnız bələdiyyənin qəbul etdiyi qərarlar vasitəsilə rəsmiləşdirilməli, icarəyə verilən torpaq sahələri ilə əlaqədar yazılı müqavilələr tərtib edilməlidir. Müqavilədə həmin ərazinin ölçüsü, keyfiyyət kateqoriyası, təyinatı, icarənin müddəti, icarə haqqı və torpaqların mühafizəsi  ilə bağlı müddəalar göstərilməlidir. İcarə haqqı müəyyən edilərkən həmin ərazi üzrə bazar məzənnələri nəzərə alınmalıdır. Bazar məzənnəsi dəyişkən olduğu üçün hər bir torpaq sahəsinə ayrıca yanaşılmalı, torpağın keyfiyyət kateqoriyası, məhsuldarlığı, yeri və başqa yararlılıq göstəriciləri əsas götürülməlidir. İcarə müqaviləsinin müddəti on bir aydan çox olduqda daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmalıdır.

Keçirilən monitorinq zamanı torpaq icarəsi haqqında münasibətlərin pozulmasına görə qanunvericiliklə nəzərdə tutulan məsuliyyətlər haqqında iştirakçılara geniş məlumat verilmişdir.

Monitorinqlərin aparılması davam etdirilir.

 

  Naxçıvan Muxtar Respublikasının

Ədliyyə Nazirliyinin mətbuat xidməti