date saat

Dövlət orqanları ilə kütləvi informasiya vasitələri arasında səmərəli münasibətlərin qurulması çağdaş dövrün əsas tələblərindən və hüquqi dövlət quruculuğunun vacib elementlərindən biridir. Dövlət orqanları qanunla müəyyən edilmiş qaydada ictimai xarakterli informasiyaya sərbəst və maneəsiz çıxış imkanlarının yaradılması vəzifəsini yerinə yetirirlər. İnformasiya texnologiyalarının sürətli inkişafı dövlət orqanlarının da zamanın tələbləri ilə ayaqlaşmasını şərtləndirir. Belə ki, zamanla insanların informasiya almaq imkanları dəyişir. Əvvəllər televiziya, qəzet və jurnallar informasiya mənbəyi hesab olunurdusa artıq insanların əksəriyyəti internet resurslarının imkanlarından yararlanmağa çalışırlar.

Ədliyyə sahəsində dövlət siyasətinin formalaşmasında iştirak edən və bu siyasətin həyata keçirilməsini təmin edən nazirlik hüquqi maarifləndirmə işində önəmli rola malikdir.

Nazirlik öz fəaliyyəti haqqında ictimai maraq kəsb edən məlumatları kütləvi informasiya vasitələrində yaymaqla vətəndaşların hüquq sahəsində maariflənməsində yaxından iştirak edir. Nazirlik insanların daha çox sosial şəbəkələrdən informasiya mənbəyi kimi istifadəsini nəzərə alaraq ilin əvvəlində rəsmi instaqram səhifəsini, hazırda isə özünün rəsmi facebook səhifəsini ictimaiyyətin istifadəsinə verib. Belə ki, instaqram səhifəsində olduğu kimi facebook səhifəsində də muxtar respublika ilə əlaqədar rəsmi xəbərlər, nazirliyin fəaliyyət istiqamətinə uyğun gördüyü işlər və hüquqi maarifləndirmə xarakterli paylaşımlar edilməsi nəzərdə tutulmuşdur. Qeyd edək ki, facebook sosial şəbəkəsinə həm də nazirliyin rəsmi internet səhifəsi olan edliyye.nakhchivan.az saytından keçid təmin edilmişdir. Sosial şəbəkə istifadəçiləri vaxt itkisinə yol vermədən ədliyyə orqanlarının fəaliyyəti ilə əlaqədar müraciətlər göndərə bilər, nazirliyin fəaliyyət istiqamətləri üzrə görülən işlərlə yanaşı hüquqi maarifləndirmə mövzularında məlumatlarla daha yaxından tanış ola bilərlər.  

İstifadəçilər yeni yaradılmış səhifəyə aşağıdakı keçid vasitəsilə qoşula bilərlər:https://www.facebook.com/edliyye.nakhchivan.mr /  

 

              Naxçıvan Muxtar Respublikası

         Ədliyyə Nazirliyinin mətbuat xidməti