date saat
Ədliyyə Nazirliyi muxtar respublika ərazisində fəaliyyət göstərən yerli özünüidarə orqanlarına metodiki köməklik göstərmək işini davam etdirir. Bu məqsədlə nazirliyin əməkdaşları Şərur rayonu üzrə fəaliyyət göstərən bələdiyyələrdə olaraq onlara növbəti metodiki köməkliklər göstərmiş, maarifləndirici söhbətlər aparmışlar. Qeyd olunmuşdur ki, muxtar respublikada uğurla həyata keçirilən demokratik və hüquqi islahatlar nəticəsində son illər böyük sosial-iqtisadi tərəqqi əldə olunmuş, dinamik inkişaf həyatımızın bütün sahələrini əhatə etmişdir. Aparılan tikinti-quruculuq və abadlıq işləri nəticəsində bələdiyyə orqanları da müasir tipli yeni inzibati binalarda lazimi iş şərati ilə təmin olunmuşlar. Ötən müddət ərzində nazirlik tərəfindən mütəmadi olaraq bələdiyyələrə metodiki köməkliklər göstərilmiş və onlar metodiki vəsaitlərlə təmin edilmişlər. Bu vəsaitlərin təmin edilməsinin əsas məqsədi bələdiyyə üzvlərinin və qulluqçularının qanunvericilik aktlarının tələbləri barədə məlumatlandırılması və öz fəaliyyətlərində tətbiq etməsidir.
Nazirliyin əməkdaşları bələdiyyələrinin kargüzarlıq sənədlərinə təkrar baxış keçirmiş, onlara lazimi metodiki tövsiyələr vermiş, bələdiyyə sədrlərinə “Metodik sənədlər toplusu”, “Torpaqlardan istifadəyə və onların mühafizəsinə dövlət nəzarətinin səmərəli təşkili və yerquruluşu işlərinin aparılması məqsədi ilə tədbirlərin görülməsinə dair”, “Qəbiristanlıqların saxlanılması və idarə olunması haqqında yaddaş kitabçası” və “Bələdiyyə üzvünün yaddaş kitabçası” adlı metodiki vəsaitlər təqdim edilmişdir.
Nazirlik bu istiqamətdə muxtar respublikanın digər rayonlarında da tədbirlərini davam etdirməklə bələdiyyə üzvləri və qulluqçularının maarifləndirilməsini və onlara hüquqi, metodoloji yardım göstərilməsi işini davam etdirəcəkdir.
Naxçıvan Muxtar Respublikasının
Ədliyyə Nazirliyinin mətbuat xidməti