date saat

Ölkə Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə respublikamızda insan hüquqlarının qorunmasına daim xüsusi önəm verilir, bu sahədə mütərəqqi hüquqi islahatlar aparılır, cəza-icra siyasəti humanistləşdirilir. Həmin islahatların nəticəsidir ki, azadlıqdan məhrum etmə cəzasının tətbiqinin azaldılması və alternativ cəzalara üstünlük verilməsi məqsədilə ölkə prezidentinin cəza siyasətinin humanistləşdirilməsinə dair 10 fevral 2017-ci tarixli Sərəncamı ilə cinayət qanunvericiliyinə əsaslı dəyişikliklər edilmiş, azadlığın məhdudlaşdırılmasına dair yeni cəza növü müəyyən olunmuşdur.  Sərəncama uyğun olaraq cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan cəzaların icrasına effektiv nəzarətin təşkil edilməsi və bu sahədə idarəetmənin həyata keçirilməsi üçün probasiya xidməti yaradılmışdır.

Ədliyyə sistemində yaradılan yeni  probasiya sahəsi müasir informasiya kommunikasiya texnologiyaları ilə elektron nəzarət vasitələrinin tətbiqini həyata keçirir. Cəzaya məhkum edilmiş şəxslər üzərində probasiya nəzarəti elektron  vasitələrlə həyata keçirilir. Bu vasitələrə məhkumların üzərinə taxılması nəzərdə tutulan elektron nəzarət vasitəsi, mobil qurğular, eləcə də izlənmə monitorları daxildir.

Muxtar respublikada aparılan hüquqi islahatların davamı kimi Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 18 may 2018-ci il tarixli Sərəncamı ilə Naxçıvan Muxtar Respublikasının Ədliyyə Nazirliyinin probasiya sahəsində fəaliyyət istiqaməti yaradılmışdır. Ali Məclis Sədrinin diqqət və qayğısı ilə qısa zamanda nazirlikdə elektron nəzarəti həyata keçirmək məqsədilə elektron izlənmə sistemi qurulmuşdur. Sistem Azərbaycan Respublikası Ədliyyə Nazirliyində yerləşən mərkəzi serverə qoşuludur. İcra məmurları tərəfindən elektron nəzarət vasitəsi (elektron qolbaq, mobil nəzarət qurğusu, ev siqnal ötürücüsü) məhkum edilmiş  şəxslərin üzərinə bağlanır ki, bu da onların hərəkət trayektoriyalarının  izlənməsinə, müvafiq məlumatların izlənmə monitoruna ötürülməsinə imkan yaradır. İzlənmə monitoru 24 saat ərzində fasiləsiz aparılan bütün izlənmə məlumatlarını qəbul edir, məhkum edilmiş şəxslərlə operativ əlaqəni təmin edir və ona nəzarəti həyata keçirir.

Nazirliyin əməkdaşları tərəfindən mütəmadi olaraq muxtar respublika ərazisində cəza çəkən şəxslərlə aparılan profilaktiki söhbətlər nəticəsində bu günədək hər hansı qanun pozuntu halı baş verməmişdir. Aparılan profilaktiki söhbətlərdə məhkumlara izah olunur ki, məhkəmə qərarında nəzərdə tutulan məhdudiyyətlərə uyğun olaraq hərəkət trayektoriyasına əməl etməli, daşıdıqları texniki qurğulara mütəmadi qulluq göstərilməli, vaxtında enerji təhcizatı təmin olunmalıdır.

 

               Naxçıvan Muxtar Respublikası

         Ədliyyə Nazirliyinin mətbuat xidməti