date saat

Ədliyyə Nazirliyinin aparatının və Məhkəmə Ekspertizası Mərkəzinin əməkdaşlarının iştirakı ilə sosial məsafə qaydaları gözlənilməklə ayrılıqda tədris saatları təşkil edilmişdir. Tədris saatlarında nizam-intizam qaydalarının möhkəmləndirilməsi, etik davranış qaydalarına əməl olunması, icra və əmək intizamına riayət edilməsi əməkdaşların diqqətinə çatdırılmışdır.

Təşkilat-nəzarət şöbəsinin rəisi baş ədliyyə müşaviri Səttar Zamanov mövzu ilə əlaqədar əsas məqamları iştirakçıların diqqətə çatdırmışdır. Bildirmişdir ki, mütəmadi olaraq ədliyyə qulluqçularının maarifləndirilməsi həyata keçirilir, hər bir ədliyyə işçisinin etik davranış qaydalarına, nizam-intizama əməl etmələrinə nəzarət edilir və bu istiqamətdə tədbirlər görülür. Nizam-intizama riayət edilməsi, işçilərin öz üzərində işləməsi və maariflənməsi nazirlik sistemində çalışan hər bir əməkdaşın qarşısına qoyulan əsas vəzifələrdən biridir. Əməkdaşların istər xidməti, istərsə də xidmətdən kənar davranış qaydalarına əməl etməsi, eyni zamanda fəaliyyəti ilə bağlı müntəzəm olaraq təhlillər aparılır.

Vurğulanıb ki, istifadəmizdə olan dövlət əmlakından, rabitə, kompüter və digər kommunikasiya sistemlərindən, maddi–texniki təchizat avadanlıqlarından qənaətlə və səmərəli istifadə edilməlidir. Bizim hər birimizin nizam-intizama riayət etməsi, eləcə də öz üzərimizdə işləməsi, maariflənməsi iş fəaliyyətmizdə çox önəmlidir. Ona görə də əməkdaşlar xidməti vəzifələrinin icrasına diqqətlə yanaşmalıdırlar.

Tədris saatlarında Kadrlar bölməsinin rəisi ədliyyə müşaviri Niyaməddin Əliyev bu sahədə mövcud qanunvericiliyin tələblərini diqqətə çatdırmışdır. Qeyd etmişdir ki, ədliyyə orqanları işçilərinin etik davranış qaydalarında göstərilir ki, ədliyyə işçisi ünsiyyətdə olduğu bütün şəxslərlə davranışında nəzakətli, diqqətli və təmkinli olmalıdır. Peşə fəaliyyəti ilə əlaqədar iradları, tənqidi fikirləri qəbul etməli, qiymətləndirməli və onlardan düzgün nəticə çıxarmalıdır. Ədliyyə orqanlarında və struktur bölmələrdə işləyən əməkdaş nizam-intizam qaydalarına əməl etməli, qanunvericiliyin tələblərinin pozulmasına yol verməməlidir. Qanunun tələblərinə əməl etməyən əməkdaşlar qanunvericiliklə nəzərdə tutulmuş qaydada intizam məsuliyyətinə cəlb olunurlar.

Tədris saatlarının digər tabe qurumların əməkdaşları üçün təşkil edilməsi nəzərdə tutulur.

 

          Naxçıvan Muxtar Respublikası

      Ədliyyə Nazirliynin mətbuat xidməti