date saat

Bələdiyyə mülkiyyətində olan kənd təsərrüfatlı torpaqların icarəyə verilməsi zamanı qanunvericiliyin tələblərinə əməl edilməsinə nəzarətin artırılması məqsədilə Naxçıvan Muxtar Respublikasının Ədliyyə Nazirliyinin, Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidmətinin əməkdaşlarından ibarət yaradılmış işçi qrup öz fəaliyyətini Ordubad rayonunda davam etdirmişdir. Belə ki, işçi qrup Ordubad rayon icra hakimiyyəti nümayəndələrinin də iştirakı ilə rayon üzrə fəaliyyət göstərən bələdiyyələrdə olaraq bələdiyyə sədrləri ilə görüşmüş, bələdiyyə mülkiyyətində olan kənd təsərrüfatlı torpaqlara baxış keçirməklə qanunvericiliyə uyğun icarəyə verilməsinin monitorinqini həyata keçirmişlər. Monitorinq zamanı qeyd olunmuşdur ki, dövlət səviyyəsində aqrar sahədə həyata keçirilən islahatlar və bu sahəyə göstərilən diqqət və qayğı istehsalçıların yeni nailiyyətlər qazanmasına şərait yaradır.

Bu gün əsasən kəndlərimizdə yaşayan kənd təsərrüfatı məhsullarının istehsalçıları olan torpaq mülkiyyətçiləri muxtar respublikamızın ərzaq təhlükəsizliyinin təmin olunmasında yaxından iştirak edirlər. Torpaq sahələrinin mülkiyyətçiləri əkin sahələrinin genişləndirilməsi üçün xüsusilə bələdiyyə mülkiyyətində olan torpaqlardan da icarə üsülu ilə istifadə edirlər.

Bələdiyyə torpaqlarının icarəyə verilməsi ilə bağlı məsələlərin qanunvericiliklə tənzimlənməsi torpağın icarəyə verilməsi hüququnun həyata keçirilməsinə geniş imkanlar yaradır. Bələdiyyə torpaqlarının icarəyə verilməsinə dair müqavilədəki şərtlər icarəyəverənin və icarəçinin razılığı ilə müəyyənləşdirilir və onların arasında qanunvericilikdə təsbit olunmuş qaydada müqavilə bağlanır. Bələdiyyəyə edilmiş yazılı müraciətlərə baxıldıqdan sonra bələdiyyə qərarı qəbul edilməli və torpaq icarəsi müqaviləsi yazılı qaydada tərtib olunmalıdır. İcarə müqaviləsində icarəyəverilən torpaq sahəsinin ölçüsü, keyfiyyət kateqoriyası, təyinatı, icarənin müddəti, icarə haqqı, ödənilmə qaydaları, torpaqların istifadəsi, mühafizəsi və keyfiyyətinin yaxşılaşdırılması şərtləri nəzərdə tutulmalıdır.

Monitorinq zamanı torpaq icarəsi haqqında münasibətlərin pozulmasına görə qanunvericiliklə nəzərdə tutulmuş məsuliyyət barədə vətəndaşlara ətraflı məlumat verilmişdir.

Monitorinqlər muxtar respublikanın digər şəhər və rayonlarında davam etdirilir.

 

        Naxçıvan Muxtar Respublikası

     Ədliyyə Nazirliyinin mətbuat xidməti