date saat

Ad insan həyatında mühüm əhəmiyyət kəsb edən amillərdəndir. Buna görə də uşaq böyüyəndə öz adı haqqında düşünməyə başlayır, valideynlərinin nə üçün bu adı seçdikləri onda maraq doğurur və adının mənasını öyrənməyə, axtarmağa çalışır, bəzən adından utanır. Ad yaxşı olarsa, təbii ki, uşaq da bu adın təsiri altında böyüyəcək, ona layiq olmağa çalışacaq.

Yeni doğulmuş uşaqlara ad seçimi ilə bağlı qanunvericiliyin öz tələbləri vardır. BMT-nin Uşaq hüquqları haqqında Konvensiyasında uşağın doğulduqdan dərhal sonra ad almaq hüququna malik olduğu göstərilir. Azərbaycan Respublikası Mülki Məcəlləsində isə göstərilir ki, hər bir fiziki şəxsin addan, ata adından və soyaddan ibarət adı almaq hüququ vardır. Fiziki şəxs hüquq və vəzifələri öz adı ilə əldə edir və həyata keçirir. Qanunla nəzərdə tutulmuş hallarda və qaydada fiziki şəxs təxəllüsdən (uydurma addan) istifadə edə bilər. Qeyd edək ki, fiziki şəxsin qanunla müəyyənləşdirilmiş qaydada öz adını dəyişdirmək ixtiyarı vardır və adını dəyişdirməsi onun əvvəlki adı ilə əldə etdiyi hüquq və vəzifələrə xitam vermir və ya bunları dəyişdirmir.

Ad insanı geniş insan kütləsi arasında, o cümlədən mülki hüquq münasibətlərində fərdiləşdirən bir vasitədir. Tarixən insanlara anadan olduqları vaxtdan müəyyən ad verilir və həmin şəxs bu ad altında yaşayıb fəaliyyət göstərir. Adsız fəaliyyət göstərən şəxs olur, lakin adsız insan olmur. Belə ki, müəllif öz əsərini adsız (anonim) yaya bilər, lakin bu o demək deyildir ki, onun müəyyən adı yoxdur.

Mülki qanunvericiliyə görə, ad məfhumu şəxsin adı ilə yanaşı, onun soyadını və atasının adını da əhatə edir. Şəxsin adı bu üç göstərici ilə ifadə olunur. Hər bir fiziki şəxs mülki hüquq münasibətlərinə girmək üçün öz adından müəyyən müqavilə bağlayır, əmlakını öz adından satır, bağışlayır, vəsiyyət edir və sair.
Uşağın ad daşımaq hüququ Ailə Məcəlləsində də öz əksini tapıb. Məcəllədə göstərilir ki, uşağa ad valideynlərin razılığı ilə verilir. Ad seçərkən mənasına diqqət edilməlidir. Çünki cəmiyyətdə yaxşı, mənalı adlarla yanaşı, mənasız adları olan, adları ilə müsbət və mənfi təsəvvür yaradan, narahatlıq hissi keçirənlər də var. İnsanın gün ərzində dəfələrlə adı ilə çağırıldığını nəzərə alsaq, bunun əhəmiyyətini anlamaq çətin olmaz. Ola bilər ki, ad deyiliş baxımdan yaxşı olsun, amma bir məna kəsb etməsin. Qeyd edək ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il 12 may tarixli Qərarı ilə təsdiq edilmiş “Adın, soyadın verilməsi və dəyişdirilməsi Qaydaları”nda göstərilir ki, yeni doğulmuş uşağa onun mənafeyinə xələl gətirə biləcək, habelə şəxsin cinsinə uyğun gəlməyən və ya gülüşdoğuran adların qoyulmasına yol verilmir. Uşağa ad seçərkən onun gələcəyini mütləq nəzərə almaq lazımdır. Bəzən də elə adlar verilir ki, bu da cəmiyyət arasında birmənalı qarşılanmır. Yəni ad həmin şəxsin xarakterinə uyğun gəlmir. Bu səbəblərə görə də insanlar adlarını dəyişməyə məcbur olurlar. Ailə qanunvericiliyinə əsasən vətəndaşların öz adını dəyişdirməsinə 18 yaşına çatdıqdan sonra yol verilir. Valideynlər ailədə vətənpərvər, milli dəyərlərə bağlı övladlar yetişdirmək istəyirsə, ad seçiminə diqqətlə yanaşmalıdırlar.
Ad seçimində çətinlik çəkən valideynlər “Azərbaycan dilində şəxs adlarının izahlı lüğəti”, eləcə də “Antroponimlər lüğəti”nə müraciət edə bilərlər. Bu çətinlikləri asanlaşdırmaq və aradan qaldırmaq məqsədilə vətəndaşlar Ədliyyə Nazirliyinin internet səhifəsinin “Dövlət xidmətləri” bölməsindən “Azərbaycan adları barədə məlumat” e-xidmət vasitəsilə Azərbaycan adlarının mənşəyi, onların izahlı şərhi, əhali arasında yayılma səviyyəsi barədə məlumatlar əldə edə bilərlər. Hər bir valideyn elə ad seçməlidir ki, həmin ad gələcəkdə uşağın cəmiyyətdə formalaşmasına mane olmasın. Çünki insanlar adla bir-birinə müraciət edirlər. Buna görə də hər bir şəxsin adı insanlar arasında ünsiyyət, münasibət yaratmağa xidmət edir. Adın seçilməsində kimlərin iştirak etməsinə baxmayaraq, əsas məsuliyyət ata və ana üzərinə düşür. Beləliklə, adseçmə məsuliyyətli bir seçimdir. Bəzi valideynlər bu məsuliyyətə bir o qədər əhəmiyyət vermirlər. Bunun mənfi nəticəsi uşaq böyüyəndən sonra ortaya çıxır. Qeyd edək ki, adların verilməsi ictimai hadisə hesab edilir, çünki hər bir ad xalqın milli-mənəvi dəyərini özündə əks etdirir.
Son illərdə cəmiyyətdə vətənpərvərlik tərbiyəsinin gücləndirilməsi, milli-mənəvi dəyərlərlə bağlı mühüm tədbirlərin həyata keçirilməsi bu sahədə müsbət nəticələrin əldə olunmasına imkan yaradır. Uyğun olmayan adlarla bağlı valideyn müraciətlərinə rast gəlinsə də, aparılan maarifləndirici söhbətlər bu kimi halların azalmasına, uşaqlara yaxşı, mənalı adların qoyulmasına gətirib çıxarır.

       

           İradə Quliyeva

      Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin əməkdaşı

     "Şərq qapısı" qəzetinin 20 avqust 2020-ci il tarixli nömrəsində dərc edilmişdir