date saat

12 avqust 2020-ci il tarixdə Naxçıvan Muxtar Respublikasında 2020-2021-ci illərin payız-qış mövsümünə hazırlıq və qarşıda duran vəzifələrlə əlaqədar keçirilmiş müşavirədə verilmiş tapşırıqların icrası ilə bağlı avqustun 17-də Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətində müşavirə keçirilmişdir.

Müşavirəni giriş sözü ilə Naxçıvan Muxtar Respublikasının Ədliyyə naziri baş ədliyyə müşaviri Daşqın Rəhimov açaraq bildirmişdir ki, 12 avqust 2020-ci il tarixdə keçirilən müşavirədə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri cənab Vasif Talıbov muxtar respublikanın qışa hazırlığını təhlil etmiş, görüləcək işlərlə bağlı müvafiq tapşırıqlar vermişdir.

Nazir bildirmişdir ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin ardıcıl və yorulmaz fəaliyyəti nəticəsində bu gün muxtar respublikamızda elektrik enerjisinin, suyun və təbii qazın verilməsi sahəsindəki problemlər tam şəkildə həll olunmuşdur. Lakin bu sahədə görülən işlər bizlərə arxayınlaşmaq üçün əsas vermir. Buna görə də payız-qış mövsümünə hazırlıq işləri hər il diqqət mərkəzində saxlanılır. Keçirilən müşavirədə növbəti mövsümə hazırlıqla əlaqədar dövlət orqanlarına müvafiq tapşırıqlar verilmişdir. Bu sahədə Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin də üzərinə mühüm vəzifələr qoyulmuşdur. Qeyd edilmişdir ki, Ədliyyə Nazirliyinin Penitensiar Xidməti cəzaçəkmə müəssisələrinin istiliklə təmin olunmasını, məhkumların isti geyim və ərzaqla təchizatını diqqətdə saxlamalıdır.

Vurğulanıb ki, payız-qış mövsümünə hazırlıqla bağlı artıq neçə ildir ki, davam edən təcrübəni nəzərə alaraq bu ildə qış mövsümünə hazırlıq vaxtında yerinə yetirməli, mövsümü təhlükəsiz və etibarlı şəkildə başa vurmalıyıq. Hər il olduğu kimi payız mövsümündə nazirliyin sisteminə daxil olan inzibati binaların qazanxanaları və kombi sistemləri nəzarətdən keçirilməli, su xətləri, nasoslar, digər texniki vasitələrin işlək vəziyyətdə olmasına nəzarət edilməlidir. Hazırda nazirliyin balansına daxil olan inzibati binaların qızdırılması üçün məhkəmələr üzrə 8, tabe qurumlar üzrə 7 qazanxana, 2 kombi sistemi quraşdırılıb istifadəyə verilmişdir. Qazanxana və kombilərdə texniki yoxlamalar davam etdirilməli, mövsümün əvvəlində qazanxanalara maye vurularaq su xətləri və nasoslar yoxlanılmalıdır. Qazanxanalar texniki tərəfdən saz vəziyyətdə olmalıdır. Təhlükəsizlik tələblərinə riayət edilməli, lazım gələrsə kiçik təmir işləri aparılmalıdır.

Cəzaçəkmə müəssisələrinin bütün tələbatları nəzərə alınaraq, məhkumların isti geyim və ərzaqla təminatı sahəsində ehtiyac üzrə sifarişlər verilərək təyinatı üzrə istifadəsi diqqət mərkəzində saxlanılmalıdır. Qış mövsümü üçün tədarük edilən qida məhsulların soyuducu anbarlarda saxlanmasına nəzarət edilməlidir. Şəxsi heyətin qış mövsümü ilə bağlı geyim dəstləri ilə təminatı diqqətdə saxlanılmalı, eləcə də onların vaxtında xidmət yerinə gediş-gəlişi üçün avtobus saz vəziyyətdə olmalıdır.

Məhkumların sağlamlığı da diqqətdə saxlanılmalıdır. Tibb-sanitar hissəsində lazımi dərman preparatalarının alınması, məhkumların mütəmadi olaraq həkim müayinəsindən keçirilməsi, qış mövsümü xəstəliklərinin müalicəsi üçün nəzərdə tutulan dərmanların sifariş verilməsi təmin edilməlidir. Koronavirus pandemiyası ilə əlaqədar olaraq çəzaçəkmə müəssisələrinin giriş və çıxışlarına nəzarət gücləndirilməli, kompleks dezinfeksiya tədbirləri davam etdirilməlidir.

Məruzə ətrafında Naxçıvan Muxtar Respublikası ədliyyə nazirinin müavini-Penitensiar Xidmətin rəisi ədliyyə general-mayoru Tofiq Həsənov, Xidmətin Qarışıq Rejimli Cəzaçəkmə Müəssisəsinin əməliyyat-rejim işləri üzrə rəis müavini vəzifəsini icra edən, ədliyyə polkovnik-leytenantı Rəşad Fərzəliyev, Mühafizə Taborunun qərargah rəisi, ədliyyə mayoru Ramin Əsgərov, nazirliyin Təşkilat-nəzarət şöbəsinin rəisi baş ədliyyə müşaviri Səttar Zamanov çıxış etmişlər.

Nazir müşavirəyə yekun vuraraq verilmiş tapşırıqların qısa zamanda təmin ediləcəyini bildirmiş, bu məqsədlə tədbirlər planı təsdiq edilmişdir.

 

          Naxçıvan Muxtar Respublikası

     Ədliyyə Nazirliyinin Mətbuat Xidməti