date saat

Avqustun 13-də Məhkəmə Ekspertizası Mərkəzində 2020-ci ilin birinci yarımilində görülən işlər və qarşıda duran vəzifələrə dair xidməti müşavirə keçirilmişdir. Müşavirədə hesabat dövrü ərzində daxil olan ekspertiza işlərinin geniş təhlili aparılmış, ekspertlərin peşə hazırlığı, ekspertiza işlərinin həyata keçirilməsi zamanı yaranan çətinliklər və qarşıda duran vəzifələr müzakirə olunmuşdur.

Ədliyyə naziri baş ədliyyə müşaviri Daşqın Rəhimov müşavirəni giriş sözü ilə açaraq qeyd etmişdir ki, altıncı çağırış Naxçıvan Muxtar Respublikası Ali Məclisinin üçüncü sessiyasında Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri tərəfindən nazirliyin üzərinə qoyulan vəzifələrdən biri də Məhkəmə Ekspertizası Mərkəzinin fəaliyyətinin diqqətdə saxlanılması olmuşdur. Hesabat dövrü ərzində mərkəzdə aparılan ekspertiza işlərinin keyfiyyətinin yüksəldilməsinə diqqət artırılmış,  istintaq və məhkəmə orqanları ilə səmərəli əməkdaşlıq təşkil olunmuşdur. Həmin orqanlardan daxil olmuş ekpertiza işləri müddət pozulmadan tədqiq edilərək adiyyəti üzrə göndərilmişdir. Eyni zamanda ekspertizaların tam və obyektiv aparılması məqsədilə metodiki məktubların məhkəmələrə göndərilməsi davam etdirilmişdir. Muxtar respublika rəhbərliyinin diqqət və qayğısı nəticəsində dövlət vəsaiti hesabına ehtiyac olan texniki avadanlıqlar alınaraq ekspertlərin istifadəsinə verilmişdir.

Məruzə ətrafında Məhkəmə Ekspertizası Mərkəzinin rəisi ədliyyə müşaviri Rafiq Cəfərov çıxış edərək bildirmişdir ki, 2020-ci ilin birinci yarımilində mərkəzə 104 iş daxil olmuşdur. Məhkəmə ballistik ekspertizası üzrə 8, trasoloji ekspertizası üzrə 5, daktiloskopik ekspertizası üzrə 2, xətşünaslıq ekspertizası üzrə 4, sənədlərin məhkəmə-texniki ekspertizası üzrə 1, farmpreparatların, sintetik təbiətli narkotik vasitələrin və psixotrop maddələrin ekspertizası üzrə 19, bitki mənşəli obyektlər və onlardan hazırlanmış narkotik vasitələrin ekspertizası üzrə 3, yol-nəqliyyat hadisələri ekspertizası üzrə 9, əmtəəşünaslıq ekspertizası üzrə 6, mühasibatlıq ekspertizası üzrə 32, tikinti-texniki ekspertizası üzrə 9, psixoloji ekspertizası üzrə 6 ekspertiza işi daxil olmuşdur.

Tədqiq olunmuş  ekspertiza işlərindən 67-ə rəy, 16-a isə arayış verilmiş, 7 ekspertiza işi icra olunmadan geri qaytarılmış və 4 ekspertiza işi üzrə vəsatət verildiyindən icrası müvəqqəti dayandırılmış, 10 ekspertiza işinin icrası hesabat dövrünün sonuna qalıq qalmışdır. Ekspertizalardan 43 iş 10 gün, 23 iş 20 gün, 17 iş 30 gün  müddətinə icra olunmuş, ekspertlər qarşısına qoyulmuş  177 sual cavablandırılmışdır.Tədqiqat prossesində maddi sübutların 193 ədəd fotoşəkilləri çəkilmiş, 1 ədəd cədvəl tərtib edilmişdir. 

Mərkəz tərəfindən mühasibatlıq, tikinti-texniki və xətşünaslıq ekspertizaları üzrə daxil olmuş ekspertizaların tam və obyektiv aparılmasını təmin etmək məqsədilə muxtar respublikasının rayon (şəhər) və ixtisaslaşdırılmış məhkəmələrinə ümumilikdə 29 ədəd metodiki məktub göndərilmişdir. Ekspertlər 5 dəfə tərtib etdikləri rəylərin izah edilməsi ilə bağlı məhkəmə iclaslarında iştirak etmişlər. Ekspertlərin, dövlət və xüsusi notariusların iştirakı ilə onlayn seminar təşkil edilmişdir.

İmza hüququ almaq üçün müvafiq kursu bitirmiş 3 stajor ekspert Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzində fəaliyyət göstərən imtahan komissiyasının təşkil etdiyi onlayn imtahanda iştirak etmiş və nəticələri məqbul hesab edilmişdir. Hazırda həmin ekspertlər 3 aylıq sınaq müddətinə ekspert vəzifəsinə təyin edilmişlər.

Sonra mərkəzin Əlyazmaların, səslərin və sənədlərin texniki ekspertizası bölməsinin böyük eksperti, I dərəcəli ədliyyə qulluqçusu Emin Əliyev, Yol-nəqliyyat hadisələri ekspertizası bölməsinin böyük eksperti, I dərəcəli ədliyyə qulluqçusu Məhəmməd Həşimov, Ballistik və trasoloji ekspertizalar bölməsinin eksperti Cavid Əliyev icraatlarında olan işlər və qarşıda duran vəzifələrlə bağlı məruzə etmişlər.

Nazir altıncı çağırış Naxçıvan Muxtar Respublikası Ali Məclisinin üçüncü sessiyasından irəli gələn vəzifələri bir daha ekspertlərin diqqətinə çatdıraraq bildirmişdir ki, mərkəzin fəaliyyətinin gücləndirilməsi məqsədilə ekspertlərin peşəkarlıq səviyyələrinin artırılması diqqətdə saxlanılmalı, verilən rəy və arayışların dolğun və aydın olması təmin edilməlidir. Verilən rəylərin düzgün təhlili aparılmalıdır. Ekspertiza təyin etmiş dövlət orqanları ilə əməkdaşlıq genişləndirilməli, seminarlar təşkil edilməlidir. Bütün ekspertiza sahələri üzrə tədqiqat aparılmasının yeni metod və üsulları mənimsənilməli, yeni alınmış texniki avadanlıqların imkanlarından geniş istifadə edilməlidir. Mərkəzin əməkdaşları arasında nizam-intizamın səviyyəsi yüksəldilməlidir.

 

     Naxçıvan Muxtar Respublikası

  Ədliyyə Nazirliyinin mətbuat xidməti