date saat

 

Avqustun 8-də nazirliyin İcra və probasiya şöbə və bölmələrinin əməkdaşlarının iştirakı ilə 2020-ci ilin altı ayı ərzində bu sahədə görülmüş işlər və qarşıda duran vəzifələrə dair xidməti müşavirə keçirilmişdir. Müşavirədə hesabat dövrü ərzində görülən işlərin geniş təhlili aparılmış, işlər üzrə icra olunma faizinin yüksəldilməsi, icra işlərinin həyata keçirilməsi zamanı yaranan çətinliklər və qarşıda duran vəzifələr müzakirə olunmuşdur.

Ədliyyə naziri baş ədliyyə müşaviri Daşqın Rəhimov müşavirəni giriş sözü ilə açaraq bildirmişdir ki, altıncı çağırış Naxçıvan Muxtar Respublikası Ali Məclisinin birinci və üçüncü sessiyalarında Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri tərəfindən nazirliyin üzərinə qoyulan vəzifələrdən biri də məhkəmə qərarlarının vaxtında icra olunmasını diqqətdə saxlanılması olmuşdur. Hesabat dövrü əsas fəaliyyət istiqamətlərimizdən olan məhkəmə və digər orqanların qərarlarının icrasının vaxtında və dürüst təmin edilməsinə də nəzarət artırılmışdır. Nazirliyin İcra və probasiya şöbəsinin əməkdaşlarından ibarət yaradılmış işçi qrup üzərinə götürdüyü icra sənədlərinin icrasına köməklik göstərilməsini davam etdirmiş, yerli icra və probasiya qurumların işlərinə metodiki və əməli köməklik göstərilmişdir. Bu sahədə vətəndaş müraciətlərinə xüsusi həssaslıqla yanaşılmış, hər bir müraciət diqqətlə öyrənilmiş, qanunamüvafiq və operativ qaydada həlli üçün konkret tədbirlər görülmüşdür. Eyni zamanda vətəndaşların nazirlikdə qəbulu həyata keçirilmiş, müraciətləri araşdırılaraq onlara lazimi köməkliklər göstərilmişdir.

Məruzə ətrafında nazirliyin icra və probasiya şöbəsinin rəisi baş ədliyyə müşaviri Emin Kazımov xidmətin altı ay ərzində görüdüyü işlər barədə məruzə etmişdir. Xidmətin icraatına daxil olan işlərin kateqoriyası barədə geniş məlumat vermişdir. Qeyd olunmuşdur ki, cari ilin hesabat dövründə icraata daxil olan işlərin sayı 2019-cu ilin müvafiq dövrünə nisbətən 276 iş az olmuşdur. Hazırda 7729 icra işi vardır ki, bunların da 6857-i ötən illərdən icrası davam edən işlərdir. 2020-ci ilin altı ayı ərzində icradan yayınan 101 nəfər borclunun ölkədən getmək hüququ məhdudlaşdırılmış, məhdudiyyətin qoyulmasına səbəb olmuş hallar aradan qalxdığına görə 96 nəfər borclunun üzərindən məhdudiyyət götürülmüş, aliment tələbi ilə bağlı işlər üzrə 16 nəfər, pul tələbi ilə bağlı işlər üzrə 3 nəfər olmaqla ümumilikdə 19 nəfər borclu inzibati qaydada həbs edilmişdir. İcradan yayınan borclular barəsində axtarış qərarı qəbul edilərək ərazi polis orqanlarına göndərilmişdir. İcra məmurları 77 cinayət, 549 mülki və 169 inzibati iş olmaqla, ümumilikdə 795 məhkəmə iclasında iştirak etmişlər. 8 nəfər məhkuma elektron nəzarət vasitələri tətbiq edilmiş və hazırda probasiya nəzarəti həyata keçirilir. Aliment tələbi ilə bağlı icra işi üzrə 1 nəfər borclu barəsində cinayət işi başlanılmışdır.

Sonra yerli icra və probasiya şöbə və bölmələrinin rəisləri icraatlarında olan işlərlə bağlı məruzə etmişlər. Çıxış edənlər daxil olan işlərin kateqoriyaları və təsnifatları barədə məlumat vermişlər.

Nazir sessiyalardan irəli gələn tapşırıqları bir daha əməkdaşların diqqətinə çatdıraraq bildirmişdir ki, qarşıya qoyulan vəzifələr növbəti hesabat dövrü əsas vəzifələrimizdən olmaqla icrası təmin olunacaqdır. Bununla əlaqədar olaraq icraatda olan işlərin icra olunma faizi yüksəldilməli, xüsusilə də aliment və pul tələblərində ödənişlərin vaxtında yerinə yetirilməsinə diqqət artırılmalıdır. İcra məmurları icra prosesi zamanı sənədlərin elektron izlənilməsi üçün “Elektron icra” sisteminin tətbiqini daha dərindən öyrənməlidirlər. Vətəndaşlarla və digər dövlət orqanlarının əməkdaşları ilə ünsiyyətdə təmkinli, diqqətli və səbirli, rəftarlarında nəzakətli olmalı, etik davranış və nizam-intizam qaydalarına düzgün əməl etməlidirlər. İcra işləri üzrə daxili işlər orqanlarının əməkdaşları ilə daha səmərəli əməkdaşlıq edilməlidir. Öhdəliklərini qərəzli yerinə yetirməyən borclularla bağlı tədbirlər görülməli, probasiya nəzarəti üzrə fəaliyyət diqqətdə saxlanılmalıdır.

Müşavirədə əvvəlki illərdə yol verilmiş nöqsanların bir daha təkrar olunmaması ilə bağlı tapşırıqlarını verən nazir altı ay ərzində öz xidməti vəzifələrinin icrasında fərqləndiklərinə görə 5 əməkdaşa hədiyyə təqdim etmişdir. Əmin olduğunu bildirmişdir ki, hər bir icra məmuru öz işinə ciddi münasibət göstərəcək, icraatında olan işlərin vaxtında icrasını təmin edəcək, vəzifə borcunu layiqincə yerinə yetirəcəkdir.

 

        Naxçıvan Muxtar Respublikası

     Ədliyyə Nazirliyinin mətbuat xidməti