date saat

Ədalət mühakiməsinin keyfiyyətinin yüksəldilməsi, məhkəmələrin cəmiyyətdəki statusunun qorunması, eləcədə insan hüquq və azadlıqlarının etibarlı təminatı baxımından məhkəməvə digər orqanların qərarlarının icrası vacibdir. Məhkəmə icraatının davamı və son mərhələsi olan məhkəmə qərarlarının icrası ədalət mühakiməsinin tərkib hissəsidir. Azərbaycan Respublikası Konstitusiyasında məhkəmə qərarlarının icra edilməməsinə görə məsuliyyət təsbit olunmuş, qanunvericilik əsaslı şəkildə yenilənərək təsirli icra mexanizmləri yaradılmış, icra məmurlarının səlahiyyətləri genişləndirilmiş, məhkəmə və digər orqanların qərarlarının icra edilməməsinə görə inzibati və cinayət məsuliyyəti sanksiyaları sərtləşdirilmişdir. Eyni zamanda, borclunun ölkədən getmək hüququnun məhdudlaşdırılması mexanizmi təkmilləşdirilmişdir. Nəticədə vətəndaşların hüquq və qanuni mənafelərinin qorunması sahəsində köklü dəyişikliklərə nail olunmuş, qanunvericilik əsaslı surətdə yenilənmişdir.

Ədliyyə Nazirliyi ötən dövrdə ədalətli məhkəmə hüququnun ayrılmaz tərkib hissəsi olan icra işinin səmərəliliyinin artırılması, icradan yayınma hallarının qarşısının alınması, icra qurumlarının yüksək hazırlıqlı kadrlarla komplektləşdirilməsi istiqamətində ardıcıl tədbirlər həyata keçirmişdir. Nazirliyin üzərinə düşən əsas vəzifələrdən biri də sözsüz ki, qərarların icrasını təmin etməkdir. Ona görə də bu sahədə işin düzgün qurulması, vətəndaşların hüquqlarının bərpa olunması, qərarların icrasının vaxtında və dürüst təmin edilməsinə nəzarət edilir.

Azərbaycan Respublikası Konstitusiyasında qeyd edilir ki, məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir. Qeyd edilən norma məhkəmə qərarlarının təsir gücünün və səmərəliliyinin yüksək səviyyədə təminatına, məhkəmə qərarlarının icrası sahəsində çətinliklərin aradan qaldırılmasına xidmət edir. Eyni zamanda qanunvericiliyə məhkəmə qərarlarının vaxtında və tam icrasına nail olunması, icradan yayınma hallarının qarşısının alınması üzrə fəaliyyətin gücləndirilməsi məqsədilə bir sıra mühüm müddəalar da əlavə edilmişdir. Belə ki, beynəlxalq standartlara uyğunlaşdırılmış icra qanunvericiliyinə müvafiq olaraq borclunun məcburi gətirilməsi, axtarışının elan edilməsi sahəsində onlara əlavə səlahiyyətlərin verilməsi, dövlət orqanları tərəfindən məhkəmə qərarlarının icrasına dair hesabat verilməsinin nəzərdə tutulması və digər zəruri tədbirlərin müəyyən edilməsi icra işində müsbət keyfiyyət dəyişikliklərinə imkan yaratmışdır.

Ədliyyə Nazirliyi icra və probasiya xidmətinin fəaliyyətinin təkmilləşdirilməsi və keyfiyyətinin artırılması, mövcud problemlərinin həlli məsələlərini daim diqqətdə saxlayır, eyni zamanda bu sahədə işin vəziyyəti vaxtaşırı müzakirə edilərək müvafiq qərarlar qəbul edilir. Xidmətin işinin günün tələbləri səviyyəsində qurulması, iş üsul və vasitələrinin təkmilləşdirilməsi, maddi-texniki təchizatının yaxşılaşdırılması üzrə ardıcıl tədbirlər görülür. İcra və probasiya şöbə və bölmələrinin icraatında olan aliment, pul tələbi, inzibati cərimə, uşaqla ünsiyyət, dövlət rüsumunun qaytarılması tələblərinə dair icra sənədləri üzrə icradan yayınan borclularla mütəmadi olaraq profilaktik söhbətlər aparılır, icra sənədi üzrə tələbin qərəzli olaraq icra edilməməsi və ya tələbin icrasına maneçilik törətmənin yaratdığı inzibati və cinayət məsuliyyəti barədə ətraflı məlumat verilir, qanunvericiliyin tələbləri izah edilir.

Nazirlik tərəfindən bu sahə üzrə profilaktika sahəsinə diqqət yetirilir. Borclu tərəflərlə aparılan profilaktiki tədbirlərdə məlumat verilir ki, “İcra haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə əsasən məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar olaraq icra məmurunun tələbləri Azərbaycan Respublikası ərazisində bütün orqanlar, hüquqi şəxslər, onların vəzifəli şəxsləri və fiziki şəxslər üçün məcburidir. Məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurlarının tələblərini yerinə yetirməyən, onlara həvalə edilmiş vəzifələrin icrasına mane olan şəxslər Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyırlar. İcra məmurunun tələblərini yerinə yetirməyən tərəflər Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsi ilə inzibati məsuliyyətə cəlb olunurlar. İnzibati məsuliyyətə cəlb edildikdən sonra qanunsuz hərəkətlərini davam etdirdikləri təqdirdə onlar Azərbaycan Respublikasının Cinayət Məcəlləsi ilə cinayət məsuliyyətinə  cəlb edilirlər.

İcra məmurları tərəfindən qanunçuluğa, etik davranış qaydalarına riayət olunmasına, insanlara layiqli xidmət göstərilməsi, onların müraciətlərinə daim həssaslıqla yanaşılması da diqqətdə saxlanılır. Bundan əlavə yerli  icra və probasiya qurumların işlərinə metodiki və əməli köməklik göstərilir. Nazirliyin əməkdaşlarından  ibarət işçi qrupu tərəfindən mütəmadi olaraq yerli icra və probasiya qurumlarındakı ümumi icra vəziyyəti araşdırılır, icrası çətinlik törədən işlərin müzakirəsi aparılır. Yerli qurumlara köməklik məqsədilə icrası çətinlik törədən işlərin bəziləri işçi qrupun nəzarətinə verilərək qısa zamanda icra edilməsi təmin edilir. Qanunçuluğun möhkəmləndirilməsi, əmək və icra intizamına diqqətin artırılması, tələbkarlığın və nəzarətin gücləndirilməsi, hər bir icra məmurunun fəaliyyətinin fərdi olaraq qiymətləndirilməsi bu sahədə işin səmərəliliyinə müsbət təsir göstərib.

Naхçıvan Muхtar Rеspublikası Ali Məclisi Sədrinin dəstəyi ilə  yerli icra və probasiya qurumlarının fəaliyyətində operativliyin və şəffaflığın təmin olunması üçün "Elektron icra" informasiya sisteminin tətbiq edilməsi ilə bağlı görülən işlər başa çatdırılıb. Artıq bütün yerli qurumlara daxil olan icra sənədlərinin qeydiyyatı bu sistem vasitəsilə aparılır. Elektron sistemin tətbiqi icra hərəkətlərinin mütəşəkkil və dürüst təmin olunmasına, elektron sənəd dövriyyəsinin təşkilinə, prosessual müddətlərə nəzarət olunmasına geniş imkanlar yaratmışdır.

Məhkəmə qərarlarının vaxtında icrasının təmin olunması vətəndaş məmnunluğu doğurur. Nazirlik tərəfindən vətəndaş müraciətlərinə daim xüsusi həssaslıqla yanaşılır, hər bir müraciət diqqətlə öyrənilir, onun qanunamüvafiq və operativ qaydada həlli üçün konkret tədbirlər görülür. Eyni zamanda vətəndaşlar mütəmadi olaraq nazirlikdə qəbul olunur, müraciətləri araşdırılaraq onlara lazimi köməklilər göstərilir.

Nazirlik altıncı çağırış Naxçıvan Muxtar Respublikası Ali Məclisinin üçüncü sessiyasında  məhkəmə qərarlarının vaxtında icra olunmasına diqqətin artırılması ilə bağlı qarşıya qoyulmuş vəzifələri də əsas götürərək məhkəməvə digər orqanların qərarlarının vaxtında icra edilməsi işinə nəzarəti bundan sonra da artıracaqdır.

 

                 Naxçıvan Muxtar Respublikası

         Ədliyyə Nazirliyinin mətbuat xidməti