date saat
Altıncı çağırış Naxçıvan Muxtar Respublikası Ali Məclisinin üçüncü sessiyasından irəli gələn vəzifələrə və Ədliyyə Nazirliyində 2020-ci ilin birinci yarımili ərzində görülən işlərə dair keçirilən kollegiya iclasında Naxçıvan Muxtar Respublikasının Ədliyyə naziri baş ədliyyə müşaviri Daşqın Rəhimov geniş məruzə ilə çıxış etmişdir.
Qeyd etmişdir ki, hesabat dövründə nazirlikdə və tabe qurumlarda maarifləndirmə və profilaktika tədbirləri ön planda saxlanılmış, məhkəmə qərarlarının vaxtında icrasına diqqət yetirilmiş, bələdiyyələrin fəaliyyətinə nəzarət artırılmış, bələdiyyə orqanlarına zəruri metodiki köməkliklər göstərilmişdir.
İcra və probasiya şöbə və bölmələrinin icraatına 1507 icra sənədi daxil olmuş, bunlardan 600 iş tam icra olunmuş, 816 iş icraya yönəlmiş, 43 iş geri qaytarılmış, 48 iş ərazi aidiyyəti üzrə göndərilmişdir. 101 borclunun ölkədən getmək hüququ müvəqqəti olaraq məhdudlaşdırılmış, 96 borclunun üzərinə qoyulmuş məhdudiyyət götürülmüşdür.
Dövlət notariat ofisləri tərəfindən 5407 müxtəlif məzmunlu notariat əməliyyatları aparılmış, dövlət büdcəsinə 40184 manat dövlət rüsumu ödənilmişdir. Rayon (şəhər) qeydiyyat şöbələri tərəfindən 4624 əməliyyat aparılmış və dövlət büdcəsinə 7800 manat dövlət rüsumu ödənilmişdir.
Hesabat dövründə bələdiyyələrə metodiki köməkliklər göstərilmiş, onların çatışmayan qeydiyyat kitabları və qovluqları təmin edilmiş, bələdiyyə fəaliyyətini təmin edən metodiki vəsaitlər paylanılmışdır. Nazirliyə daxil olmuş bələdiyyə aktlarından 1286-a müsbət rəy verilmiş, 1 aktın ləğv edilməsi təmin olunmuşdur.
Məhkəmə Ekspertizası Mərkəzinə daxil olan ekspertiza işləri üzrə 67 rəy, 16 arayış verilmiş, 7 ekspertiza işi icra olunmadan geri qaytarılmış, 4 işin icraatı vəsatət verildiyindən dayandırılmışdır. Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin ədliyyə orqanlarına göstərdiyi diqqət və qayğısı sayəsində ekspertiza mərkəzinə alınmış müasir avadanlıqların gətirilməsi təmin edilmişdir.
Nazirliyin hamiliyinə verilmiş Naxçıvan Dövlət Universitetinin hüquqşünaslıq ixtisasının tələbələri üçün 3 dəfə onlayn tədbir, dövlət və bələdiyyə idarəetməsi ixtisasının tələbələri üçün 1 dəfə onlayn seminar təşkil edilmişdir.
Penitensiar Xidmətdə qarşıya qoyulan vəzifələrin yerinə yetirilməsi istiqamətində işlər davam etdirilmiş, məhkum və həbs edilmiş şəxslərin hüquqları qorunmuş, təhlükəsizlik tədbirləri gücləndirilmişdir. 24 mart 2020-ci ildə Naxçıvan Muxtar Respublikası Ali Məclisində dünyada pandemiya elan olunan virusun muxtar respublika ərazisində yayılmasının qarşısının alınması ilə bağlı tədbirlərə həsr olunmuş müşavirədən irəli gələn vəzifələrlə əlaqədər olaraq cəzaçəkmə müəssisələrində qabaqlayıcı profilaktiki tədbirlər görülmüş, kompleks dezinfeksiya tədbirləri aparılmışdır.
Vurğulanıb ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri cənab Vasif Talıbovun altıncı çağrış Naxçıvan Muxtar Respublikası Ali Məclisinin üçüncü sessiyasında icra, ekspertiza və bələdiyyə fəaliyyəti ilə bağlı tapşırıqları təkçə bu sahələri deyil, nazirliyin bütün sahələrini əhatə etməklə icra olunacaqdır. Apardığımız hüquqi maarifləndirmə və profilaktika işi bundan sonra da daha keyfiyyətlə davam etdiriləcək, qarşıya qoyulan vəzifələr növbəti hesabat dövrü də icrası təmin olunacaqdır.
Hər bir xidmət sahəsinin işi diqqətdə saxlanılmaqla məhkəmə qərarlarının vaxtında icra edilməsinə nəzarət artırılmalıdır. Öhdəliklərini qərəzli yerinə yetirməyən borclularla bağlı tədbirlər görülməlidir. Ekspertlərin peşəkarlıq səviyyələrinin artırılması diqqətdə saxlanılmalı, verilən rəy və arayışların dolğun və aydın olması təmin edilməlidir. Bələdiyyə orqanlarına inzibati nəzarət gücləndirməlidir. Bu istiqamətdə maarifləndirici tədbirlər və profilaktika işi davam etdirilməlidir. Torpaqların icarəyə verilməsi zamanı qanunvericiliyə əməl edilməsinə nəzarət artırılmalı, aidiyyəti dövlət orqanları ilə əməkdaşlıq edilməlidir.
Penitensiar Xidmətdə profilaktika tədbirlərinə geniş yer verilməli, şəxsi heyətin və məhkumların maarifləndirilməsi ilə bağlı tədbirlər davam etdirilməlidir. Məhkumların sağlamlığı və sosial adaptasiya işi diqqət mərkəzində saxlanılmalıdır.
Məruzə ətrafında nazir müavini-Penitensiar Xidmətin rəisi, ədliyyə general-mayoru Tofiq Həsənov, Təşkilat-nəzarət şöbəsinin rəisi, baş ədliyyə müşaviri Səttar Zamanov, Məhkəmə Ekspertizası Mərkəzinin rəisi, ədliyyə müşaviri Rafiq Cəfərov, İcra və probasiya şöbəsinin rəisi, baş ədliyyə müşaviri Emin Kazımov, Bələdiyyələrlə iş mərkəzinin rəisi vəzifəsini icra edən, I dərəcəli ədliyyə qulluqçusu Xəyal Eyvazov çıxış etmişlər.
Sonda nazirliyin kollegiya qərarı qəbul edilmişdir.
Naxçıvan Muxtar Respublikası
Ədliyyə Nazirliyinin mətbuat xidməti