date saat

Ulu öndər Heydər Əliyevin başladığı islahatların nəticəsi olaraq kənd təsərrüfatı yeni inkişaf mərhələsinə qədəm qoydu, torpaq öz sahibinə – kəndliyə verildi və nəticədə, torpaq üzərində yeni mülkiyyət formaları, yeni əmək münasibətləri formalaşdı. Aqrar sahədə həyata keçirilən islahatlar muxtar respublikamızda da sahibkarlığın inkişafına, kəndlinin gün-güzəranının yaxşılaşmasına səbəb oldu.

Ölkəmiz dövlət müstəqilliyi qazandıqdan sonra icarə və torpaq icarəsi ilə bağlı məsələlərin tənzimlənməsinə də yüksək diqqət və hərtərəfli dövlət qayğısı göstərildi. “İcarə haqqında” və “Torpaq icarəsi haqqında” Azərbaycan Respublikası qanunlarının qəbul edilməsi ilə əmlakın və torpağın ayrı-ayrı fiziki və hüquqi şəxslərə icarəyə verilməsi imkanları reallaşdırıldı. “İcarə haqqında” Azərbaycan Respublikası Qanununa görə icarə əmlaka, torpağa və digər təbii ehtiyatlara müqavilə əsasında, əvəzi ödənilməklə müddətli sahib olmaq və bunlardan istifadə etməkdir. Qanunvericiliyə görə əmlakı icarəyə vermək hüququ mülkiyyətçiyə, onun vəkil etdiyi orqanlara, təşkilatlara və fiziki şəxslərə, habelə, əmlak üzərində digər əşya hüquqlarına malik olan şəxslərə malikdir.

“Torpaq icarəsi haqqında” Azərbaycan Respublikasının Qanunu dövlət, bələdiyyə və xüsusi mülkiyyətdə olan torpaqların icarəyə verilməsinin və icarə münasibətlərinin hüquqi əsaslarını tənzimləyir. Azərbaycan Respublikasının hüquqi və fiziki şəxslərinin xüsusi mülkiyyətində olan torpaqlar mülki və torpaq qanunvericiliyində nəzərdə tutulmuş qaydada icarəyə verilə bilər. İcarəyə verənlə icarəçi arasında yaranan hüquqi və iqtisadi əlaqələr torpaq üzərində icarə münasibətləridir. Torpaq üzərində icarə münasibətlərinin obyektləri dövlət, bələdiyyə və xüsusi mülkiyyətdə olan torpaqlardır. Torpaq üzərində icarə münasibətlərinin subyektləri Azərbaycan Respublikası, bələdiyyələr, respublikanın hüquqi şəxsləri və vətəndaşlarıdır. Hüquqi şəxslər və vətəndaşlar icarə münasibətlərində icarəyə verənlər və icarəçi müəyyən edilmiş qaydada bağlanılan müqavilədə təsbit olunur.

İcarə haqqı torpaqdan müddətli istifadəyə görə icarəçinin icarəyə verənə ödədiyi vəsaitdir. “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikası Qanununun tələbinə əsasən, torpaqların icarə haqqının torpağın normativ qiymətindən az olmamaq şərtilə bazar qiyməti nəzərə alınmaqla bələdiyyələr tərəfindən müəyyən edilir. Bazar məzənnəsi dəyişkən olduğu üçün hər bir torpaq sahəsinə ayrıca yanaşma olmalı, torpağın kateqoriyası, yerli və başqa yararlılıq göstəriciləri nəzərə alınmalıdır.

Torpağın icarəyə verilməsi ilə bağlı məsələlərin qanunvericiliklə tənzimlənməsi torpağın icarəyə verilməsi hüququnun həyata keçirilməsinə geniş imkanlar yaradır. Torpaqların icarəyə verilməsi, torpaqların əkin dövriyyəsinə cəlb olunmasına təsir edir ki, bu da ərzaq təhlükəsizliyinin təmin edilməsində çox əhəmiyyətlidir.

Torpaq icarəsi haqqında münasibətlərin pozulmasına görə qanunvericiliklə və müqavilə ilə məsuliyyət müəyyən edilibdir. Belə ki, torpaq üzərində qanunla müəyyən edilmiş mülkiyyət hüququnu pozma, yəni torpaq sahəsini özbaşınatutma, dəyişdirmə və ya becərmə cinayət məsuliyyəti yaradır və bu hallar mülkiyyət əleyhinə olan cinayətlər hesab olunur.

Qeyd edək ki, muxtar respublika əhalisinin 70 faizi kəndlərdə yaşayır və kənd təsərrüfatı ilə məşğul olur. Bələdiyyə mülkiyyətinin tərkibinə bələdiyyə torpaqları da daxil olduğundan torpaqlardan səmərəli istifadə yolları diqqətdə saxlanılır. Bununla əlaqədar Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyi tərəfindən bu sahədə bələdiyyələrin üzərinə düşən vəzifələrin izahı məqsədilə maarifləndirici seminarlar təşkil edilir, bələdiyyə torpaqların icarəyə verilməsi qaydaları ilə bağlı dair metodiki materiallar hazırlanaraq göndərilir.

Xəyal Eyvazov

Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin

Bələdiyyələrlə iş mərkəzinin rəisi vəzifəsini müvəqqəti icra edən, I dərəcəli ədliyyə qulluqçusu

 “Şərqin səhəri” qəzetinin 22 iyul 2020-ci il tarixli nömrəsində dərc edilmişdir.