date saat

Dövlət orqanları ilə media arasında səmərəli münasibətlərin qurulması müasir dövrün yeni çağırışlarından və hüquqi dövlət quruculuğunun əsas elementlərindən biridir. Media azadlığı, mətbuatın açıqlığı hüquqi dövlətin mühüm atributu və həlledici demokratiya meyarı hesab olunduğundan, kütləvi informasiya vasitələri üçün ictimai xarakterli informasiyaya sərbəst və maneəsiz çıxış imkanlarının yaradılması hazırki dövrdə dövlət orqanlarının qanunvericilik qaydasında təsbit olunmuş vəzifələrini təşkil etməklə, həm də əksər dünya ölkələri ilə müqayisə oluna bilən, daim inkişafda olan bir proses kimi səciyyələndirilməlidir.

Ədliyyə sahəsində dövlət siyasətinin formalaşmasında iştirak edən və bu siyasətin həyata keçirilməsini təmin edən nazirlik hüquqi maarifləndirmə işində önəmli rola malik olmaqla, öz fəaliyyəti haqqında ictimai maraq kəsb edən məlumatları kütləvi informasiya vasitələrində yaymaq vəzifəsini əməkdaşlıq, şəffaflıq və qarşılıqlı məsuliyyət əsasında yerinə yetirir. Yaşadığımız hüquqi, demokratik və dünyəvi bir cəmiyyətdə vətəndaşların sağlam hüquqi düşüncəyə və yüksək hüquq mədəniyyətinə malik olmaları böyük əhəmiyyət kəsb edir. Hüquq düşüncəsi-insanların hüquqa, qanunçuluğa və ədalət mühakiməsinə münasibətinin, onların nəyin hüquqi və nəyin hüquqa zidd olması haqqındakı təsəvvürlərinin və ideyaların cəmini özündə birləşdirir. Cəmiyyətin hüquq mədəniyyətinə onun hüquq düşüncəsinin səviyyəsi, ictimаi şüurun hüquqа münаsibəti əhəmiyyətli dərəcədə təsir edir. Onu yüksəltmək üçün hüququn təbliği işi yüksək səviyyədə təşkil olunmalı, hüquqi dövlət quruculuğunun vacib elementi kimi qəbul olunmalıdır. Vətəndаşın hüquq mədəniyyəti оnun öz hüquqlаrını dürüst bilməsi, hаbеlə öz vəzifələrini layiqincə yеrinə yеtirməsindən asılıdır. Hüquqi təbliğatın zəif оlmаsı, təzаdlı, düzgün оlmаyаn tərbiyə ilə cəmiyyətdə hüquq pozuntularının sayının artması arasında səbəbli əlaqə heç kimdə şübhə yaratmır. Bu səbəbdən hüquq tərbiyəsi, hüququn təbliği və qanunvericiliyin izahı cinаyətkarlığın qаrşısının аlınmаsındа ən mühüm vаsitə kimi nəzərdən keçirilməlidir.

Nazirlik əhalinin vətəndaş hüquqları barədə məlumatlandırılması və onlara hüquqi yardım göstərilməsi məqsədilə muxtar respublikanın kütləvi informasiya vasitələrinin imkanlarından istifadə etməklə maarifləndirmə tədbirlərini həyata keçirir. Hər il olduğu kimi 2020-ci ilin birinci yarımili ərzində hüquqi maarifləndirmə tədbirləri diqqətdə saxlanılmaqla nazirliyin əməkdaşları tərəfindən 120-yə yaxın çıxış edilmiş, qanunvericiliyin müxtəlif hüquqi, aktual mövzularında tamaşaçı, dinləyici və oxuculara geniş məlumat verilmişdir. Müxtəlif informasiya vasitələrində nazirliklə bağlı 50-yə qədər xəbər formatlı yazı yerləşdirilmişdir.Hazırda əhalinin hüquqi maarifləndirilməsi işində fəal iştirak edən nazirliyin rəsmi electron internet səhifəsində hesabat dövrü 30-dan artıq xəbər formatlı yazılar və fotoşəkillər yerləşdirilmişdir. Saytın “Hüquqi maarifləndirmə” bölməsində ədliyyə sahəsinə dair “Sual-cavab” və “Bələdiyyə fəaliyyətinə dair tövsiyələr” altbölmələri mütəmadi olaraq yenilənmişdir. Rəsmi instaqram səhifəsində isə muxtar respublikaya dair rəsmi xronika və nazirliyin fəaliyyəti haqqında 90-a yaxın məlumat yerləşdirilmişdir.

Altıncı çağırış Naxçıvan Muxtar Respublikası Ali Məclisinin birinci sessiyasında qəbul olunmuş fəaliyyət proqramı əsas götürülərək nazirlik bundan sonra da hüquqi maarifləndirməni ön planda saxlayacaqdır.

 

             Naxçıvan Muxtar Respublikası

         Ədliyyə Nazirliyinin mətbuat xidməti