date saat

Hər kəsin təhlükəsiz və sağlam şəraitdə işləmək hüququ əmək hüququnun mühüm tərkib hissəsidir. Bu hüququn məzmunu hər bir işçinin həyatına və sağlamlığına mənfi təsir etməyən, zərər vurmayan və təhlükəsizlik tələblərinə cavab verən şəraitdə işləməkdən ibarətdir. Eyni zamanda işəgötürən tərəfindən əməyin təhlükəsizliyinin, işçilərin həyatının, sağlamlığının və əməyinin mühafizəsinin təmin edilməsini nəzərdə tutur. Dövlət bu hüququn həyata keçirilməsini təmin edən müvafiq hüquqi tənzimlənməni yerinə yetirir. Həmçinin bu hüquqların həyata keçirilməsinə nəzarət edən və müasir çağırışlara cavab verən səmərəli mexanizmlər təsis edir.

Azərbaycan Respublikasının Konstitusiyasına əsasən əmək fərdi və ictimai rifahın əsasıdır. Buna müvafiq olaraq əməyin iqtisadi və sosial ölçüləri vardır. Bu baxımdan əmək hüququ fərdin və onun ailəsinin rifahına və inkişafına, habelə cəmiyyətdə özünü dərk etməsinə təsir edir. Əmək hüququnun bu təyinatları hər kəsin sərbəst surətdə özünə fəaliyyət növü, peşə, məşğuliyyət və iş yeri seçməsi ilə xarakterizə olunur. Əməyin mühafizəsi ilə bağlı normaların işəgötürən tərəfindən yerinə yetirilməsini təmin edən vasitələrdən biri əmək qanunvericiliyində nəzərdə tutulmuş qarşılıqlı maddi məsuliyyətdir. Qeyd edək ki, yalnız əmək münasibətləri olduğu halda işəgötürən və işçi birinin digərinə vurduğu ziyana görə maddi məsuliyyət daşıyır. Əmək münasibətləri yazılı formada əmək müqaviləsi bağlandıqda və əmək müqaviləsi bildirişlərinin “Elektron hökumət” portalı üzərindən qeydiyyata alınmasından sonra yaranır.

İşçi əmək münasibətlərində işəgötürənə nisbətən iqtisadi cəhətdən daha zəif tərəfdir. İşçinin əməkhaqqı, bir qayda olaraq, onun və ailə üzvlərinin yaşaması üçün əsas gəlir mənbəyidir. İşəgötürən isə işçidən fərqli olaraq iqtisadi baxımdan daha güclü tərəf olmaqla, təşkilati-sərəncamverici səlahiyyətlərə malikdir. Qanunvericilikdə işəgötürənin işçiyə münasibətdə tam maddi məsuliyyəti müəyyən edilib. İşçinin və işəgötürənin maddi məsuliyyətinin qarşılıqlı xarakteri əmək münasibətlərindən irəli gəlir. Bu münasibətlər müqavilə xarakterli olduğundan tərəflərdən birinin əmək münasibətlərindən irəli gələn vəzifələrindən hər hansı birinin yerinə yetirilmədiyi halda digər subyektə vurduğu ziyanı ödəmək vəzifəsini nəzərdə tutur. Belə ki, əmək münasibətlərinin əsas prinsiplərindən biri əmək müqaviləsi üzrə öhdəliklərin icrasına hüquqi təminatın yaradılmasıdır. Bu prinsipə müvafiq olaraq əmək müqaviləsi üzrə işçinin həyatını, sağlamlığını, əməyinin mühafizəsini təmin edən əmək şəraitində çalışmaq və əmək funksiyasının yerinə yetirilməsi zamanı əmlakına və səhhətinə dəyən ziyanın ödənilməsini tələb etmək hüquqları vardır.

Müasir dövrdə sosial xidmətlərin elektronlaşdırılması prosesi daha məqsədyönlü şəkildə icra edilir. Belə ki, qazanılan təcrübə sayəsində, sosial mühitin ən aktual sahələri üzrə mövcud xidmətlər elektronlaşdırılaraq vətəndaşların istifadəsinə verilir. Qeyd edək ki, belə mexanizmlərdən biri də əmək müqaviləsi bildirişinin qeydiyyata alınmasıdır. Bu bildirişlərin forması və onun elektron informasiya sisteminə daxil edilməsi və digər məsələləri tənzimləyən qaydalar da təsdiq edilib. Elektron hökumət rəqəmsal ictimai münasibətlərin yaradılması istiqamətində icra olunan işlər çərçivəsində elektron sənəd dövriyyəsini təmin edən mühüm amillərdən biridir və elektron imza kağızla aparılan əməliyyatların elektronlaşdırılmasına xidmət edir. Elektron imza rəsmi sənədlərin kağız üzərində imzalı-möhürlü formalarını eyni hüquqi qüvvəyə malik rəqəmsal sənədlərlə əvəzlənməsinə vasitəçilik edir.
Rəqəmsal ictimai xidmətlər təkcə məmur-vətəndaş münasibətlərinin şəffaflığına deyil, eyni zamanda idarəçilik prinsiplərinin effektivləşdirilməsinə də xidmət edir. Buna əyani nümunə kimi, son zamanlar əmək sahələrində canlanma yaradan əmək müqaviləsi bildirişlərinin “Elektron hökumət” portalı üzərindən qeydiyyata alınmasını göstərmək olar. Məlumdur ki, muxtar respublikada müxtəlif fəaliyyət sahələri üzrə yaradılan şirkətlərin, təşkilatların, iaşə obyektlərinin sayı sürətlə artır. Bu, muxtar respublika iqtisadiyyatının inkişafını əks etdirən göstəricidir. Əmək müqaviləsi işçi-işəgötürən münasibətlərinin təminatı olmaqla, hər iki tərəfin hüquqlarını qoruyur. Qeyd edək ki, əvvəllər əmək müqavilələri kağız üzərində bağlanırdı ki, bu da yeni işəgötürənin məlumatı olmadan başqa müəssisədə əmək müqaviləsinin bağlanmasına səbəb olurdu. Əmək qanunvericiliyinə edilmiş dəyişiklikdən sonra əmək müqaviləsi bildirişi “Elektron hökumət” portalı üzərindən qeydiyyata alınarkən həmin işçinin başqa işə götürənlə əmək müqaviləsinin olub-olmaması barədə işəgötürən elektron portaldan məlumat əldə edir. Bu, öz növbəsində, məşğulluqla bağlı statistikanın çıxarılmasında mühüm əhəmiyyət daşıyır.
Əmək Məcəlləsinə edilmiş dəyişik­liklər nəticəsində əmək müqaviləsi bildirişi üzrə elektron informasiya sisteminin yaradılmasının hüquqi əsasları müəyyən olunub. Belə ki, edilən dəyişiklikliyə əsasən əmək müqaviləsi bildirişinin müvafiq elektron informasiya sisteminə daxil olunması işəgötürənin vəzifələrinə aid edilib. Məcəllənin müvafiq maddəsində göstərilir ki, əmək müqaviləsinin bağlanılması, ona dəyişiklik edilməsi və ya xitam verilməsi bununla bağlı elektron informasiya sisteminə daxil edilmiş əmək müqaviləsi bildirişinin həmin elektron informasiya sistemində qeydiyyata alınmasından və bu barədə işəgötürənə elektron qaydada məlumat göndərilməsindən sonra hüquqi qüvvəyə minir.
Əmək qanunvericiliyinə əsasən əmək müqaviləsinin bağlanılması, ona dəyişiklik edilməsi və ya xitam verilməsi müvafiq icra hakimiyyəti orqanının mərkəzləşdirilmiş elektron informasiya sistemində elektron qaydada qeydiyyata alınır. İşəgötürən elektron imza vasitəsilə əmək müqaviləsinin bildirişini həmin elektron informasiya sisteminə daxil edir. Bildirişin qeydiyyata alınması barədə bir iş günündən gec olmayaraq, sistem vasitəsilə işəgötürənə elektron qaydada məlumat göndərilir. Yerli investisiyalı məhdud məsuliyyətli cəmiyyətin elektron dövlət qeydiyyatına alınması üçün ərizədə qeyd olunmuş işçilərlə ilk dəfə əmək müqaviləsinin bağlanılması elektron informasiya sistemində bir iş günündən gec olmayaraq, işəgötürənə və Vergi Xidmətinə elektron qaydada məlumat şəklində göndərilir. Bunun üçün işəgötürənlərin və ya onların səlahiyyət verdiyi şəxslərin gücləndirilmiş elektron imzası olmalıdır. Məhz elektron imza işəgötürənin işçi ilə imzaladığı və möhür ilə təsdiq etdiyi əmək müqaviləsinin sistemə daxil edilərkən eyni hüquqi qüvvəni saxlamasını təmin edir. Sistemdə işəgötürən tərəfindən təsdiq edilmiş hüquqi qüvvəyə malik əmək müqaviləsi yerləşdirilir. Hər bir işçi onunla bağlı müvafiq əmək müqaviləsi bildirişinin məlumatlarını “Elektron hökumət” portalının mövcud autentifıkasiya vasitələrindən istifadə edərək “Əmək müqaviləsi bildirişlərinin məlumatlarının işçilər tərəfindən əldə edilməsi” xidmətini seçərək özü barədə müvafiq məlumatı əldə edə bilər. İşəgötürənə elektron informasiya sistemi vasitəsilə ona aid olan əmək müqaviləsi bildirişlərinin və bu bildirişlərlə bağlı göndərilən məlumatların reyestrinə baxmaq və onları çap etmək imkanı yaradılır. Elektron informasiya sistemi işəgötürənlərin və işçilərin digər işəgötürən və işçilər barədə sistemdən məlumat almasına imkan yaratmır. Qeyd edək ki, elektron imza vasitəsilə sistemə daxil edilən əmək müqaviləsi bildirişi eynilə kağız üzərində olduğu kimi, hər iki tərəfin hüquqlarını müdafiə edərək məsuliyyətdən yayınmanın qarşısını alır.
Bu sistem işçilərin əmək hüquqlarının müdafiəsinə, habelə işəgötürən-işçi münasibətlərinə nəzarəti artırmaqla bərabər, iqtisadi inkişafın sürətləndirilməsinə və sosial rifahın yüksəldilməsinə müsbət təsir göstərir.

Niyaməddin Əlivev
Naxçıvan Muxtar Respublikası
Ədliyyə Nazirliyinin Kadrlar
bölməsinin rəisi, ədliyyə müşaviri