date saat
Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin təşkilatçılığı, Naxçıvan Dövlət Universitetinin və Naxçıvan Universitetinin müəllim və tələbələrinin iştirakı ilə “Nikahın pozulmasının hüquqi və sosioloji tərəfləri” mövzusunda onlayn konfrans keçirilmişdir.
Konfransı Ədliyyə Nazirliyinin Təşkilat-nəzarət şöbəsinin rəisi Səttar Zamanov açaraq tədbirin əhəmiyyəti barədə məlumat verib. Qeyd olunub ki, muxtar respublikada aztəminatlı ailələrə ünvanlı sosial yardımların verilməsi, gənc ailələr üçün yeni yaşayış komplekslərinin tikilməsi və onlara ipoteka kreditlərinin ayrılması ailə institutuna göstərilən qayğının bariz nümunəsidir. Məhz bu siyasətin nəticəsidir ki, ailə quran gənclərin sayı ildən-ilə artır, boşanmaların sayı isə azalır. Çünki ölkəmizdə ailə dövlət tərəfindən qorunur və himayə edilir. Azərbaycan Respublikasının Konstitusiyası və qanunlarımız ailənin cəmiyyətdəki layiqli mövqeyinə təminat yaradır. Dövlətin bu sahədəki siyasətini özündə ehtiva edən Azərbaycan Respublikasının Ailə Məcəlləsi nikahın bağlanması, nikaha xitam verilməsi və onun etibarsız sayılması qaydaları və şərtlərini müəyyən edir.
Təəssüf ki, bəzən ailə daxili baş verən anlaşılmazlıqlar və münaqişələr ər-arvadın birgə yaşamasının və ailənin saxlanmasının qeyri-mümkünlüyünü zəruri edir. Bu da tərəflər arasında nikahın pozulması ilə nəticələnir. Tərəflər məhkəməyə və qeydiyyat şöbəsinə müraciət edərək nikahlarını pozurlar. Bu cür halların baş verməsi gələcəkdə həmin ailədə böyüyən uşaqların həyatına, tərbiyəsinə mənfi psixoloji təsir edir.
Mövzu ətrafında nazirliyin əməkdaşı Həbibə Əliyeva “Nikahın pozulmasının hüquqi tərəfləri” mövzusunda çıxışında qeyd edib ki, ailə münasibətlərinin hüquqi tənzimi, ailədaxili məsələlərin qarşılıqlı razılıq əsasında həll olunması uşaqların ailə tərbiyəsinin üstünlüyü, onların rifahına və inkişafına qayğı prinsiplərinə uyğun həyata keçirilir.
Onlayn konfransda nazirliyin əməkdaşı Rəşad Allahverdiyev “Nikah pozulduqdan sonra alimentin ödənilməsi ilə bağlı yaranan çətinliklər”, Məhkəmə Ekspertizası Mərkəzinin psixoloq eksperti Fariz Səyyadov “Nikahın pozulmasının uşaqlara sosial-psixoloji təsiri”, Naxçıvan Universitetinin müəllimi Aygün Rüstəmova “Sağlam ailə münasibətlərinin formalaşmasında təhsilin rolu”, Naxçıvan Dövlət Universitetinin müəllimi Yunis Xəlilov “Boşanma ərəfəsində uşaqların mənəvi və psixoloji zərər görməməsi üçün zəruri olan hərəkətlər ” mövzularında çıxış edərək iştirakçılara ətraflı məlumat veriblər.
Sonda mövzular ətrafında müzakirələr aparılmışdır.
Naxçıvan Muxtar Respublikası
Ədliyyə Nazirliyinin mətbuat xidməti