date saat

Ölkəmizin nail olduğu ən mühüm demokratik dəyərlərdən biri yerli özünüidarəetmə institutunun formalaşmasıdır. Yerli özünüidarə orqanları demokratik quruluşun əsaslarından birini təşkil etməklə dövlətin idarə olunmasında vətəndaşların iştirakını təmin edən çox mühüm vasitədir. Bələdiyyə qanunvericiliyinə əsasən muxtar respublikada bələdiyyələrin fəaliyyətinə inzibati nəzarətin təşkili və onlara metodiki köməkliyin göstərilməsi Ədliyyə Nazirliyi tərəfindən həyata keçirilir. Nazirlik əsas fəaliyyət istiqamətlərindən olan bələdiyyələrə metodik köməklik göstərilməsi sahəsində işini davam etdirmiş, inzibati nəzarətin həyata keçirilməsini diqqətdə saxlamış, bələdiyyə fəaliyyətinin səmərəli həyata keçirilməsinə, onlar tərəfindən qanunvericiliyə əməl edilməsinə nəzarət edilmişdir.

Ötən dövrdə muxtar respublikamızda yerli özünüidarənin təkmilləşdirilməsi ilə bağlı həyata keçirilən tədbirlər bələdiyyələrin imkanlarını genişləndirmiş, yerli əhəmiyyətli məsələlərin həlli ilə bağlı qarşıya qoyulan vəzifələrin yerinə yetirilməsi üçün əlverişli şərait yaratmışdır. Bələdiyyələrin fəaliyyətində qanunçuluğun təmin edilməsi, qəbul edilmiş qanunvericilik aktlarının mahiyyətinin öyrənilməsi və düzgün tətbiq edilməsi, bələdiyyələrdə kargüzarlıq işlərinin qanunvericiliyin tələblərinə uyğun aparılması məqsədi ilə nazirlik tərəfindən muxtar respublikanın şəhər və rayonlarında mütəmadi olaraq seminarların keçirilməsi təşkil olunmuşdur.

Yeni formalaşan yerli özünüidarəetmə orqanlarına metodiki köməklik göstərilməsi işi davam etdirilməklə bu ilin may ayından başlayaraq nazirliyin işçilərindən ibarət komissiya tərəfindən vəzifələrin icrasıyla əlaqədar olaraq muxtar respublikanın şəhər və rayonlarında fəaliyyət göstərən  bələdiyyələrin kargüzarlıq sənədlərinə baxış keçirilmişdir. Bələdiyyələrdə çatışmayan jurnal və qovluqlar təmin edilmiş, işlənilmə qaydaları izah olunmuşdur. Keçirilən görüşlərdə  bələdiyyə üzvlərinə və sədrlərinə qanunvericiliyin tələbləri izah edilmiş, yol verilmiş nöqsanların və çatışmazlıqların aradan qaldırılması yolları göstərilmiş və onların təkrar edilməməsi tövsiyə edilmişdir.

Görüşlərdə qeyd edilib ki, muxtar respublikada bütün bələdiyyələr üçün yaxşı iş şəraiti yaradılıb, yeni inzibati mərkəzlərdə bələdiyyələr üçün xidməti otaqlar ayrılıb, lazımi təhcizatla təmin edilib. Bunun müqabilində də bələdiyyələr işlərinə məsuliyyətlə yanaşmalı, vaxtında kargüzarlıq sənədlərini işləməli, qəbul edilən bələdiyyə qərarlarında qanunvericiliyin tələbləri gözlənilməlidir. Bələdiyyə sədri və qulluqçusu üçün  nəzərdə tutulan vəzifələrin icrası təmin edilməlidir.

Muxtar respublikamızda bələdiyyə fəaliyyətinin təkmilləşdirilməsi, cəmiyyətdə bələdiyyələrin rolunun artırılması, bələdiyyələr tərəfindən qanunçuluğa tam əməl edilməsi, onların fəaliyyətinə inzibati nəzarətin yüksək səviyyədə həyata keçirilməsi istiqamətində nazirlik olaraq bundan sonra da zəruri maarifləndirmə tədbirləri görüləcəkdir. Bələdiyyələrin işinin təşkilinə kömək etmək və onlara metodoloji yardım göstərmək, bələdiyyələrin fəaliyyətinə inzibati nəzarəti həyata keçirmək işi davam etdirilməklə bələdiyyələrin fəaliyyətində qanunçuluğun təmin edilməsi, bələdiyyə fəaliyyətini tənzimləyən qanunvericilik aktlarına edilmiş  əlavə və dəyişikliklərin mahiyyətinin öyrənilməsi və düzgün tətbiq edilməsi yerli özünüidarəetmə orqanları ilə profilaktik, maarifləndirici tədbirlərin keçirilməsi diqqətdə saxlanılacaqdır.

 

            Naxçıvan Muxtar Respublikası

     Ədliyyə Nazirliyinin mətbuat xidməti