date saat
İyunun 30-da Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyində bələdiyyələrin fəaliyyətinə inzibati nəzarətin təşkili və onlara metodiki köməklik göstərilməsi sahəsində görülən işlərə dair xidməti müşavirə keçirilmişdir. Müşavirədə bu sahə üzrə nazirliyin əməkdaşlarından ibarət yaradılmış komissiyanın üzvlərinin iştirakı ilə may-iyun ayları ərzində görülən işlər təhlil edilmişdir.
Müşavirəni giriş sözü ilə Ədliyyə naziri baş ədliyyə müşaviri Daşqın Rəhimov açaraq bildirmişdir ki, 24 fevral 2020-ci il tarixdə keçirilmiş altıncı çağırış Naxçıvan Muxtar Respublikası Ali Məclisinin birinci sessiyasında nazirliyin qarşısına qoyulan mühüm vəzifələrdən biri də bələdiyyələrin fəaliyyətinə inzibati nəzarətin düzgün təşkil olunmasıdır. Qeyd olunub ki, 2020-ci ilin may ayından başlayaraq nazirliyin əməkdaşlarından ibarət yaradılmış komissiya üzvləri muxtar respublikanın bütün şəhər və rayonlarında fəaliyyət göstərən bələdiyyələrin kargüzarlıq sənədlərinə baxış keçirmişdir. Bələdiyyələrdə çatışmayan jurnal və qovluqlar təmin edilmiş, işlənilmə qaydaları izah olunmuşdur. Keçirilən görüşlərdə yeni formalaşan bələdiyyə sədrlərinə və üzvlərinə qanunvericiliyin tələbləri izah edilmiş, yol verilmiş nöqsanların və çatışmazlıqların aradan qaldırılması yolları göstərilmiş və onların təkrar edilməməsi tövsiyə edilmişdir.
Məruzə ətrafında nazirliyin Qanunvericilik bölməsinin rəisi ədliyyə müşaviri Ayaz Məhərrəmov, Bələdiyyələrlə iş mərkəzinin rəisi vəzifəsini müvəqqəti icra edən baş ədliyyə müşaviri Səttar Zamanov, komissiyanın digər üzvləri bu sahədə görülən işlər barədə çıxış etmişlər.
Nazir sessiyadan irəli gələn tapşırıqları əməkdaşların diqqətinə çatdıraraq bildirdi ki, bu gün muxtar respublikada bütün bələdiyyələr üçün yaxşı iş şəraiti yaradılıb, yeni inzibati mərkəzlərdə bələdiyyələr üçün xidməti otaqlar ayrılıb, lazımi təhcizatlarla təmin edilib. Bunun müqabilində də bələdiyyələr işlərinə məsuliyyətlə yanaşmalı, vaxtında kargüzarlıq sənədlərini işləməli, qəbul edilən bələdiyyə qərarlarında qanunvericiliyin tələbləri gözlənilməlidir. Bunun üçün də nazirliyin Bələdiyyələrlə iş mərkəzi də bələdiyyə qurumları ilə işlərini düzgün qurmalı, inzibati nəzarətin həyata keçirilməsinə diqqəti daha da artırmalı, hüquqi maarifləndirmə tədbirləri bundan sonra da nəzarətdə saxlanılmalıdır. Mərkəzdə hüquqi mövzularda hazırlanaraq bələdiyyələrə göndərilən tövsiyə məktublarının göndərilməsi davam etdirilməlidir. Nazirliyin əməkdaşlarından ibarət yaradılmış komissiya fəaliyyətini davam etdirməli, bələdiyyə orqanları ilə əlaqəli şəkildə işləyərək onlara metodiloji yardımın göstərilməsi təmin edilməlidir. Digər adiyyəti dövlət orqanları ilə birgə maarifləndirici tədbirlərin keçirilməsi təşkil edilməlidir.
Sonda nazir müşavirəyə yekun vuraraq bildirdi ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin verdiyi tapşırıqların icrasını bütün səy və bacarığımızla həyata keçiriləcək, bələdiyyə fəaliyyəti ilə bağlı qarşıya qoyulan vəzifələrin icrası təmin olunacaqdır.
Naxçıvan Muxtar Respublikası
Ədliyyə Nazirliyinin mətbuat xidməti