date saat
Ədliyyə fəaliyyətinin əsas istiqamətlərindən biri olan məhkəmə ekspertizası işinin təşkili nazirliyin diqqətində saxlanılır. Ekspertiza sahəsi cinayətkarlıqla mübarizədə və ədalət mühakiməsinin həyata keçirilməsində hüquq-mühafizə orqanlarına yaxından kömək edir. Ekspertizaların tam, dolğun şəkildə tədqiqi üçün savadlı və gənc ekspertlərin olması vacib amillərdən biridir. Muxtar respublika rəhbərliyi tərəfindən ədliyyə sisteminin inkişafına göstərilən diqqət və qayğı ekspertiza sahəsini də əhatə etmişdir. Görülən tədbirlər çərçivəsində Məhkəmə Ekspertizası Mərkəzinin fəaliyyəti təkmilləşdirilib, maddi-texniki bazası daha da möhkəmləndirilib, kadr potensialı yüksəldilmişdir.
Mərkəzdə aparılan ekspertiza işlərinin həcmi nəzərə alınmaqla kadr potensialının yaxşılaşdırılması nəzarətdə saxlanılır. Ötən il mərkəzin vakant kadr potensialının gənc əməkdaşlarla komplektləşməsi məqsədi ilə keçirilən müsahibədə uğur qazanmış 3 namizəd Ədliyyə Akademiyasında icbari təlim keçdikdən sonra stajor ekspert vəzifəsinə təyinat almışlar. Həmin əməkdaşlar öz ixtisasları üzrə ekspert imza hüququ almaq üçün Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzində müvafiq kursa göndərilmişlər.
Koronavirus pandemiyası ilə əlaqədar həmin əməkdaşlar bu ilin mart ayından muxtar respublikaya qayıdaraq kurs prosesini mərkəzdə davam etdirmişlər. Mövcud şəraitlə əlaqədar olaraq onların Bakı şəhərinə getmələri mümkün olmadığından 25 iyun 2020-ci il tarixdə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin təcrübəli ekspertlərindən ibarət yaradılan imtahan komissiyasının təşkil etdiyi onlayn imtahanda iştirak etmişlər. Onlayn imtahanda hər 3 ekspert müsbət nəticə əldə etmişdir.
Naxçıvan Muxtar Respublikası
Ədliyyə Nazirliyinin mətbuat xidməti