date saat
Naxçıvan Muxtar Respublikası Ədliyyə Naziriyinin təşkilatçılığı ilə muxtar respublikanın birinci instansiya məhkəmələrinin əməkdaşlarının iştirakı ilə onlayn seminar keçirilmişdir. Seminarı nazirliyin Təşkilat –nəzarət şöbəsinin rəisi baş ədliyyə müşaviri Səttar Zamanov açaraq qeyd etmişdir ki, “Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikası Qanunu ilə müəyyən olunmuş qaydada hər yarım ildə bir dəfədən az olmayaraq məhkəmələr tərəfindən statistik hesabatlar tərtib edilir. Mövcud sahədə olan yenilikləri və bilikləri təkmilləşdirmək məqsədilə hər hesabat dövrünün sonunda nazirlik tərəfindən bu sahədə seminarlar təşkil olunur. Məhkəmə statistikası hesabat dövrü ərzində məhkəmələrin icraatında olan işlərin ümumiləşdirilməsinin aparılması, təhlil edilməsi və onların təsnifatının müəyyənləşdirilməsi nəzərdə tutulur.
2020-ci ilin birinci yarımilinin başa çatması, məhkəmə fəaliyyətinə dair statistik hesabatların tərtib edilməsi məqsədilə keçirilən onlayn seminarda məhkəmə fəaliyyətinə dair statistik hesabat formaları barədə ətraflı məlumat verilib. Qeyd olunub ki, məhkəmə fəaliyyətinə dair statistik hesabatlar ildə iki dəfə birinci və ikinci yarımilin sonunda tərtib edilir. Məhkəmə fəaliyyətinə dair statistik hesabat formalarının işlənilməsi diqqətdə saxlanılır, bununla bağlı tədbirlər görülür və yeniliklər qanunvericiliyin tələblərinə uyğunlaşdırılır. Bütün məhkəmələr əvvəlcədən müvafiq statistik hesabat formaları ilə təmin olunmuşlar. Seminarda nazirliyin əməkdaşları tərəfindən məhkəmə işçilərinə statistik hesabatların işlənməsi qaydaları izah edilmiş, lazımi tövsiyələr verilmişdir.
Sonda mövzu ətrafında geniş müzakirələr aparılmış, seminar iştirakçılarını maraqlandıran suallar cavablandırılmışdır.
Naxçıvan Muxtar Respublikası
Ədliyyə Nazirliyinin mətbuat xidməti